azia.az
azia.az

Hansı gün doguldun – Faiq BALABƏYLİ yazdı

19-02-2020, 15:05

Hansı gün doguldun – Faiq BALABƏYLİ yazdı
FƏRQANƏ MEHDİYEVANIN DOĞUM GÜNÜƏ
Sən məndən düz dörd gün böyüksən…
…Sən məndən dörd gün balaca olsaydın da səni özümə böyük bilərdim.
Həmişə mənə “Əkiz tayım” deyirsən. Bu əkizliyə inananlar nə çox… İnanıb həsəd edənlər də yetərincə… Doğrusu bilmirəm onların mənim kimi qardaşları, yoxsa sənin kimi bacılarının olmasını istəmələri bu həsədə rəvac verib, yoxsa başqa bir şeyi əsas götürüblər. Bildiyim odur ki, bizi doğma biliblər və düz də ediblər.
Sənin bir oğlun və bir qızın var, hər ikisi mənə dayı deyir. Mənim də bir oğlum və bir qızım sənə bibi deyir. Nəvələrinin ürəklə mənə “Faiq baba” deməsi də mənə həmişə xoş gəlib. Dəniz nəvəmə şeir yazmısan, öz nəvələrinə olan doğma hisslərin bu şeirin hər bir misrasında görünür və ürək oxşayır…

Bu gün doğum günündür, dörd gün sonra mən yaşımın üstünə bir yaş da əlavə edib, geriyə yolu bağlayacam, yaşımızın üstündən yaş götürülməyəcək, daha yeniləri əlavə olunacaq, mən qocalığa, sən isə ağbirçəyliyə tərəf bir addım atmış olacağıq…

Hansı gün doguldun – Faiq BALABƏYLİ yazdı
Sən yazmısan:

Hansı gün doguldum elə,
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən..
Anam hanı, Atam hanı?

Doğulduğun günü əzbərdən bilsən də o gün yadına düşmür… o dad da, tam da sənin damağnda qalmır, çünkü o dadı, tamı sən gəlişinlə gətirmişdin. İndi haqq dünyasında olan atan, anan o tamı, o dadı hiss etdilər və ömürlərinin sonuna qədər də o tam, o dad dəyişmədi… Sən qardaşlarının tək bacısı oldun, mənə də bacılıq etdin…



Doğum gününə yazdığın şeirə baxıram, geri boylanırsan, ötənləri axtarırsan.

Quş qanadlı ötdü illər..
Şirin hanı, acı hanı..
Yarpagına SÖZ yazdıgım
Hanı tut agacı hanı…

Ötən günlər qoy xatirələrində qalsın… Bu günün olacaqları da o xatirələrə əlavə olunsun…

Həyətinizdə tut ağacı doğrudanmı qalmayıb? Mən bir-neçə dəfə sənin uşaqlığın keçən o həyətdə olmuşam, indi bu təbrik yazımı yaza-yaza da fikirləşirəm, mən o həyətdə doğrudan da yarpağına söz yazdığı o tut ağacını görməmişəm, ya da görmüşəm, yaddaşımda qalmayıb. Yaddaşımda qalan o kənd evi, evin həyətindəki balaca bağ, evin eyvanından – artırmasından bağın içinə, bağın içindən təndirxanaya, əl damına, toyuq hininə, heyvanların qış tədarükü üçün hazırlanan ot-ələfin saxlandığı dama gedən və ətrafına payız gülləri ( o güllərin adı var, sadəcə bizim tərəflərdə bu gülə “payız gülü” deyilir) əkilmiş dar cığırları xatırlayıram. Birdə budaqlarında sap-sarı, həm də şip-şirin, yumşaq, sulu heyva ağacları gözümün önündədir… Dadı-tamı isə ağzımda…



Gəlsin gözümün önünə..
Coşub..qaynadıgım günlər..
Bilməyib dünya beş günmüş…
Beşdaş oynadıgım günlər..

Fərqanə, əslində sənə kiçik bir ad günü təbriki yazmaq istədiyim bu yazı da xəyllarımın bələdçisi olduğu, yaddaşımın alt qatında qalan günləri yadıma saldı. Sənin yazdığın kimi mənim də gözümün önünə dünyanən beş günlük olduğunu bilmədən oyun- oynadığımız, qaynadığımız günlərimi gətirdi.

Bu yazı sənə üzrxaxlığım da olsun, bilməzsən, bir də gördün yoxam, məni anam kimi, balalrımın anası kimi, qızım kimi, bacım kimi ağlayanlardan biri də sən olacaqsan, bilirəm. Olub ki üstünə səsimi qaldırmışam, möhkəmdən danışmışam, səni danlamışam. Niyə? Niyəsini kim də bilməsə sən bilmisən, bilirəm, ama yenə də deyim. Sən bizim ədəbiyyatımızın simalarındansan, istedadın, yaradıcılığın səni həmişə diqqətə fətirib. Şeirlərin sevilib, dillər əzbəri olub, haqqında gözəl yazılar yazılıb, yaradıcılığın təhlil olunub. Həsəd çəkənlər olub, bəzən bu istedadı görməzliyə vuranlar da az olmayıb, bu həmişə belədir. Amma, bəzən sən özün öz qiymətini verməmisən, bu boyda istedadın sahibi sanki boynunu qısıb gəzib, haqqı olmayanların yanında haqsız görünmüsən… Bax onda mənim qardaş qanım oyanıb, oxucu tələbim, həqiqətin yanında olmaq vərdişim sənə acıqlanıb… Bağışla, mən də belə xəstəyəm də…

Hə… Doğum günündür, çox yaşa, xoş yaşa… Mənə bir dənə də şeir yaz, sən mənim ağır günlərimin şahidi olmusan, şöldə içəri kimidir, deyib mənə təskinlik vermisən… Təskinliyə ehtiyacım var, bacı təskinliyinə…
Faiq BALABƏYLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi