azia.az
azia.az

Dövlətimizin başçısı müsahibəsində bütün ekipaj üzvlərinin böyük qəhrəmanlıq göstərdiyini xüsusi ilə vurğulamışdır

29-12-2024, 19:55

Turan KƏRİMLİ, ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı bir sıra səbəbləri açıqlayıb. Dövlətimizin başçısı bildirib ki: “Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı”.

Cənab Prezident müsahibəsində pilotların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirdiyini və bütün ekipaj üzvlərinin böyük qəhrəmanlıq göstərdiyini xüsusi ilə vurğulamışdır. “Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev qəzaya uğramış təyyarənin füzelyajının dəlik-deşik olması ilə əlaqədar Rusiyanın bəzi dairələrinin üzərində dayandığı quş versiyasını tamamilə gündəlikdən çıxardığını bildirmişdir: “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.

Dövlətimizin başçısı müsahibəsinin sonunda baş vermiş qəza ilə bağlı Rusiyaya dekabrın 27-də artıq tələblərin rəsmi qaydada çatdırıldığını qeyd etmişdir: “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi