Türkiyədə kişiləri evlilik adı ilə aldadan azərbaycanlılar tutuldu
İki qadın son olaraq 88 yaşlı kişidən 10 min alıb.
Türkiyədə kişiləri evlənmək adı ilə aldadaraq soyan iki azərbaycanlı qadın tutulub. Azərbaycan vətəndaşı olan iki qadın, demək olar ki, cinayət başında yaxalanıblar. Onlar son olaraq Karabükdə evlənmək vədi ilə 88 yaşlı kişiyə qarşı dələduzluq ediblər.
Niyazi Yalçın adlı yaşlı kişi tək qalmamaq üçün ailə qurmaq istəyib. Bu məqsədlə o azərbaycanlı qadınla tanış olub. İki qadın toy hazırlıqları adı ilə ondan 10 min lirə (təqribən 5 min manat) alıblar. Lakin yaşlı kişi daha öncə 55 yaşlı Natalya M. və 43 yaşlı Samirə B. tərəfindən dələduzluğa məruz qalan bir şikayətçini görüb. Onun təqdim etdiyi fotoların tanış olduğu qadınlara bənzədiyini görən şəxs dərhal polisə məlumat verib. Bu hadisədən xəbər tutan qadınlar taksi ilə qaçmağa çalışıblar.
Lakin polis onları yolda saxlaya bilib. Məhkəmə tərəfindən barələrində həbs qətimkan tədbiri seçilən qadınlar həbsxanaya göndəriliblər.
Məhkəmə binasından çıxan qadınlar haqlarındakı iddiaları qəbul etməyiblər. "Övladları ona qarşı dələduzluq edib, bizim üstümüzə atırlar. Başqa şikayətçilər isə bizi bənzədiblər".
Polis tərəfindən aparılan araşdırmada qadınların eyni üsulla Ankara, İzmir, Niğde kimi bir çox regionlarda da yaşlı kişilərə qarşı dələduzluq etdiklərini, şəxsiyyət vəsiqələrinin saxta olduğunu müəyyən edib.