azia.az
azia.az

Öz kökünə uzanan yol

Bu gün, 14:42

Təranə Şəms

Müşahidələrimə görə, insanla təbiət arasında görünməyən bir vəhdət var. Bu birliyi inkar edə bilmərik.
Həyatda güclü və zəif insanlar olduğu kimi, təbiətdə də eyni qanun hökm sürür. Meşədə bütün ağaclar eyni ucalıqda, bütün canlılar isə eyni gücdə olmur. Qocaman palıd da var, lakin təbiətdə iki ağac bir-birinin tam oxşarı olmur. Güclü heyvan varsa, deməli, ona nisbətdə zəifi də var.
Beləliklə, təbiətdə öz kökü üzərində yaşayan ağaclar olduğu kimi, başqa bir canlının hesabına ömür sürən parazitlər də mövcuddur.
Həyat və yaranış eyniliklər üzərində qurulmayıb. Təbiətdə də, cəmiyyətdə də hər şey müəyyən nisbət və tarazlıq içində mövcuddur. Güclü ilə zəif, uca ilə alçaq, faydalı ilə zərərli eyni məkanda yaşayır. Elə buna görə də təbiət insanın ən böyük müəllimidir.
Biz təbiətin gözəlliyini seyr etmək üçün gəzintiyə çıxdıqda başı göyə ucalan ağacları görürük. Maraqlıdır ki, bu uca ağacların başında leylək yuva qurub bala çıxarır. Amma o nəhəng ağacın gövdəsinə baxdıqda isə kökü torpağa bağlı olmayan, mənşəyi bilinməyən parazit sarmaşığı görürük.
Bəzən elə insan olur ki, marağı ona güc gəlir. Nəhəng görünən ağacın kökünə yaxınlaşıb, mənşəyi bilinməyən həmin sarmaşığın kökünü axtarmaq istəyir. Nə qədər axtarsa da, onu tapa bilmir. Sonra düşünür ki, həyatda biri digərinin hesabına yaşadığı kimi, təbiətdə də belə hallar mövcuddur.
İnsan gəzdikcə belə mənzərələrlə tez-tez qarşılaşır. Bir az da irəli gedəndə xəzəllərin arasından sərçə ilə qaratoyuğun söhbətini eşidir və maraqla dinləməyə başlayır.
Qaratoyuq hündür gövdəli palıd ağacına sarılmış həmin sarmaşıqdan şikayət edirdi. O, anlatmağa çalışırdı ki, niyə bu köksüz sarmaşıq ağaca dolaşır və onun torpaqdan qidalanmasına mane olur?
Sərçə də qaratoyuğun sözünə haqq qazandıraraq dedi:
— Bəli, düz deyirsən! Mən ağacın gövdəsindən qarışqa, xırda çəyirtkə və ağac qurdlarını yığıb balalarımı qidalandırıram. Amma bu sarmaşıq ağacın gövdəsini örtdüyündən onları tapa bilmirəm.
Elə bu anda bir ilan fısıldaya-fısıldaya ağaca çıxmağa çalışırdı. O da söhbəti eşitdi. Amma elə də ciddiyə almadı, yalnız dodaqaltı nəsə mızıldanıb yoluna davam etdi. Çünki ilana ağacın taleyi yox, hündür budaqlardakı leyləyin balaları maraqlı idi...
Ağac hiss edirdi ki, sərçə ilə qaratoyuq onun halına yanırlar. Təmkinini pozmadan qaratoyuğa dedi:
— Siz heç nigaran olmayın. Səhərin dan üzündə günəşi ilk qarşılayan mənim budaqlarımdır. Mən göydə baş verənlərdən daim xəbərdar oluram.
Bir məsələni də unutmayaq. Allah təbiəti yaradanda hər bir varlığı bir-birindən fərqli və bir-biri ilə müəyyən bağlılıq içində yaradıb. Yer üzünün əşrəfi olan insan da bəzən başqa bir yaradılmışdan asılı vəziyyətdə qalır.
Nə etmək olar, bu sarmaşığı da Allah belə yaradıb. Təbiətdə yaşayan hər canlının öz funksiyası var. Həyatda da belədir. Hər insanın hadisələrə öz baxışı, öz anlayışı var.
Bu zaman sarmaşıq dilləndi:
— Allah məni belə yaradıbsa, ruzimi də sənin vasitənlə verir. Mən də yaranmışamsa, mənim də yaşamaq arzum var.
Ağac sakit səslə cavab verdi:
— Sənin yaşamaq haqqın var. Bunu heç kim inkar edə bilməz. Mən də etmirəm. Amma mənim kölgəmdə yaşamaqla özünü uca sayma. Mən öz köküm üzərində ucalmışam. Köküm torpağa bağlıdır. Kökü torpaqla qidalanan canlı heç kimə möhtac olmaz.
Bu söhbətin görünməyən tərəfi isə insan idi. Sözünü yenə də VİCDAN deyirdi. O elə bir hakimdir ki, verdiyi hökm mütləqdir və isbata ehtiyac duyulmur.

Təranə Şəms 30.07.2026


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi