azia.az
azia.az

Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq

26-03-2024, 09:28

Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim

 Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır. Keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. 

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə elə bir qəhrəmanlıq səhifəsi yazdı ki, həmin Zəfər bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır. Artıq dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandırdıqdan sonra Azərbaycan xalqına bayram təbrikində qeyd etdiyi kimi, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaq və bu torpaqlarda həyat qaynayacaq.

 Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinin əsas meydanında Novruz tonqalını alovlandırarkən bu meydanı “Zəfər meydanı” adlandırdı. Dövlətimizin başçısının bu meydanda Novruz tonqalını alovlandırması, Azərbaycan xalqını Xankəndidən təbrik etməsi Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesaj oldu. Bir daha bütün dünyaya bəyan edildi ki, bu torpaqların əsl sahibi bizik. Prezident İlham Əliyev təbrikində bu mühüm məqama da diqqəti yönəltdi ki, bu ilin 26 fevral tarixində Xocalı şəhərində xocalılılarla birlikdə Xocalı Memorial Kompleksinin təməli qoyuldu. Xankəndidəki qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası həmin tarixdə sökülməyə başladı və yerlə-yeksan edildi.

Cənab Prezident Xankəndidə xalqı təbrik etməklə yanaşı, bir sıra məqamlara da toxundu. Onun da qeyd etdiyi kimi, 2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Azərbaycan başqa bir addım atmaya bilməzdi. Biz hansı yolla olur olsun, torpaqlarımızı azad etməli idik. 2023-cü ildə Azərbaycan işğala son qoydu. Biz bu 3 ildən artıq bir dövrdə çox sürətli proseslərin getdiyinə şahidlik etdik. Ermənistanla şərti sərhəddə, o cümlədən Laçında Azərbaycan Dövlət Sərhəd Xidmətinin qoşunları yerləşdirildi. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi oldu. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Ermənistan bu hadisələrdən ciddi nəticə çıxarmalıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, biz heç zaman olmadığı qədər sülhə yaxınıq. Bu o deməkdir ki, bizim sülh müqaviləsi imzalamaq imkanımız var. Ermənistan əgər nəticə çıxarmasa, problemləri yaşamaqda davam edəcək. 

 Ötən il heç birimizin ağlına gəlməzdi ki, Azərbaycan Prezidenti Xankəndidə səs verəcək, orada tonqal yandıracaq. Bu gün isə işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan bayrağı dalğalanır. İndi biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi