Sumqayıtlı şəhid zabitin həyat yoldaşı yazır: “Mən bu günü gözləyirdim…”
Şanlı ordumuzun Qarabağda düşmən təxribatının qarşısını almaq üçün aprelin əvvəllərində keçirdiyi hərbi əməliyyatın qəhrəmanlarından olan və əfsanəvi igidlikləri ilə tanınan polkovnik-leytenant Raqub Orucovun həyat yoldaşı Sevinc xanım bu günlərdə öz duyğu və düşüncələrini qələmə alıb. O, ixtisasca hüquqşünasdır, Sumqayıt Dövlət Universitetninin müəllimidir.
Şəhid zabitin ailəsinə baş çəkməyə getmiş jurnalist həmkarlarımızdan birinə təqdim olunmuş “Bir damla həsrət” adlı yazını olduğu kimi dərc edirik:
Mən səndən bir ömür-gün yoldaşı kimi yox, bir ana, bir vətənsevər kimi danışmaq istərdim. Mən səninlə cəmi 17 il yol yoldaşı oldum. Amma bu illər mənə bir ömür üçün yetdi. Raqub, sənin haqqında hamı və hər səviyyədə yazılar yazır, yazacaq. Lakin mən sənin ruhunun həsrəti haqqında – heç danışmadığın həsrətin haqqında danışmaq istəyirəm.
İlk gənclik illərində yurd-yuvasını itirmiş, anasını şəhid vermiş əziz bir torpağın oğlu üçün hərbçi olmaq ən müqəddəs istəyə çevrildi. Bu istək, arzu o qədər alovlu idi ki, hətta hərbçi həyatının heç bir gününü arxa cəbhədə keçirmədin. Hətta ananın ruhu dolaşdığı torpaqda hərbi hissə komandiri oldun. Bu səni o həsrətinə daha da yaxınlaşdırırdı. Həmişə Ağdamın işğal altındakı ərazisinə qəribə bir nisgillə baxardın. Hətta qəbir daşı belə olmayan bir ananın nigaran ruhu dolanardı ətrafında. Heç bir vaxt tutduğun vəzifə səni dəyişdirmədi. Daim səngərlər sənin həyatın, dincəldiyin yer oldu.
Sənin kimi qəhrəman bir zabitin ön cəbhədə – düşmən əlindəki ərazidə şəhid olması isə məni heç təəccübləndirmədi. Çünki səni ən çox mən başa düşürdüm, sənin bu torpaq üçün yarandığını, dünyada heç bir neməti Ana Vətəndən üstün tutmadığını bilirdim. Mən bu günü gözləyirdim. Çünki sənin ürəyində bir damla ana həsrətinin böyüyüb Vətən sevgisinə necə dönüşdüyünü görürdüm.
Sən və sənin silahdaşların yeni Azərbaycan tarixində qəhrəmanlığın şanlı səhifəsini yaratdılar. Siz sübut etdiniz ki, bu xalq hələ də düşünür, qəlbi döyünür, onun üçün bir parça Vətən torpağı necə müqəddəsdir. Bu xalqın qəlbindəki Vətən sevgisini heç bir qara qüvvə ram edə bilməz.
Xalq bir gecədə sənə görə birləşdi, sənin özünü və qəhrəmanlığını başı üstünə qaldırdı. Sən xalqına arxalandın, xalq səni başı üstünə qaldırdı. Bu hissləri mənə yaşatdığın üçün sənə və silahdaşlarına minnətdaram. Siz ölümünüzlə Azərbaycan xalqını səfərbər etdiniz. Mən millətimlə bir daha fəxr etdim.
Sən və silahdaşların Azərbaycana başqa bir şanlı dərs keçdiniz. Siz göstərdiniz ki, tutduğu vəzifədən asılı olmayaraq, hər bir Azərbaycan zabiti bu torpağın əsgəridir. Bu bizim mənsəbpərəst məmurlara bir həyat dərsi oldu: Vətən kreslodan, kabinetdən yox, səngərdən başlayır. Siz xalqımıza susadığımız qələbə sevincini yaşatdınız. Düşmənin yalançı məğlubedilməz obrazını bir gecədə məhv etdiniz.
Sənə və “öncə Vətən” deyib döyüşə atılan yeni Azərbaycanın qəhrəmanları – Vüqara, Murada və digərlərinə eşq olsun!
Səni və silahdaşlarını tarix və Azərbaycan xalqı heç vaxt unutmayacaq!
Siz artıq bu xalqın əsl qəhrəmanlarısınız. Ruhunuz şad olsun!
Raquf, mən və oğullarımız səni daim ürəyimizdə, əməllərimizdə yaşadacağıq! Biz səninlə fəxr edirik! Əgər yeni bir həyat yaşasaydıq, heç düşünmədən yenə də səni seçərdim. Biz sənin kimi namuslu, vicdanlı, igid bir zabitin ailəsi olmaqdan ancaq qürur hissi keçiririk!
Sevinc ORUCOVA