azia.az
azia.az

Dövlət aliment probleminə əl qoyur - ARAŞDIRMA

7-05-2016, 17:45

Dövlət aliment probleminə əl qoyur - ARAŞDIRMA "Təəssüf doğuran haldır ki, Azərbaycanda nikahın pozulmasının statistikası artır. Hazırda qüvvədə olan qanunvericiliyə görə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalmasını müəyyən etməlidir. Təklif olunan dəyişikliyə görə isə bundan sonra məhkəmə həm də uşaq həmin valideynin yanında deyilsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməlidir". Bunu APA TV-yə açıqlamasında Ali Məhkəmənin hakimi Vəfaddin İbayev deyib.

"Son 15-20 il ərzində Azərbaycanda nikahların pozulması ilə bağlı ənənə bir qədər ailənin möhkəmliyi xüsusiyyətlərinə cavab vermir. Yəni cəmiyyətdə get-gedə nikahların pozulması halları artır ki, bu da istər-istəməz məhkəmə mübahisələrinə gətirib çıxarır" - deyən hakim bildirib ki, nikahın pozulması təkcə ər-arvad arasında münasibətlərə deyil, eləcə də cəmiyyətdə, hətta dövlətdə bəzi məsələlərə öz təsirini göstərir. Onun sözlərinə görə, ilkin olaraq uşaqların taleyində müəyyən problemlər yaşanır: “Misal olaraq aliment məsələlərində fikir ayrılıqları ortaya çıxır. Sovetlər dövründə alimentlərlə bağlı məhkəmə qətnamələrinin dərhal icraya yönəldilməsini nəzərdə tutan norma vardı. Ancaq son illərə kimi alimentlə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da haradasa ən azı 6-7 ay çəkirdi. Bu müddətdə də uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı və bundan da ilk növbədə uşaqlar əziyyət çəkməli olurdu. Ona görə Ali Məhkəmənin Plenumu belə bir təkliflə çıxış etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Yəni bundan sonra tərəflər yenidən yuxarı instansiya məhkəmələrinə müraciət edə bilərlər".

Vəfaddin İbayev qeyd edib ki, məhkəmələr boşanma zamanı tərəflərin hər ikisinin iştirakının təmin olunmasına zəmin yaratmalıdır: "Əsas diqqət olunmalı məsələ nikah pozularkən uşaqların üstün mənafeyinin təmin olunmasıdır. Yəni valideynlərin arzusundan asılı olmayaraq uşağın kimin yanında qalması, alimentin miqdarının müəyyən edilməsi hallarında əsas uşaqların bütün mənafeyinə diqqət yetirilməsi vacib götürüləcək".

Hakimin sözlərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulub: "Ailə Məcəlləsinə edilən dəyişikliklərdən biri boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlıdır. Məcəlləyə təklif edilən digər dəyişikliyə görə, məhkəmənin qətnaməsi qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Digər dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasının dövlət qeydiyyatını aparır. Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi