azia.az
azia.az

SOS: Qadınlara qarşı cinayətlər durmadan artır

26-10-2016, 09:25

SOS: Qadınlara qarşı cinayətlər durmadan artırMehriban Zeynalova: “Nə qədər susacağıqsa, bu hadisələr o qədər də adiləşəcək”

Novella Cəfəroğlu: “Qadına qarşı zorakılıq etmiş, onu öldürmüş bir kişini həbs etməklə iş qurtarmır”

Əhməd Qəşəmoğlu: “İstər qadınlar, istərsə də kişilər arasında dəyərlər sürətlə dəyişir”

Son vaxtlar Azərbaycanda qadınlara qarşı cinayətlər - onların öldürülməsi, döyülməsi, şikəst edilməsi halları artıb. Ötən bir həftənin kriminal statistikasına diqqət etsək, bunun şahidi ola bilərik. Ən pisi isə budur ki, cəmiyyətdə bu cür faciələrə qarşı reaksiya hiss olunmur.

Qonşu Türkiyədə qadına qarşı zorakılıq baş verən zaman bütün cəmiyyət, televiziyalar ayağa qalxır və bu hadisəni ictimai qınaq obyektinə çevirirlər. Hətta qadın zorakılığına qarşı kiçik aksiyalar, piketlər də keçirilir. Amma Azərbaycanda bu kimi hallar yox dərəcəsindədir. Ailə, qadın problemləri ilə məşğul olan qurumlar, əksər qeyri-hökumət təşkilatları (QHT) belə bu məsələlərə biganə yanaşır. Bəs bu biganəliyin qarşısını almaq, qadınlara qarşı zorakılığı durdurmaq üçün hansı işlər görülməlidir?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu kimi hadisələrin qarşısını almaq üçün təcili tədbirlərin görülməsinin vacib olduğunu dedi: “Mən bununla bağlı sosial şəbəkədə də, mətbuatda da fikirlərimi bölüşürəm. Hətta bu yaxında bir yazı da yazdım. Qadına qarşı şiddətə görə birinci ledi Mehriban xanım Əliyevaya da müraciətlərim olub. Bununla bağlı düşünürdük ki, dövlət qurumu olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bir rəyi, fikri olmalıdır.

Nədənsə QHT-lər də bu məsələlərdə aktiv deyillər. İctimai fəal xanımlar bu məsələyə daha çox reaksiya verir, nəinki qeyri-hökumət təşkilatları. Bu cür faciələrə adi bir hadisə, sıradan bir olay kimi baxırlar. Bu münasibətin nədən qaynaqlandığını bilmirəm. Bəlkə də o təşkilat rəhbərlərinin özləri qadınları günahkar sayır. Çünki ictimai rəylərdə öldürülən qadınlar haqqında çox pis rəy formalaşıb. Ona görə də ola bilsin ki, özlərini sığortalamaq, fərqli göstərmək və yaxud da ki, ümumiyyətlə, özlərini hadisələrlə bağlı kifayət qədər məlumatlı göstərmirlər. Amma nə olmasına baxmayaraq hansısa qadının öldürülməsi sıradan bir hadisə deyil və bu, cəmiyyətdə öz izini qoyur.

Bu izlər də cəmiyyətdə aqressiyanın, cinayətlərin adi hala çevrilməsinə səbəb olur. Nə qədər susacağıqsa, bu hadisələr o qədər də adiləşəcək. Əgər əvvəllər həftədə iki dəfə olurdusa, indi həftədə 5 dəfə qadın ölümləri başlayacaq. Ona görə də hansısa formada bu məsələyə münasibət bildirmək və diqqəti cəlb etmək vacibdir. Bu kimi hadisələrin qarşısını almaq üçün mütləq tədbirlər görülməlidir. Mən öz tərəfimdən qadın təşkilatı olaraq hər bir qadının həyatı ilə bağlı mətbuatda da, sosial şəbəkələrdə fikrilərimi bildirirəm. Ancaq bu məsələdə dəstək çox azdır. Sosial şəbəkədə aksiya başlamaq olar. Ola bilər ki, şəhərdə hansısa aksiya keçirməyə kimsə cürət etməz. Amma ən azı sosial şəbəkələrdə bununla bağlı bir aksiya başlayaraq əsas qurumların diqqətini cəlb etmək olar”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, bu cür məsələlər ictimailəşsə, qarşısı qismən alına bilər: “Televiziyalar qadına qarşı şiddəti qınaq obyektinə çevirə bilər. Ancaq etmirlər. Bu məsələlərin hamısı televiziyalarda verilməli, kişilərə müraciət edilməlidir. Sözsüz ki, qadını öldürən cəzasını alacaq. Ancaq bu məsələni ictimailəşdirmək lazımdır. Bu məsələyə bələdiyyələr, bəzi icra hakimiyyətləri, polis şöbələri qarışmalı, cavabdeh olmalıdır. Yəni qadına qarşı zorakılıq etmiş, onu öldürmüş bir kişini həbs etməklə iş qurtarmır. Onların cavabdehliyi olsa, bu məsələlər ictimailəşdirilsə, bu cür hadisələrin qarşısını almaq olar. Bundan başqa, qadınlar birləşib zorakılığa qarşı mitinqlər, piketlər edə bilərlər. Amma Azərbaycanda 5 adam bir yerə yığışanda bunun nə cür fəsadları olur, bilirik. Biz Mehriban Zeynalova və digər qadın təşkilatları ilə görüşdük, bu məsələləri birlikdə çözmək, bəyanatlar vermək haqqında danışdıq. Yığışıb birlikdə nəsə etmək olar. Zorakılıq edən insanlara ictimai qınaq lazımdır”.

Sosioloq Əhməd Qəşəmoğlu bu prosesin hələ ki davam edəcəyini dedi: “Qloballaşmanın sürətlə getdiyi bir vaxtda istər qadınlar, istərsə də kişilər arasında dəyərlər sürətlə dəyişir. Kişilər daha çox adət-ənənələri sanki qoruyub saxlamağa meyllidirlər. Qadınlarda isə istər eşitdikləri informasiyalar, istər sosial şəbəkələr, istərsə də düşdüyü mühitin təsiri altında azadlıq, demokratiya haqqında yalançı təsəvvürlər yaranır və onların davranışlarında sürətli dəyişmələr baş verir. Belə olan halda isə təbii ki, iki tərəf arasında gərginlik yaranır. Təəssüf ki, bu proses hələ davam edəcək. Mən həmişə deyirəm ki, istənilən cəmiyyətdə get-gedə mənəvi dəyərlərə diqqət bəsləməyəndə orada həmişə gərginlik çoxalır. Yəni biz çalışmalıyıq ki, mənəvi dəyərlərə daha çox üstünlük verilsin. Belə olmasa həmin hadisələr daha çox olacaq. Televiziyalarda bu cür məsələlərin az işıqlanması məsələsinə gəlincə isə bunun yaxşı və pis tərəfləri var. Bizim televiziya siyasətimizdə dəyişikliyə ehtiyac var. Televiziya əhaliyə eyni zamanda həm nümunəvi ailələri, həm də belələrini göstərməlidir. Bizim televiziyalar yalnız belələrini göstərəndə insanlar arasında qorxu hissi daha da çoxalır. Bu cür faktların üstünü malalamaq olmaz, göstərmək lazımdır. Amma insanların düşüncəsi elədir ki, onlara bu cür məlumatları birtərəfli ötürmək təhlükəlidir”.

Nəzərə çatdıraq ki, ümumilikdə bu ilin doqquz ayında respublikada qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb. Bunu Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adigözəl Adıgözəlov oktyabrın 25-də “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi”nin açılış mərasimində deyib. Onun sözlərinə görə, hüquqazidd əməllərə görə 2104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Cinayətlərin 13 faizi (4552-dən 591-i) və ya hər səkkizincisi ailə, məişət münaqişəsi zəminində baş verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə az təhsilli və iqtisadi asılılığı olan qadınların daha çox zorakılığa məruz qaldığını bildirib. Komitə sədri əlavə edib ki, hazırda bütün yerli icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb: “Hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadın və uşaqlar olur. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi vacibdir”.

H.Hüseynova qeyd edib ki, dövlətin əsas prioritetlərindən biri qadınların öz hüququnu bilməsi, onların fəallığını artırmaqdır. Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır. Onun fikrincə, erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir.

Komitə sədri məhkəmələrə də çağırış edib: “Qadınlarımız bilir ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Lakin təkcə qanunların qəbul olunması əsas deyil, onların həyata keçirilməsi də vacibdir. Məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və qoşulduğumuz konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxan zaman həmin hüquqi aktlardan istifadə edilməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi