azia.az
azia.az

Bakıətrafı qəsəbələrdə dezinfeksiya aparıldığını görən olub?

11-04-2020, 13:46


Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Bakıda magistral yollar, ictimai nəqliyyat, dayanacaqlar və digər məkanlarda dezinfeksiya işlərinin aparılması barədə vaxtaşırı olaraq məlumatlar açıqlanır. Rayon icra hakimiyyətlərinin mənzil kommunal birlikləri, onların tabeliyindəki mənzil istismar sahələri ərazilərindəki yaşayış binalarını dezinfeksiya edir.
Bakıətrafı qəsəbələrdə dezinfeksiya aparıldığını görən olub?
Lakin Bakıətrafı qəsəbələrdə dezinfeksiya işlərinə dair məlumatlara demək olar ki, rast gəlinmir. Belə qəsəbələrdə yaşayanlar da virusun yayılmağa başlamasından bəri məhəllələrində dezinfeksiya aparıldığını görmədiklərini deyirlər. O cümlədən fərdi evlərin həyətlərinin dezinfeksiya edilməsi daha bir problemdir.

Virtualaz.org-a paytaxtın ayrı-ayrı bölgələrindən daxil olan müraciətlər göstərir ki, fərdi yaşayış evlərinin sakinləri dezinfeksiya üçün hara müraciət edəcəklərini bilmirlər. Məsələn, sakinlərdən biri deyib ki, 5 gün əvvəl atası vəfat edib, evinə az da olsa qohumlar gəlib. Ərazi istismar sahəsi dezinfeksiya aparmayıb, özəl şirkətlərin təqdim etdiyi qiymət isə yüksək olub.

İndiyədək xüsusi təhlükəli infeksiyalara yoluxanların yaşadıqları ərazi istisna olmaqla, dezinfeksiya pullu xidmət olub. Bu xidmətdən isə daha çox yaz-yay mövsümündə bağ evlərinin sahibləri və ya təsərrüfatları olanlar yararlanıblar. Bəs koronavirus təhlükəsi yaranandan sonra fərdi evlərin sakinləri dezinfeksiya üçün hara müraciət etməlidirlər?



İcra hakimiyyətləri, yoxsa bələdiyyələr?

“Fərdi yaşayış evlərinin dezinfeksiyaları ilə bələdiyyələr məşğul olmalıdır”, -Bakı Şəhər İcra Hakimiyyətindən belə deyiblər. Bildirilib ki, rayon icra hakimiyyətləri ərazilərindəki yaşayış binalarını dezinfeksiya edir.

Nizami Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildiriblər ki, rayon ərazisində mütəmadi dezinfeksiya işləri aparılır. “Fərdi yaşayış evlərinin dezinfeksiyasını bələdiyyələr həyata keçirir. Amma icra hakimiyyəti də məhəllədaxili yolları, fərdi evləri dezinfeksiya edib. Ola bilər ki, dezinfeksiya bütün evləri əhatə etməsin”,- icradan deyiblər.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildiriblər ki, icra hakimiyyətində operativ qərargah yaradılıb, 1646 nömrəli “qaynar xətt” xidməti 24 saat ərzində sakinlərin müraciətini qəbul edir: “Binəqədi rayonunda demək olar ki, hər gün əraziər dezinfeksiya edilir. Amma təkcə bir bələdiyyənin ərazisində 20 minə yaxın ev var, bütün evlərin dezinfeksiya edilməsi faktiki mümkün deyil. Amma fərdi yaşayış evinin sakini qaynar xəttə müraciət edərək həyətinin, evinin dezinfeksiya olmasını istəyirsə, biz onu bələdiyyə ilə əlaqələndiririk. Bələdiyyə fərdi yaşayış evlərinin dezinfeksiyanı pulsuz həyata keçirir”.



Qeyd edək ki, Binəqədidə təxminən 200 mindən çox fərdi yaşayış evi var.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, sakin müraciət edərsə bələdiyyələr həmin ünvanı pulsuz dezinfeksiya edəcək.

Bakıətrafı qəsəbələrdə dezinfeksiya aparıldığını görən olub?

Bələdiyyə sədri: “Dezinfeksiya işləri aparılarkən şəxsən özüm şəklin çəkmişəm”

Suraxanı rayonu Bülbülə bələdiyyəsinin sədri Ramal Məmmədovun sözlərinə görə, bələdiyyə məhəllədaxili yolları, dayanacaqları, məhəllə marketlərinin ətrafını dezinfeksiya edib. Amma sakinlər müraciət etmədiyi halda kiminsə qapısını döyüb, həyətində, evində dezinfeksiya aparılmayıb. “Məhəllə marketlərinin qarşısına dezinfeksiya xidmətlərilə bağlı bildirişlər yapışdırılıb. Düzü, indiyədək heç bir sakin tərəfindən müraciət olunmayıb. Dərmanımız var, lazım olduqda sanitar-epidemioloji mərkəzdən mütəxəssis çağırırıq, gəlib dezinfeksiya edir”,- R. Məmmədov deyib. Əlavə edib ki, bələdiyyə tərəfindən həyata keçirilən dezinfeksiya işlərinin şəklini şəxsən özü çəkib.



Yeni Suraxanı bələdiyyəsindən isə sualımızı eşidəndən sonra telefonu söndürüblər. Sabunçu bələdiyyəsindən isə deyiblər ki, ərazidə dezinfeksiya işləri aparılır. Əlavə məlumat üçün bələdiyyəyə yaxınlaşmalıyıq.

Kvadratı 35 qəpikdən...

Bakı şəhər Dezinfeksiya İdarəsindən bildiriblər ki, onlar yalnız Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və mərkəzin rayon şöbələri tərəfindən müraciət daxil olduqda dezinfeksiya işləri aparırlar: “Biz yalnız yoluxucu infeksiyalar olduqda dezinfeksiya edirik. Bura müxtəlif infeksiyalar daxildir. Məsələn, bildirirlər ki, filan ərazidə yoluxucu infeksiyalı xəstə olub, həmin ərazini pulsuz dezinfeksiya edirik”.

İnternetdə isə dezinfeksiya xidməti göstərən özəl şirkətlərin sayı kifayət qədərdir. Müşahidələr göstərir ki, onların əksəriyyəti ya yaz-yay aylarında mövsümi xidmət göstərir, ya da koronavirus təhlükəsindən sonra yaradılıb.

Yükdaşıma xidməti göstərən özəl şirkətlərdən biri həm də dezinfeksiya ilə məşğul olur. Xidmətin xanım əməkdaşı deyib ki, məsələn, sahəsi 90 kvadratmetr olan evin dezinfeksiyası 65 manata gəlir. 5 sot həyətini də dezinfeksiya etdirmək istəyirsə vətəndaş daha 160 manat ödəməlidir: “Həyətlərin sahəsi 30, evlərin isə 35 qəpikdən hesablanır. Sahə böyüdükcə qiymət azalır”.



Digər şirkətdən isə bildiriblər ki, onlar evləri 60, həyətyanı sahələri isə 55 qəpikdən dezinfeksiya edirlər. Çünki istifadə etdikləri dərmanlar keyfiyyətlidir, zəhərlənməyə səbəb olmur. “Biz indiyədək bağ evlərini, təsərrüfatları dezinfeksiya etmişik. Hətta meyvə bağlarını da dezinfeksiya etdirənlər olub. İndi koronavirusa görə müraciətlər var. Amma desəm ki, müraciətlər o qədər çoxdur, çatdıra bilmirik yalan olar”,- şirkətin Elşad adlı əməkdaşı deyib.

Alqı-satqı saytlarında da dezinfeksiya xidmətləri göstərən şəxslərin telefonları yerləşdirilib. Lakin dezinfeksiya üçün kimyəvi məhlulların hardan alındığı ilə bağlı suallarımızı cavablandıran olmayıb. Hərçənd ki, Bakı Dezinfeksiya İdarəsinin əməkdaşı dezinfeksiya işlərinin yalnız peşəkarlar tərəfindən, üstəlik keyfiyyətli məhlullarla edilməli olduğunu bildirib. Əks halda zəhərlənmələr mümkündür.

Ü.Xudiyeva

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi