azia.az
azia.az

Azərbaycan Ordusunun say tərkibi artırılır, yeni silah-texnika alınır

27-06-2021, 13:25


Azərbaycan Ordusunun say tərkibi artırılır, yeni silah-texnika alınır
“Ermənistanda nəhayət başa düşməlidirlər ki, bizə qarşı olan bu düşmənçilik onlara çox baha başa gəldi. Onlar nə əldə etdilər? Heç nə. Baxın, görün, 30 il ərzində müstəqil dövlət qura bilmədilər. Bu gün Ermənistan müstəqil dövlət sayıla bilməz. Onun nəyi müstəqildir, əgər xarici dairələrdən tam asılıdırsa”,-prezident İlham Əliyev Ordu Günü münasibətilə bu gün Gülüstan sarayında Silahlı Qüvvələrin rəhbərliyi və bir qrup mənsubu qarşısında çıxışı zamanı belə deyib.

İlham Əliyev bildirib ki, Ermənistanı işğal, Azərbaycan xalqına qarşı düşmənçilik bu günə salıb.

Prezidentin nitqindən sitat:

-Bəzən hər birimiz müxtəlif situasiyalarda fikirləşirik ki, ədalət yoxdur, ədalət niyə bərqərar olunmur? Sadəcə olaraq, dözümlü olmaq lazımdır. Düzgün vaxtı gözləmək lazımdır və məqsədə çatmaq üçün hər gün çalışmaq lazımdır. Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik.
Azərbaycan Ordusunun say tərkibi artırılır, yeni silah-texnika alınır
Azərbaycan Ordusunun say tərkibi artırılır, yeni silah-texnika alınır
İndi Ermənistandan asılıdır. Onların davranışı və regional məsələlərə yanaşması necə olacaq. Hər halda, biz Ermənistansız da bölgədə istədiyimizə nail ola bilmişik. Bütün kommunikasiyaları çəkmişik, enerji xətlərimizi çəkmişik, dəmir yollarını, bütün nəqliyyat layihələrini bizim digər qonşularımızla icra etmişik. Əgər Ermənistan bu prosesə qoşulmaq istəyirsə, hələ xahiş etməlidir öz qonşularından.



Bilməlidir ki, biz heç nəyi unutmamışıq. Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır. Ermənistan rəhbərliyi, erməni siyasi-ictimai və dini xadimləri öz ideologiyasını, öz siyasətini əsassız iddialar üzərində qurmuşdular. İkinci Qarabağ müharibəsindən sonra bu gün onlar artıq düşmənçiliyi ölkə daxilində bir-birinə qarşı istiqamətləndirirlər. Baxın, Ermənistanın informasiya məkanında nə qədər çirkin proseslər gedir. Bir-birini nə qədər təhqir edirlər, hədələyirlər. Nəyə görə? Çünki onlar əsrlər boyu gənc nəsli düşmənçilik ruhunda böyütmüşdülər. Düşmənçilik, nifrət toxumları səpmişdilər və bu da onların iflasına gətirib çıxardı. Ona görə biz heç nəyi unutmayacağıq.



Ancaq biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.

Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi