azia.az
azia.az

YAP nazirləri hesabat üçün qərargaha yığır

4-09-2019, 12:08


Hakim partiyanın İcra Katibliyi nazirlərin və komitə sədrlərinin ənənəvi mətbuat konfranslarının bərpasına niyə indi qərar verdi?
Yeni Azərbaycan Partiyası (YAP) vaxtilə öz qərargahında nazirlərin, komitə sədrlərinin mətbuat konfranslarını təşkil edirdi. Jurnalistlər bu cür tədbirlərdə onları maraqlandıran suallara cavab ala bilirdilər.
YAP nazirləri hesabat üçün qərargaha yığır
YAP-ın qərargahında mətbuat konfranslarının keçirilməməsinin səbəbini belə izah etmişdi ki, hakim partiya bu təşəbbüsü irəli sürən ərəfədə Azərbaycanda informasiya vasitələrinin nümayəndələrinin rəhbər şəxslərə, strukturların birinci şəxslərinə çıxışları indiki qədər asan deyildi. Bir qədər informasiya qıtlığı yaşanırdı. Ona görə də YAP kütləvi informasiya vasitələrinin nümayəndələri ilə rəhbər şəxslər arasında bir növ vasitəçi missiyasını üzərinə götürdü. Hakim partiya hesab edirdi ki, informasiya qıtlığını aradan qaldırdığı üçün artıq bu cür mətbuat konfranslarının keçirilməsinə lüzum yoxdur.

Sentyabrın 3-də isə məlum olub ki, YAP İcra Katibliyi partiyanın mənzil qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib.

YAP-dan “Report”a verilən məlumata görə, layihənin məqsədi Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur. Sentyabrın 10-da ilk mətbuat konfransı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

Yeri gəlmişkən qeyd edək ki, son günlər tanınmış hakimiyyət nümayəndələrinin sosial şəbəkələrdə aktivləşməsi diqqət çəkir. Məsələn, YAP-çı deputat Siyavuş Novruzov, daha sonra isə “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov facebookda özünə hesab açdı. Onun bu platformaya gəlişi medianın diqqətindən yayınmadı. Bəzi saytlar YAP-çı deputatın bu addımını xəbərə çevirdi.

Həmçinin prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu günlərdə facebook profili açdı. Xatırladaq ki, Ə.Həsənovun facebookda səhifəsi vardı və buradan intensiv paylaşımlar edirdi. Amma o, yeni bir profil də açaraq sosial şəbəkədə daha fəal olmağa qərar verib.

Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov, YAP-çı deputat Aydın Mirzəzadə facebookda hesabı olan siyasətçilərdəndi.

Bütün bunlar, YAP-ın ənənəvi mətbuat konfransılarını bərpa etməsi, iqtidar düşərgəsində yeni bir siyasi açılım xətti olduğunu deməyə əsas verir.

ORXAN,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi