Azərbaycan öz ərazilərində suverenliyini bərpa etməklə dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim etmişdir
Cavid Hüseynov - ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi
Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Belə ki, ölkəmiz çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir.
Növbəti belə bir tədbir martın 14-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu keçirilib. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Martın 16-dək davam edəcək Forumun keçirilməsində məqsəd COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılması, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulması, onun qlobal sülhə təsirinə nəzər salınması, qarşıda duran çağırışların həlli yollarının tapılması, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinin müzakirə olunmasıdır. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaqdır.
Göründüyü kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
XI Qlobal Bakı Forumunda çıxışı zamanı Ölkə Prezidenti cənab İlham Əliyev Forumun önəmindən bəhs edərkən vurğulamışdır : “Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var”.
Hazırkı dövrdə Azərbaycanın mühüm uğurlarından biri də bu il COP29-a ev sahibliyi etməsidir. Dövlət başçısı cənab İlham Əliyev Forumdakı çıxışında bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir: “COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir”.
Dövlətimizin başçısı sonuncu görüşdən sonra regionumuzda baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın suverenliyinin tam bərpası olduğunu bildirib. Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan Ölkə başçısı qeyd etmişdir: “Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır”.
Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş vermişdir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldiltmişdir. Rusiya Ukrayna və İsrail Fələstin müharibələri dünyanı Üçüncü Dünya Müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxartmışdır. Bu baxımdan parçalanmış dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı qədər vacibdir. Azərbaycan öz ərazilərində suverenliyini bərpa etməklə pozulmuş beynəlxalq hüququn bərpası məsləsinə töhfə vermiş, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim etmişdir