azia.az
azia.az

Zibillikdən 600 kiloqram qəpik çıxdı

24-09-2020, 16:34

Zibillikdən 600 kiloqram qəpik çıxdı

Milli valyutamız necə, hansı yollarla məişət tullantılarına qarışıb, bunu müəyyənləşdirmək, əlbəttə qeyri-mümkündür

Əhməd Qəşəmoğlu: "Mən uşaq vaxtından böyüklərdən eşitmişəm ki, yerdə pul görəndə onu götürmək lazımdı. Yəni hətta o pula ehtiyacın yoxdursa belə, onu götürməlisən, çünki əks halda bu, naşükürlük hesab ediləcək, günahdı"



Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan artıq qəpik “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.

Bu barədə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov jurnalistlərə açıqlamasında məlumat verib.



Onun sözlərinə görə, zavod 2012-ci ildə Almaniya texnologiyası ilə inşa edilib. Burada tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir:

"Bu günə kimi, çeşidləmə zamanı tapılmış 1200-dən artıq müxtəlif növ sənəd toplanılaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib.

Maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub".

Məişət tullantıları arasından 600 kiloqramdan artıq qəpik çıxması, Məşədi İbadın hambalını yadımıza saldı - bir abbası (20 qəpik) üçün Məşədinin ayaqları altına uzanan hambalı. Məşədi hambalın bir abbasını filmin sonunadək qaytarmadı, bunu da xatırladaq və keçək mətləbə. 600 kiloqramdan artıq qəpik necə, hansı yollarla məişət tullantılarına qarışıb, bunu müəyyənləşdirmək, əlbəttə qeyri-mümkündür.

Ehtimal edilən budur ki, kimlərsə qəpik pulu lazımsız sayıb, bəlkə kimlərsə nə vaxtsa qəpik pulu əlindən yerə salıb, özünə sığışdırıb əyilib götürməyib. Bəlkə kimsə istəmədən itirib, yol pulusuymuş bəlkə də. Tapmayıb...

Bəlkələr çox, ehtimallar da. Bir həqiqət də, təəssüf ki, acı həqiqət var ki, bəzən biz milli atributlarımıza biganə münasibət bəsləyərik. Bəzən bu biganəlik dövlət himninə, dövlət bayrağına, gerbimizə və bəzən deyil, bir çox hallarda milli valyutamıza qarşı sərgilənir. Pulumuzun pul vahidi kimi dəyərini aşağı hesab edə bilər kimsə, amma milli valyutaya aşağılayıcı nəzərlə baxmaq qəbulolunmazdır.



Sosioloq Əhməd Qəşəmoğlu “Azia.Az”a açıqlamasında milli dəyərlər və dövlət atributlarına hörmət məsələsində maarifləndirmə işlərinin daha da genişləndirilməsinə ehtiyac olduğunu dedi:

- Milli dəyərlərə, dövlət atributlarına hörmət uşaqlara kişik yaşlarından aşılanmalıdır. Bayraq, gerb, himn dövlət atributu olduğu kimi milli valyuta da dövlət atributudur və ona hər kəs sayğı göstərməlidir.



Bu sahədə təbliğat aparılmasına ehtiyac var. 600 kiloqramdan artıq qəpik, bu, böyük məbləğdir. Çox yaxşı haldır ki, ondan xeyriyyə məqsədləri üçün istifadə edilib.

Ümumiyyətlə, Azərbaycan xalqının istər adət-ənənədən, istərsə də islamdan gələn yaxşı bir cəhəti var ki, biz nemətlərə şükranlıqla yanaşırıq. Məsələn, mən uşaq vaxtından böyüklərdən eşitmişəm ki, yerdə pul görəndə onu götürmək lazımdı.

Yəni hətta o pula ehtiyacın yoxdursa belə, onu götürməlisən, çünki əks halda bu, naşükürlük hesab ediləcək, günahdı. Bəlkə də o pula ehtiyacı olan nə qədər insan var, amma Allah onu sənin qarşına çıxarıb.



Sən də onu ehtiyacı olan birinə ver, hansısa ehtiyacını ödəsin. İstər kağız əskinazlar olsun, istər qəpiklər, hər ikisi milli valyutadır. Və onlara hörmət edilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi