MEK-in elmi katibi MDB dövlətləri kitabxanaları ilə keçirilən görüşdə iştirak edib
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının elmi katibi Şəbnəm Rüstəmova MDB dövlətləri kitabxanaları nümayəndələri ilə keçirilən görüşə onlayn qatılıb.
Görüşdə M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq əməkdaşlıq üzrə baş müşaviri Svetlana Qoroxova, kitabxananın Kitabxanaşünaslıq və Peşəkar Əlaqələr Mərkəzinin rəhbəri Darya Belyakova, M.Qorki adına Luqansk Respublika Universal Elmi Kitabxanasının, Novosibirsk Dövlət Regional Elmi Kitabxanasının, Komi Respublikasının Milli Kitabxanasının əməkdaşları da iştirak ediblər.
Kitabxana sahəsinə məxsus müxtəlif mövzuların müzakirə edildiyi görüşdə, əsasən mütaliə, müəlliflik hüququ, xəbər mübadiləsi, oxuculara təqdim olunan vəsaitlər, kitabxana reytinqinin və nüfuzunun artırılması istiqamətində aparılan tədbirlər, birgə layihələrin həyata keçirilməsinə dair fikirlər səsləndirilib.
Onlayn görüş zamanı Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün kitabxanalarda keçirilmə ənənəsindən, aksiyalardan danışılıb, illik hesabatlar haqqında çıxışlar dinlənilib, 2024-cü ilin May ayında Kazanda keçiriləcək Ümumrusiya Kitabxana Konqresi barədə ətraflı məlumat verilib.
Daha sonra MEK-in elmi katibi Şəbnəm Rüstəmova təmsil etdiyi kitabxananın direktoru adından iştirakçıları salamlayıb. Elmi katib MEK-in fəaliyyəti haqqında ümumi məlumat verərək, onları cari ildə baş tutacaq beynəlxalq konfransa dəvət edib. Kitabxananın yeni və zəngin ədəbiyyatından danışan Şəbnəm Rüstəmova, virtual sərgilərin, yeni layihələrin keçirildiyini də qeyd edib, beynəlxalq əməkdaşlıqların MEK üçün önəmli olduğunu nəzərə çatdırıb.
Görüşün sonunda həyata keçiriləcək birgə layihələr haqqında ətraflı fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi