azia.az
azia.az

İki ölkə arasında əlaqələrin gücləndirilməsində qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır

9-05-2024, 20:29

Rəşad  Sadıqov, ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru.

Son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. 

 İki ölkə arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Bu mənada Bolqarıstan Respublikasının dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər həyata keçiriblər.

Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Xüsusi olaraq vurğulaya bilərik ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.

Cari ilin may ayının 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri bütün bu əlaqələrin dinamik inkişafına əsaslanır. Enerji sahəsi ölkələrimiz arasında tərəfdaşlığın özəyini təşkil edir. Azərbaycan hazırda Bolqarıstanın enerji təhlükəsizliyində böyük rola malikdir. 2023-cü ildə 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı bu ölkəyə nəql olunub. Bu il isə bunun 1,5 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır. Təbii ki, bu da yüksək göstəricidir. İnanırıq ki, may ayının 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfərinin də nəticələri uğurlu olacaq, ikitərəfli əməkdaşlığı yeni sahələr üzrə daha da genişləndirəcək. Strateji tərəfdaşlığın gücləndirilməsi, texnoloji innovasiya və digər sahələrə aid sənədlərin imzalanması bu qənaətə gəlməyə əsas verir.

Azərbaycan və Bolqarıstan prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı yaşıl enerji sahəsi ilə əlaqədar bildirmişdir ki: “Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir”.

 Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi