Almaniyanı neftlə təmin edən ölkələr sırasında önəmli yerlərdən birini məhz Azərbaycan tutur
Fərmayılov Anar Hümbət oğlu, incəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, S.ü.f.d
Son illər Azərbaycan–Almaniya iqtisadi-ticarət əlaqələrində dinamik inkişaf müşahidə olunur. Ölkəmiz Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı sayılır. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda bu ölkənin Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65 faiz təşkil edir. Eyni zamanda, Almaniyanı neftlə təmin edən ölkələr sırasında önəmli yerlərdən birini məhz Azərbaycan tutur.
Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı alman iş adamlarının ölkəmizə səfərininin əhəmiyyətindən söhbət açaraq əvvəlki görüşləri məmnunluqla xatırladıb. Bu baxımdan böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmi qeyd olunub.
Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Prezident İlham Əliyevin görüş zamanı əsas diqqət göstərdiyi məsələ ölkəmizə qarşı əsassız təbliğatın aparılması, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər oldu. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır”, bu fikri Cənab Prezident bildirmişdir. Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.
Bu gün Azərbaycanı əsassız iddialarla günahlandırmağa çalışanlar, vaxtilə, torpaqlarımızın işğal altında qalmasına göz yumub. Vaxtında torpaqlarımızı işğal altında saxlayan Ermənistana təzyiq edib, sanksiyalar tətbiq edib, BMT-nin müvafiq qətnamələrini icra etməyə məcbur etsəydilər, bu gün tamamilə fərqli məsələləri müzakirə edə bilərdik. Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Cənab Prezident bu haqda bildirmişdir ki: “Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək”. Nəticədə tarixi torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyü və suverenliyimiz tam təmin olundu. Rusiya beynəlxalq münasibətlərdə hansı dəyişikliklərin baş verdiyini anlayır və yeni reallıqları qəbul edir. Ümid edirik ki, ABŞ və Fransa da yeni reallıqları qəbul edəcək və öz siyasətlərində buna uyğun korrektələr edəcək. Birmənalı olaraq, dünya ictimaiyyəti bilməlidir ki, Cənubi Qafqazın aparıcı dövləti və güc mərkəzi Azərbaycandır. Bu regionda marağı olan dövlətlər Azərbaycanla işləməlidir.