azia.az
azia.az

Nazirliyin xəbərdarlıq etdiyi “koksaki” virusundan necə qorunaq?

20-12-2019, 12:03


Virusla bağlı təşviş doğuracaq vəziyyət yoxdur, amma...
Məlum olduğu kimi, bugünlərdə Səhiyyə Nazirliyi ölkədə “koksaki” virusunun yayıldığını təsdiq etdi. Nazirlikdən bildirilib ki, Azərbaycanda “koksaki” virusuna yoluxma halları var, artıq bəzi şəxslərə koksaki diaqnozu qoyulub.
Nazirliyin xəbərdarlıq etdiyi “koksaki” virusundan necə qorunaq?
Qeyd edək ki, bir müddətdir ki, valideynlər məktəbəqədər və məktəb yaşlı uşaqların arasında viruslu xəstəliyin yayılmasından şikayət edirdi. Xəstəlik əsasən ishal, qusma, bədəndə səpki simptomları ilə müşahidə olunur. Həkimlər qeyd edir ki, bu virusa əsasən azyaşlı uşaqlar, immuniteti zəif olan insanlar yoluxur.

Bəs “koksaki” virusu nədir? Uşaqları və özümüzü bu virusdan necə qoruyaq? Virus ağır fəsadlara səbəb ola bilirmi?

İlk öncə qeyd edək ki, hüceyrədaxili parazit sayılan “koksaki” virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Xəstəliyin əvvəlində “koksaki” virusu burun və ağız boşluqlarının selikli qişasında toplanır, lakin bu zaman virusun aktiv çoxalması insanın bağırsaq boşluğunda yer alır, bu da virusun fekal-oral yolla yayılmasına səbəb olur. Makroorqanizmin yoluxması bilavasitə qida və ya içki məhsullarının düzgün olmayan qaydada istifadəsi zamanı baş verir.

Bu virusa məktəbəqədər və məktəb yaşlı uşaqlar daha çox yoluxurlar.

Vaqif Qarayev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı həkim Vaqif Qarayev “Yeni Müsavat”a danışıb: “Sözün düzü, həmin virusla bağlı bu qədər ajiotajın yaranma səbəbini bilmirəm. Qeyd edim ki, bu virusun tipləri müxtəlif olduğundan gedişatında da müxtəliflik var. Bütün virus xəstəliklərində olduğu kimi bu virusun da ümumi əlamətləri qusma, ishal, baş ağrısı, yorğunluq, boğaz ağrısı olur. Başqa tipinə məxsus əlamətlər isə dəridə səpkilər, mədə-bağırsaq pozuntularıdır. Bu virusun yoluxuculuq qabiliyyəti həddən artıq yüksəkdir. Məsələn, bağçada, məktəbdə bir nəfərdə olması yetərlidir ki, digərləri də tez bir zamanda yoluxsun”.

Həkim qeyd etdi ki, virusa müdaxilə olmadıqda fəsadları ağır ola bilir: “Ən ağır halda baş-beyini zədələyə bilir. Bu aiddir körpə uşaqlara, immuniteti zəif olan insanlara. Buna görə də 3 yaşına qədər uşaqlar xəstələndikdə, qızdırmanın ilk siqnalından həkimə müraciət etmək lazımdır. Bunun üçün ciddi müalicə də lazım deyil. Müalicə sırf sxematik olur, əsasən qızdırma salıcılardan istifadə olunur, çoxlu maye, meyvə-tərəvəz qəbulu tövsiyə edilir.

Antibiotik qəbulu qətiyyən qadağandır. Bir daha qeyd edirəm ki, körpə uşaqlara görə mütləq həkimə müraciət olunmalıdır. Çünki dəridə səpki digər xəstəliyin də əlaməti ola bilər. Bunu dəqiqləşdirmək üçün həkim müayinəsindən keçmək vacibdir. Xəstə uşaq bağçaya, məktəbə getməməli, ev şəraitində qulluq olunmalıdır. Əgər uşaq xəstə vəziyyətində məktəbə getsə, həm özü gec sağalacaq, həm də ətrafındakıları yoluxduracaq.

Amma deyə bilərəm ki, virusla bağlı təşviş, panika doğuracaq vəziyyət yoxdur. Yəni epidemiya halı görmürəm".

Xalidə GƏRAY,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi