azia.az
azia.az

Azərbaycan filmləri metroda

22-07-2016, 07:14

Azərbaycan filmləri metroda İyulun 15-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Gənclik” stansiyasının keçidlərində QSC-nin təşkilatçılığı və “Lenovo” şirkətinin sponsorluğu ilə “Metro Gallery” layihəsi çərçivəsində Azərbaycan filmlərindəki fotolardan ibarət sərgi açılıb. Metropolitendən Lent.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə keçirilən sərgi 2 Avqust - Azərbaycan Kinematoqrafiyası Gününə həsr olunub.

Sərgidə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, xidmət şöbəsinin rəisi Lalə Babayeva, Mədəniyyət və Turizm Nazirliyinin və film fondunun nümayəndələri, həmçinin tanınmış mədəniyyət nümayəndələri - görkəmli rejissor, xalq artisti Vasif Babayev, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, əməkdar incəsənət xadimi Kənan Məmmədov, tanınmış aktyor, əməkdar artist Şamil Süleymanov iştirak ediblər.

Nəsimi Paşayev çıxında metronun təmirdən çıxmış keçidlərində təşkil edilən bu tipli tədbirlərin “Bakı Metropoliteni” QSC-nin artıq mütəmadi reallaşdırdığı sosial yönümlü proqramlarının tərkib hissəsi olduğunu bildirib: “Metronun paytaxtın kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, məşhur filmlərimizi, rolları ilə ölməzlik qazanmış aktyorlarımızı hər kəsə dərhal xatırladacaq fotoları təqdim etməkdə məqsədimiz mədəniyyətimizə özünəməxsus töhfə verməkdir. Sərgidə 78 filmdən 92 kadrlar və kadrarxası maraqlı fotolar yer alıb. Sərginin təşkil olunmasında Dövlət Film Fondu öz dəstəyini əsirgəməyib”.

Sərgiyə marağın həddən artıq olacağı açılışa toplaşan metro sərnişinlərinin ovqatından da hiss olunurdu. Bu layihə 6 ay davam edəcək.

Qeyd edək ki, bu, keçidləri yeniləşdirilmiş “Gənclik” stansiyasında keçirilən ilk belə aksiya deyil. 2015-ci il iyulun 15-dən burada fotoəsərlərdən ibarət sərginin nümayişi başlanıb. Həmin layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi “İlin fotoqrafı” mükafatlandırma mərasimində, 2015-ci ilin yekunlarına əsasən, “İlin layihəsi” nominasiyasının qalibi elan edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi