azia.az
azia.az

Vitse-spiker məcburi köçkünlərin problemlərini dilə gətirdi: "Onlara verilən status məhdudlaşıb"

26-11-2019, 21:27


Milli Məclisin sədr müavini Bahar Muradova deputat Elman Məmmədovun fikirlərinə dəstək olub.
Vitse-spiker məcburi köçkünlərin problemlərini dilə gətirdi: "Onlara verilən status məhdudlaşıb"
B.Muradova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı məcbur köçkün rayonlarının təmsil edən deputat olduğunu xatırladıb.

O qeyd edib ki, mütəmadi şəkildə məcburi köçkünlərlə ünsiyyətdə olur:

"Problemlər ölkə başçısının qayğısı ilə azalmaqdadır. Məcburi köçkün statusu ilə bağlı məsələlər var ki, özündən sonra bir sıra problemlər yaradır. Statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır. İnsanlar da zaman-zaman bu narazılıqlarını ifadə edirlər. Hər vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə müraciət edir, biz də rayon icra hakimiyyətlərinə və "Qaçqınkom”a müraciət edirik. Onlar da bizə cavab məktubu yazırlar ki, filan nömrəli sərəncamın filan bəndinə görə bu problemləri həll etmək mümkün deyil. Biz də özlüyümüzdə bu cavabı almaq üçün müraciət etmirik. Müraciət edirik ki, mövcud problemlər həll olunsun. Problem də həll olunmadıqca üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur”.

Bahar Muradova vurğulayıb ki, son vaxtlar belə müraciətlərin sayı artıb: "Təhlilim nəticəsində məlum olub ki, bu problem təkcə Fizuli rayon ərazisində 12 min nəfərədək əhalini əhatə edir. Çünki məlum sərəncamla köçkün statusu alan şəxslər təminatlardan məhrum oldular. Müəyyən məntiqlə bu qərarı qəbul ediblər, hər kəs də bunu qəbul edə bilmir və anlaşılmır. Misal olaraq, daxili işlər orqanlarında, dövlət qulluğunda çalışan və hərbi xidmətdə olan soydaşlarımıza dövlət tərəfindən verilən müavinətlər dayandırılır. Həmçinin bu və ya digər güzəştlərdən istifadə edə bilmirlər. Dostu, yaxın qohumu tərəfindən onlara bağışlanan bir otaqlı mənzil varsa, həmin şəxslər bu təminatlardan məhrum olunur. Burada bərabərsizlik yaranır. Hüquqları, güzəştləri müəyyən etmişiksə, onda hər kəs bundan bərabər istifadə etməlidir. Problem həllini tapmayıb, həmin şəxslər işğal olunan evlərinə qayıtmayıb. Ona görə də status hələ də onun üzərindədir. Lakin statusun onlara verdiyi imkanlar məhdudlaşıb. Anlayıram ki, bu, müəyyən qədər çətinliklər olan dövrdə qəbul edilən qərar idi. Hesab edirəm ki, getdikcə ölkə başçısı tərəfindən sosial sahəyə yönələn diqqət və qayğı hər cür problemlərlə üz-üzə olan insanlardan yan keçməməlidir. Bir çətinlik də odur ki, eyni kəndə olan eyni statuslu şəxslərin bir qismi bundan istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə etmir”.

MM-in sədr müavini əlavə edib ki, hərbi xidmətdən qayıdan gənclərin yenidən həmin statusu bərpa etməsi məsələsində problemlər yaranır: "Bu şəxs halbuki başqa ölkəyə getməyib, vətəndaşlığını dəyişməyib. Hərbi xidmətə gedib qayıdıbsa necə ola bilər ki, statusunu bərpa edib lazımi yerdə qeydiyyata düşə bilməsin. Ailəsindən boşanıb yenidən məcburi köçkün yataqxanasında yaşayan ailəsinin yanına qayıdan qadınların yenidən orada qeydiyyata düşməsi qeyri-mümkündür. Halbuki onun şəxsiyyət vəsiqəsində illərlə burada qeydiyyatda olduğu yazılıb. Bununla bağlı heç kimi qınamıram. Çünki aidiyyəti qurumlar bu məsələdə səlahiyyətə malik deyillər. Ona görə də həmin sərəncama yenidən baxılması bu məsələlərə yeni yanaşmaların olmasına gətirib çıxarardı. Hökumətdən xahiş edirəm ki, məsələni diqqətdə saxlasın və getdikcə artan problemlərin qarşısını birlikdə alaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi