azia.az
azia.az

“Elman Rüstəmov günahkardır”

18-01-2017, 09:16

“Elman Rüstəmov günahkardır”
İqtisadçılar prezidentin bank sektoru ilə bağlı tənqidlərini bölüşür

Dövlət başçısı İlham Əliyev bir neçə gün əvvəl keçirilən Nazirlər Kabinetinin iclasında ölkənin bank sektoru ilə bağlı narahatedici fikir səsləndirib.

Dövlət başçısı iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoruna diqqət çəkərkən, problemi detallaşdırmayıb və burada əsas hədəfə gələcək şəxs olan Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla bağlı hər hansı fikir səslənməyib. Ekspertlər bu nüansı maraqla qarşılayıblar. Həmçinin bildirilir ki, bank sistemindəki problemlərin ciddi səbəbkarının sanki günahsız kimi görünməsi doğru deyil. Ekspertlər musavat.com-a məsələ ətrafında fikirlərini bölüşüblər.

Ekspert Natiq Cəfərli bildirib ki, əslində bank sektoruna dövlət başçısının irad bildirməsi doğru idi: “Beynəlxalq Bankda baş verən proseslər, ”qara bazar"ın yaranmasında, kreditləşmədəki problemlər, kreditdən normal istifadə edə bilməmək və sairə görə bank sistemində çox ciddi təlatümlər oldu. Amma burada bir önəmli məsələ var ki, bank sistemini bütün iqtisadiyyatdan ayrıca bir sektor kimi düşünmək də olmaz. Bank sektoru bir güzgü rolunu da oynayır, iqtisadiyyatda baş verən proseslər bank sektorunda öz əksini tapır. Ona görə də bank sektorunda baş verən problemlərin doğrudan da Azərbaycanda həm manatın məzənnəsində, həm iqtisadi aktivliyin zəifləməsində, həm vətəndaşların külli miqdarda borcunun yaranmasında, geri qayıtmayan kreditlərin idarəolunmaz həddə çatmasında böyük rolu olub. Amma burada nəzarətedici funksiyaya malik olan Mərkəzi Bankdır. Təbii ki, burada bank öz rolunu oynamalı, öz sözünü deməli idi. Bu proseslərə müdaxilə etməli idi. Beynəlxalq Bankda isə baş verənlər Mərkəzi Bankın günahı deyil. Beynəlxalq Bankla bağlı məsələlərdə Maliyyə Nazirliyinin də idaeəetməyə müdaxilə etmə funksiyaları var idi. Bundan da nəyə görə istifadə etmədiyi ən azından, bu günə qədər də bu sual olaraq açıq qalır. Hər iki qurum təbii ki, bank sektorunda olan və prezident tərəfindən haqlı irad bildirilən bu sektorda baş verən proseslərdə öz iştirakını sonuna qədər analiz etməyib. Nə Mərkəzi Bank, nə Maliyyə Nazirliyi bu günə qədər normal şəkildə bir izah verməyib ki, bank sektorunda baş verən proseslərdə onların rolu və yaxud atacağı addımlar nədən ibarət olmalı idi ki, bu addımlar atılmayıb. Nəticədə ümumi bank sektoru indiki çox acınacaqlı bir duruma düşüb".



Ekspert Əkrəm Həsənov da qeyd edib ki, dövlət başçısının ölkə iqtisadiyyatına ən böyük zərbəni bank sektorunun vurması barədə fikirləri başadüşüləndir: “Yəni bank sisteminin də banklar haqqında qanunda anlayışı var. Həmin qanunda deyilir ki, bank sistemi Mərkəzi Bankdan, banklardan və bank olmayan kredit təşkilatlarından ibarətdir. Buna görə də bank sektoru deyəndə, bunların hamısını özündə ehtiva edir. Başda Mərkəzi Bank olmaqla, bütün bank sektorundan söhbət gedir. Çünki o, bir sistemdir və o sistemin başında da Mərkəzi Bank dayanır. Hansısa bir əsas günahı elə bank sisteminin başında olanlar daşıyır. Əsas günah məhz Mərkəzi Bankdadır və şəxsən onun rəhbəri Elman Rüstəmovdadır. Çünki Mərkəzi Bankda bütün əhəmiyyətli qərarları məhz o verib. Bank sisteminin belə ağır vəziyyətdə olmasında Mərkəzi Bankın günahları nədən ibarətdir?

Birinci növbədə pul-kredit siyasətidir, yəni Mərkəzi Bank manatımızı nə iflyasiyadan, nə devalvasiyadan qoruya bilməyib. Halbuki Mərkəzi Bank haqqında qanunda deyilir ki, Mərkəzi Bankın əsas məqsədi qiymətlərin sabitliyidir. Ölkədə isə qiymətlər sabit deyil, artıq üçüncü ildir ki, qiymətlər daim artır. Qiymətlər artırsa, deməli, Mərkəzi Bank özü haqqında qanunda təsdiq edilmiş əsas məqsədin öhdəsindən gəlmir. Mərkəzi Bankın pul siyasəti iflasa uğrayıb. İkinci məsələ bank nəzarətidir. Keçən ilin yalnız üç ayını Mərkəzi Bank bank nəzarətini həyata keçirib. Ondan sonra qalan doqquz ayı artıq nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası edib. Amma aydın məsələdir ki, üç ay formal bir müddətdir. Çünki əslində ötən ilin ilk yarısını nəzarətçi faktiki Mərkəzi Bank olub. Buna görə ötən ilin məsuliyyətinin yarısı Mərkəzi Bankdadır”.

Ekspertin sözlərinə görə, banklara nəzarət çox zəifdir: “Bunun nəticəsində ötən il on bir bank müflis olub. Deməli, Mərkəzi Bank ondan əvvəlki illər ərzində pis nəzarət həyata keçirib ki, bunlar gəlib bu vəziyyətə düşdülər. Bundan başqa, ötən ilin aprel-may aylarında Palata ”Bank Standard"ı sağlamlaşdırmaq istədi. İnandı ki, bu işin öhdəsindən gələcək. Mərkəzi Bankdan aldığı məlumatların əsasında Palata belə hesab edirdi. Amma gördük ki, bir neçə ay sonra Palata bu qərarından vaz keçdi. Bu da o deməkdir ki, Mərkəzi Bankın Palataya verdiyi məlumatlar düzgün deyildi və nəticədə də Palata bu bankı sağlamlaşdırmaq istədi və dövlət də boş yerdə 15 milyon manat vəsait itirdi.

Eyni zamanda bütün günahı dövlət orqanlarının da üzərinə yıxmayaq. Banklar özü, ilk növbədə, bankın sahibləri və bankı idarə edənlər də günahkardır. Əmanətçilər və digər şəxslər ki, pullarını banklara etibar etmişdilər, həmin pulları müxtəlif yollarla banklardan çıxarılıb, oğurlanıb. Bank sahibləri özlərinə yaxın olan şirkətlərə, yaxınlarına çox ucuz faizlə girovsuz kreditər veriblər. Bu kreditlər də qayıtmır. Nəticədə o banklar müflis olur, əmanətlərini də dövlət qaytarır. Kimlərinsə oğurladığı pulları dövlət ödəməli olur. Nəticədə ölkənin ödəniş sistemi çöküb. Hazırda ölkədə normal ödəniş sistemi yoxdur, vətəndaşlar pul köçürə bilmir. Biznes üçün bu, dəhşətdir. Yəni sahibkarlar demək olar ki, həftədə bir neçə dəfə pul köçürürlər və belə durum ölkə iqtisadiyyatı da normal fəaliyyət göstərə bilmir. Bu səbəbdən prezident həm də bank sahiblərinin burada günahı olduğundan xəbərdardır, burada bankı idarə edən şəxslərin də günahı var. Amma əsas günah məhz bank nəzarətini həyata keçirmiş Mərkəzi Bankdır". (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi