azia.az
azia.az

İdlib əməliyyatı başlayır?

3-05-2019, 08:12

İdlib əməliyyatı başlayır?
Suriya ordusu müxaliflərin “son qalasına” hücuma hazırlaşır, İdlibin Dəməşqin nəzarətinə keçməsi Suriya münaqişəsinin son halqası ola bilər
Suriya ordusu İdlib vilayətinin cənubu və Hama vilayətinin şimalına (iki vilayət həmsərhəddir – K.R.) əlavə hərbi qüvvə toplayır. Bu barədə yerli “Əl-Vatan” qəzeti yazıb. Qəzetə bu barədə açıqlama verən Suriya ordusunun təmsilçisi Hamanın şümalında silahlıların yaşayış məntəqələrini raket atəşinə tutduğunu və bir nəfərin yaralandığını bildirib. Buna cavab olaraq bu həftənin çərşənbə axşamı günü Suriya ordusu bölgədəki müxalif silahlıları artilleriya və aviasiya ilə bombalayıb. Bu əməliyyat və bölgəyə əlavə qüvvə göndərilməsinin səbəbi məhz İdlibdən silahlıların Hamanın şimalına sızmağa çalışmasının qarşısını almaqdır.
Yerli mətbuatın məlumatına görə, Suriya ordusunun bölgəyə hərbi qüvvə toplamasının əsas səbəbi İdlib anlaşması ilə yaradılan silahsızlaşdırılmış bölgədə genişmiqyaslı əməliyyatın başlamasıdır. Daha öncə Rusiya və rəsmi Dəməşq bəyan edib ki, İdlibdəki silahlılar bölgədə növbəti dəfə kimyəvi silahdan istifadə edəcək. Bu isə o deməkdir ki, növbəti kimyəvi silah hücumu Suriya ordusunun İdlibdəki planlaşdırdığı əməliyyatın qarşısını alacaq. Çünki kimyəvi silahdan istifadə edildiyi zaman bir qayda olaraq Suriya hökuməti ittiham olunur, nəticədə beynəlxalq təzyiq artır və Dəməşq geri çəkilməli olur.
İndi isə Bəşər Əsəd hökuməti hücumu qabaqlamağa çalışır. Bu həftə Suriya ordusu İdlibin cənubu və Hamanın şimalında bir sıra əməliyyatlar həyata keçirib. Əsas hədəf isə “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması olub. Rəsmi Dəməşq silahlıları Soçi anlaşmasını pozmaqda ittiham edir. İki gün əvvəl Suriya ordusu Tərmala kəndini Qrad atəşinə tutub, xeyli sayda silahlı və texnika məhv edilib. Dəməşq silahlıların Soçi anlaşmasına (Ötən ilin sentyabrında Ərdoğan və Putin arasında əldə olunmuş İdlibdə silahsız bölgə yaradılması haqqında – K.R.) riayət etmədiyini iddia edir. Ancaq aydın məsələdir ki, Bəşər Əsəd hökuməti və Rusiya İdlib məsələsinin tezliklə həll olunmasını istəyir. “Həll” isə İdlibdə əməliyyatdan, yəni vilayəti Suriya ordusunun nəzarətə götürməsindən keçir. Bunu Dəməşq indi gizlətməyə də ehtiyac duymur. Ötən gün Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad bəyan edib ki, Suriya ordusu ölkənin bütün ərazilərinə nəzarəti ələ keçirəcək.
Miqdad bu açıqlamaları verəndə Hamada Suriya artilleriyası İdlibdəki silahlıların mövqelərini bombalayırdı. Ehtimal ki, qarşıdakı günlərdə ordu daha da irəli gedəcək. Ancaq İdlibdə əməliyyat elə də asan olmayacaq. Çünki bölgədə Türkiyənin atəşkəsə nəzarət qüvvələri var. Üstəlik son 3 ildə Suriyanın müxtəlif bölgələrindən çıxarılan silahlılar İdlibə yerləşdiyi üçün burada həm əhali, həm də silahlı qrupların sayı həddən artıq çoxdur. Suriya ordusu hələlik atəşkəsin pozulmasını əsas gətirərək müxaliflərin mövqelərini bombalayır və silahsızlaşdırılmış bölgədə əməliyyat keçirəcəyini bildirir. Amma siyasi bəyanatlar hökumətin İdlibi bütövlükdə almağa hazırlaşdığını təsdiq edir. Bu isə o deməkdir ki, əməliyyat başlasa, tezliklə bütün vilayəti əhatə edəcək. Bu, həm də Moskva və Ankara xəttində fikir ayrılığıan səbəb ola bilər. Çünki Ankara İdlibdəki 3 milyondan çox əhalinin əməliyyatlar zamanı Türkiyəyə qaçmasından narahatdır. Üstəlik vilayətin tamamilə Suriyanın nəzarətinə keçməsini istəmir. Ən azı indiki mərhələdə.
Ancaq Dəməşq və Rusiyanın koordinasiyalı fəaliyyəti onu göstərir ki, Moskva bu məsələdə Türkiyə hakimiyyətini fakt qarşısında qoymağa çalışacaq. İdlibin ələ keçirilməsindən sonra isə Suriyada yeganə siyasi-hərbi müxalifət (kürdlər istisna olmaqla – K.R.) Türkiyənin nəzarətindəki qüvvələr olacaq. Bu da bu il başlayan siyasi həll prosesində yeni mərhələ olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi