azia.az
azia.az

Xəstəxanaların əməkhaqqı fondundan istifadə məsələsinə yenidən baxmaq təklif edilir

14-04-2016, 10:14

Xəstəxanaların əməkhaqqı fondundan istifadə məsələsinə yenidən baxmaq təklif edilir Hesablama Palatası Nazirlər Kabinetinə səhiyyə müəssisələrində mövcud ştat vahidlərindən, həmçinin ayrılmış əməkhaqqı fondundan səmərəli istifadə edilməsi məqsədilə büdcə ilində çarpayı günlərinin icrasından asılı olaraq vakant ştatların əlavə yük kimi işçilərə həvalə olunması, əməkhaqqı fondundan istifadə məsələsinə yenidən baxılmasını təklif edib.
Bu barədə Hesablama Palatasının Nazirlər Kabinetinə təqdim etdiyi təkliflərdə bildirilir.
Təkliflərdə qeyd olunur ki, audit tədbirləri ilə səhiyyə müəssisələrində çoxlu sayda vakant ştatların olduğu müəyyən
edilib. Bununla yanaşı, həmin səhiyyə müəssisələrində çarpayı günlərinin icra göstəricilərinin 35,6%-80,6% arasında olmasına, eləcə də stasionarlarda iş yükünün azalmasına baxmayaraq, vakant ştatların tibb heyəti arasında bölüşdürülməsi hallarına yol verilir.
Belə ki, çarpayı günlərinin icrası Bərdə Mərkəzi Rayon Xəstəxanasında 2011-ci ildə 67,0%, 2012-ci ildə 55,8%, 2013-cü ildə 52,1% olduğu halda vakant olan 30 ştat vahidi, Göygöl Mərkəzi Rayon Xəstəxanasında 2012-ci ildə 80,3%, 2013-cü ildə 78,2%, 2014-cü ildə 79,3% olduğu halda vakant olan 70,0 ştat vahidi, Quba Mərkəzi Rayon Xəstəxanasında 2012-ci ildə 63,3%, 2013-ci ildə 64,5%, 2014-cü ildə 55,2% olduğu halda vakant olan 168,0 ştat vahidi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2012-ci ildə 36,6%, 2013-cü ildə 35,6%, 2014-cü ildə 35,6% olduğu halda vakant olan 16,0 ştat vahidi, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 2013-cü ildə 49,9%, 2014-cü ildə 80,6% olduğu halda vakant olan 52,5 ştat vahidi, Qazax Mərkəzi Rayon Xəstəxanasında 2012-ci ildə 79,7%, 2013-cü ildə 74,7%, 2014-cü ildə 74,9% olduğu halda vakant olan 39,0 ştat vahidi, Zaqatala Mərkəzi Rayon Xəstəxanasında 2012-ci ildə 61,9%, 2013-cü ildə 69,7%, 2014-cü ildə 67,9% olduğu halda vakant olan 21,0 ştat vahidi, Lənkəran Mərkəzi Rayon Xəstəxanasında 2013-cü ildə 43,2%, 2014-cü ildə 51,6% olduğu halda vakant olan 192,0 ştat vahidi tibb heyəti arasında bölüşdürülüb və vakant ştatlar üçün proqnozlaşdırılmış əməkhaqqı büdcə ilində istifadə edilib.
Hesablama Palatası səhiyyə müəssisələrində mövcud ştat vahidlərindən, həmçinin ayrılmış əməkhaqqı fondundan səmərəli istifadə edilməsi məqsədilə büdcə ilində çarpayı günlərinin icrasından asılı olaraq vakant ştatların əlavə yük kimi işçilərə həvalə olunması məsələsinə, eyni zamanda həmin məqsədlərə nəzərdə tutulmuş əməkhaqqı fondundan istifadə məsələsinə yenidən baxılmasını və bu kimi məsələlərin tənzimlənməsi məqsədilə müvafiq normativ sənədin hazırlanmasını məqsədəmüvafiq hesab edir.
Palata bununla yanaşı, həm də xəstəxanaların maliyyə təminatına ayrılmış büdcə vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədilə xəstəxanalar üzrə çarpayı sayının real tələbata uyğun dəqiqləşdirilməsi, eləcə də bunun əsasında xəstəxanaların fəaliyyətinin müqayisəli təhlili və qiymətləndirilməsi üçün respublika üzrə müvafiq normativ əsasında eyni sayda çarpayı işləmə gününün müəyyənləşdirilməsini təklif edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi