azia.az
azia.az

Ceyhun Məmmədov Ərdəbildə: Tarixi irsimizlə bağlı önəmli mesajlar verdi

Bu gün, 15:57

Milli Məclisin deputatı Ceyhun Məmmədov İranın Ərdəbil şəhərində keçirilən "Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü" və "Ərdəbil Həftəsi" çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib.

Modern.az xəbər verir ki, deputat bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Ceyhun Məmmədov bildirib ki, səfər çərçivəsində nümayəndə heyəti Şeyx Səfiəddin Ərdəbilinin məqbərə kompleksini ziyarət edib və tarixi-memarlıq abidəsinin zəngin irsi ilə yaxından tanış olub. Onun sözlərinə görə, bu kompleks təkcə memarlıq abidəsi deyil, həm də Azərbaycan tarixinin, milli-mənəvi dəyərlərinin və mədəni irsinin mühüm daşıyıcılarından biridir.

Deputat qeyd edib ki, Şeyx Səfiəddin Ərdəbili Azərbaycan tarixində və İslam dünyasında mühüm rol oynamış şəxsiyyətlərdən biridir. O vurğulayıb ki, Şeyx Səfiəddinin əsasını qoyduğu Səfəviyyə təriqəti sonradan Səfəvi dövlətinin yaranmasına ideoloji zəmin formalaşdırıb və bölgənin siyasi, dini və mədəni inkişafına əhəmiyyətli təsir göstərib.

Paylaşımda bildirilib ki, tədbirlər zamanı Şah İsmayıl Xətainin həyatı, dövlətçilik fəaliyyəti və zəngin ədəbi irsi ilə bağlı təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Ceyhun Məmmədov Şah İsmayıl Xətainin həm qüdrətli dövlət xadimi, həm də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu qeyd edərək, onun siyasi və ədəbi irsinin Azərbaycan dövlətçilik ənənələrinin formalaşmasında mühüm yer tutduğunu vurğulayıb.

Deputatın sözlərinə görə, bu cür tədbirlər ortaq tarixin və mədəni irsin daha dərindən öyrənilməsi, elmi əsaslarla araşdırılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. O əlavə edib ki, tarixi yaddaşın qorunması və ortaq irsin yaşadılması hər bir kəsin mənəvi məsuliyyətidir.











OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi