azia.az
azia.az

Son 3 ayda Sumqayıtda hansı işlər görülüb? – HESABAT

15-04-2016, 10:31

Son 3 ayda Sumqayıtda hansı işlər görülüb? – HESABAT Aprelin 14-də Sumqayıt şəhərində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirmişdir ki, son günlər erməni işğalçılarının təmas xəttində yerləşən mövqelərimizə təxribatçı hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb, hərbçilərimiz düşmənə layiqli cavab vermişdir.
Növbəti erməni təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi dinlənilmişdir.
Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 82,0 faiz artıb
Hesabat məruzəsində bildirilib ki, şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 244,5 milyon manat və ya 144,8 faiz təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,6 milyon manat və ya 44,8 faiz çox məhsul istehsal olunmuş və xidmət göstərilmişdir.
Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 82,0 faiz artaraq 173,8 milyon manat olmuşdur. Ümumdaxili məhsulun tərkibində qeyri dövlət sektorunun payı isə 85,0 faizdən çox təşkil etmişdir.
Ayrı-ayrı sənaye sahələri üzrə məhsul istehsalı: kimya sənayesi üzrə -121,6 faiz ; yüngül sənaye – 125,0 faiz ; yeyinti sənayesi – 24,6 dəfə ; digər sahələr üzrə-4,8 dəfə ; energetika üzrə – 93,0 faiz olmuşdur.
İlin əvvəlində şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 9,0 milyon manat vəsait yönəldilmişdir. Kapital qoyuluşu əsasən inşaat işləri davam etdirilməkdə olan yeni sənaye sahələri tərəfindən cəlb edilmişdir.
Əhalinin real pul gəlirlərini əks etdirən göstəricilərdən biri olan pərakəndə əmtəə dövriyyəsi pullu və rabitə xidmətləri müvafiq olaraq 113,9 faiz ; 106,2 faiz və 142,8 faiz icra olunmuş, sakinlərə 186 milyon manatlıq mal-material satılmış, 57 milyon manatlıq xidmət göstərilmişdir.
1933 yeni iş yeri açılıb
Həyata keçirilən tədbirlər nəticəsində 1933 yeni iş yerləri açılmlşdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çox olmuşdur.
Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmişdir. Mərkəzə 7300 nəfər iş axtaran müraciət etmiş, onlardan 1933 nəfəri işlə təmin olunmuşdur. 371 nəfərə işsizlik statusu verilməklə müavinat təyin edilmişdir. Ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 931 yeni ictimai iş yerləri açılmışdır.
16 bənddən ibarət tədbirlər mərhələ-mərhələ həyata keçirilir. Son 3 ayda Sumqayıtda hansı işlər görülüb? – HESABATSon 3 ayda Sumqayıtda hansı işlər görülüb? – HESABAT
Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Sumqayıt şəhəri üzrə nəzərdə tutulan 16 bənddən ibarət tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi sayəsində bir çox infrastruktur layihələrin icrası davam etdirilir.
Yerlərdə sahibkarlığın inkişaf etdirilməsi sahəsində ölkə rəhbərinin qarşıya qoyduğu tapşırıq və tövsiyələrin yerinə yetirilməsi istiqamətində sahibkarların işlərinə müdaxilə edilməsi, lüzumsuz yoxlamaların keçirilməsi tamamilə dayandırılmış, onların fəaliyyəti üçün tam şərait yaradılmış və iqtisadi şəffaflıq təmin olunmuşdur.
Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yerlərdə yeni iş yerlərinin, istehsal sahələrinin ixracyönümlü istehsalın yaradılması yerli İcra hakimiyyətlərinin qarşısına bir vəzifə olaraq qoyulmuşdur. Ölkə rəhbərinin Sumqayıta göstərdiyi diqqət və qayğının nəticəsində son vaxtlar aparılan abadlıq və quruculuq işlərinin həcminin genişləndirilməsi şəhərə olan marağı artırmışdır. İş adamları tərəfindən böyük layihələrin həyata keçirilməsi üçün təkliflər irəli sürülür ki, bu layihələrin həyata keçirilməsi şəhər əhalisinin işlə təmin olunmasında böyük köməyi olacaq.
Sosial yardıma ehtiyacı olan insanlar diqqət mərkəzində: 848 ailəyə ünvanlı sosial yardım təyin edilib
Hesabat dövründə sosial müdafiəyə ehtiyacı olan əhalinin maddi rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində sosial məsələlərə dair qəbul edilmiş Proqramların icrasına xüsusi diqqət verilir. Sosial yardıma ehtiyacı olan insanların müəyyən edilərək onlara yardım verilməsi, müavinatların vaxtında şəffaf şəkildə ödənilməsi üçün müəyyən işlər görülmüşdür. Ötən dövrdə 3297 nəfər ailə üzvü olan 848 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.
2016-cı ilin birinci rübündə şəhərdə abadlıq, quruculuq , yaşıllaşdırma sahəsində ardıcıl genişmiqyaslı işlər görülmüşdür.
Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları da yüksək zövqlə üzlənib. Heydər Əliyev Mərkəzində, Şahmat və Musiqi Məktəbində son tamamlanma işləri aparılır, Sumqayıt Dövlət Dram Teatrı əsaslı şəkildə təmir olunur. Rüb ərzində şəhərdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində kompleks tədbirlər davam etdirilib.
Yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilmiş, Koroğlu küçəsində 4525 paqonmetr bardür düzülüb. Sülh küçəsi boyunca “Göyərçin” abidəsinə doğru ümumi uzunluğu 4 kilometr, eni 14 metr olan ikitərəfli yolda 3791 paqonmetr qranit səki daşı qoyulub, yolda tikinti işləri yekunlaşmaq üzrədir.
81 binanın dam örtüyünün yenidən qurulması işləri başa çatdırılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sumqayıt və sumqayıtlılara onların problemlərinin həll olunmasında daim dəstək olmuşdur. İlin əvvəlində şəhərdə 100 binanın dam örtüyünün təmir olunmasına vəsait ayrılması üçün sərancam imzalamışdır. Şəhərin 17-ci və 18-ci mikrorayonlarında artıq 81 binanın dam örtüyünün yenidən qurulması işləri başa çatdırılmışdır. Bu sahədə işlər sürətlə davam etdirilir.
Elə həmin sərəncamla Sumqayıt şəhərində çoxmərtəbəli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait ayrılması növbəti dəfə onun sumqayıtlılara olan diqqət və qayğısından xəbər verir. Artıq 140 ədəd yeni lift quraşdırılmışdır. Ayrılmış vəsait hesabına 60 ədəd lift yenisi ilə əvəz olunur və bu sahədə əhalinin problemləri tam həll olunacaqdır.
Şəhər ərazisində bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi istiqamətində Təmizlik Departamenti tərəfindən müəyyən işlər görülmüş, daşınma qrafiki uyğunlaşdırılmış, əraziyə 350 yeni konteyner qoyulmuş, 400-ə qədər konteyner təmir olunmuş, 320,0 min kub metr tullantı daşınmışdır.
Qazanxanaların təmiri, yenidən qurulması, modernləşdirilməsi və yenilərinin tikintisi, məhəllədaxili və binadaxili istilik təchizatı sistemlərinin əsaslı təmiri və bərpası üzrə işlər davam etdirilmişdir. Mövsüm ərzində 6 modul, 17 mərkəzləşdirilmiş qazanxana vasitəsilə 250 bina, 30 orta məktəb, 16 uşaq baxçası, 17 səhiyyə obyekti, 21 digər inzibati binalar istiliklə təmin olunmuşdur.
Rabitə xidmətləri üzrə tarif gəlir proqnozu bütövlükdə yerinə yetirilmiş, abonentlərin sayı 94 ədəd artırılaraq ümumi tutum 60263 ədədə, internet istifadəçilərinin sayı 621 ədəd artırılaraq 10791 istifadəçiyə çatdırılmışdır.
Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib
Şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər görülmüş, nizam-intizam gücləndirilmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi işi davam etdirilmiş, 18 saylı tam orta məktəbin əsaslı təmiri başa çatdırılmış, 7 saylı tam orta məktəbin, G. Əsədov adına ümumtəhsil internat məktəbin, 6 və 66 saylı uşaq baxçalarının əsaslı təmiri işləri davam etdirilmişdir.
Sumqayıt şəhər əhalisinə göstərilən tibbi xidmət işinin bütün sahələr üzrə yaxşılaşdırılması, xəstəliklərin profilaktikası, əhaliyə, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, əlilliyin azaldılması sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.
Tibbi müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması, inzibati binaların və həyətyanı sahələrdə abadlaşdırma işlərinin aparılması sahəsində tədbirlər görülmüş və hazırda bu işlər davam etdirilir.
Onkoloji xəstəxana, 1 №-li polinklinka və 1 №-li Doğum evində əsaslı təmir işləri aparılır.
2016-cı ilin birinci rübündə şəhər İcra hakimiyyəti başçısı aparatına 1304 vətəndaş müraciəti daxil olmuşdur. Daxil olmuş müraciətlərin 41,7 faizi müsbət, 19,8 faizi qismən həll edilmiş, 11,2 faizi əsassız sayılmış və qalanlarına isə müvafiq izahat verilmişdir. Ötən dövr ərzində şəhər İcra hakimiyyəti başçısı tərəfindən 138, onun müavinləri tərəfindən 354 nəfər vətəndaş qəbul edilmişdir.
Hesabat yığıncağında qeyd olunub ki, Sumqayıt mühüm bir mərhələni, quruculuq və yeniləşmə mərhələsini yaşamaqdadır. Bu mərhələni fərqləndirən əsas amil görülən işlərin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanılmasıdır. Görüləcək işlər çoxdur və tutduğu vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hamı bir nəfər kimi Sumqayıtın yeni standartlara çıxması, gözəl şəhərlərindən birinə çevrilməsi işlərində yaxından iştirak etməli, cənab Prezident İlham Əliyevin Sumqayıt və onun zəhmətkeş insanlarına olan böyük inamını şərəflə doğrultmalıyıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi