azia.az
azia.az

Növbədənkənar Prezident Seçkiləri: Azərbaycan Polisinin Vəzifələrindən Biri Də Seçicilərin Və Prezidentliyə Namizədlərin Hüquqlarının Qorunması Olacaq

21-12-2023, 14:51

Tural Kəlbəcərli,

102-ci qəzet və 102info.az

“Heydər Əliyev ili” elan edilmiş 2023-cü il müasir Azərbaycanın tarixində həm də ölkəmizin ərazisinin erməni separatçılarından birdəfəlik təmizlənməsi ilə yadda qaldı. Bu ilin 23 aprel tarixində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması, sentyabrın 19-da lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltması, Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradda iştirakı tariximizin qürur səhifələrini daha da zənginləşdirdi. Prezident İlham Əliyev 20 ildə verdiyi vədlərin, qarşıya qoyduğu bütün vəzifələrin uğurla yerinə yetirildiyini bildirdi. Bütün bunlar Heydər Əliyev siyasətinin Azərbaycana qazandırdığı uğurların təqdimatıdır.
Bildiyimiz kimi, Daxili İşlər Nazirliyi, onun mühüm strukturlarından olan Daxili Qoşunlar erməni faşizminə qarşı mübarizədə də fəal iştirak edib, düşmənə sarsıdıcı zərbə vurulmasına öz töhfələrini veriblər. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və sərkərdəlik məharəti ilə rəşadətli silahlı qüvvələrimizin həyata keçirdiyi “Dəmir yumruq” əks-həmlə əməliyyatında – 44 günlük Vətən müharibəsində Daxili Qoşun hissələri hünər və qəhrəmanlıq nümunələri göstəriblər. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə Daxili Qoşunların 66 hərbçisi şəhid olub, 346 nəfər isə yaralanıb. Dövlətimizin başçısı bu strukturun 1377 hərbi qulluqçunu yüksək dövlət təltiflərinə, 4 nəfər isə “Vətən müharibəsi qəhrəmanı” adına layiq görüb. Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən hərbi qulluqçulardan biri kimi igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Zəfər” ordeni ilə təltif edilib.
İstər Vətən müharibəsi dövründə arxa cəbhədə asayişin və təhlükəsizliyin təminində, istərsə də möhtəşəm hərbi-siyasi zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərdə mühafizənin təşkili üzrə xidmətlərin aparılmasında daxili işlər orqanlarının, polisin üzərinə mühüm vəzifələr düşüb və bu vəzifələr layiqincə yerinə yetirilir. İşğaldan azad edilmiş rayonlarımızda fəaliyyəti ilk bərpa olunan dövlət orqanları məhz polis şöbələridir. Polis əməkdaşları həm cinayətkarlığa, hüquqazidd əməllərə qarşı mübarizə aparır, həm də komendant funksiyalarını yerinə yetirirlər.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi altında Azərbaycan polisinin etibarlı və fədakar fəaliyyəti dövlətimizin, cəmiyyətimizin, hər bir vətəndaşımızın təhlükəsizliyi, əmin-amanlığı üçün mühüm və vacib təminatlardandır. İnamla deyə bilərik ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin bugünü və gələcəyi üçün müəyyənləşdirdiyi davamlı inkişaf və zəfər strategiyasının uğurla həyata keçirilməsində polislərimiz daim yüksək fədakarlıqla, əzmlə, hünərlə iştirak edəcəklər.
Məlum olduğu kimi, 2024-cü il fevral ayının 7-si Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçkiləri zəfər seçkiləri də adlandırmaq olar. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurətə çevirib ki, bu da öz növbəsində növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirir. Prezident İlham Əliyevin bu addımı özünə inamının və xalqın dəstəyinə əminliyinin təsdiqidir. Xalqımız bu seçkilərdə Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək, qalib Azərbaycanın bundan sonra da möhtəşəm uğurlarının davamına səs verəcək. Heydər Əliyev siyasətinə dəstək Azərbaycanın uğurlu gələcəyinə dəstəkdir.
Prezident seçkiləri ərəfəsində polisin öz üzərinə düşən vəzifələrdən biri də məhz sabitliyin qorunub saxlanılması, insanların hüquqlarının qorunması, istər seçicilərin, istərsə də bu gün prezidentliyə namizədlərin hüquqlarının qorunması üzərində qurulub. Müvafiq qanunlarına uyğun olaraq polis keçiriləcək prezident seçkiləri ilə bağlı artıq tədbirlər planı hazırlamaqdadır. MSK-nın nümayəndələri ilə birlikdə regionlar üzrə polis rəislərinin, rəis müavinlərinin, sahə ərazi inspektorlarının və bu sahəyə cəlb olunan bütün rəhbər heyətin iştirakı ilə seminar məşğələlər keçiriləcək.
Onların maariflənməsi, daha ciddi səmərəli fəaliyyət göstərməsi qarşısında duran vəzifələrin narazılıq baş vermədən həlli, MSK-nın qoyduğu qaydalar üzrə DSK, MSK ilə işin qurulması və bu sahədə qarşıya çıxan problemlərin həlli barədə müşavirələr keçiriləcək.
Prezident seçkiləri ilə bağlı aparılan kampaniya dövründə polis orqanları tərəfindən sabitliyin, əmin amanlığın qorunması, hüquq qaydaları və asayişin pozulmasının qarşısının alınması üçün konkret tədbirlər planı işə düşəcək.
Daxili İşlər Nazirliyi seçicilərin səsvermə hüququnun təmin edilməsi üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını ciddi nəzarətdə saxlayır. Hətta çalışılır ki, səsvermə gününə 2-3 gün qalmış belə, adı seçicilər siyahısında olan vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə təmin edilsin.
DİN istəyir ki, seçkilərdə iştirak edəcək seçicilərin – vətəndaşların hər birinin hüququ təmin edilsin. İnanmağa dəyər ki, seçkilər zamanı seçicilərin və bu prosesi həyata keçirən şəxslərin təhlükəsizliyi tam təmin ediləcək:
Polis əməkdaşlarının özlərinin də seçkinin gedişatına müdaxiləsinin baş verməməsi təmin ediləcək. Polis yalnız hər hansı xoşagəlməz hadisə baş verdikdə komissiya sədri onları dəvət edərsə, məntəqəyə çağırılacaq.
Polis nəzarət etdiyi ərazilərdə hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün kifayət qədər texniki vasitələrə malikdir və həmin əraziyə dərhal operativ polis naryadları göndərilib profilaktik tədbirlər aparılacaq.
Əvvəllərdə olduğu kimi, seçki məntəqə və dairələri mühafizəyə götürüləcək ki, heç bir müdaxilə olmasın. Polis əməkdaşları yalnız seçki komissiyasının üzvləri məntəqəyə gələndən sonra oranı tərk edəcək və heç bir müdaxilə olmadan öz xidmətlərini kənarda davam etdirəcəklər.

Müəllif: Tural Kəlbəcərli

102-ci qəzet və 102info.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi