Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir
Könül Pirverdiyeva - ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu baxımdan cari ilin 25 sentyabr tarixindəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana rəsmi səfəri tarixi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirmişdir: “İki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”.
Əlbəttə ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı başladılmış antiterror tədbirləri ilə suverenlik və ərazi bütövlüyümüzün tam təmin olunmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin Naxçıvana təsadüf etməsi də xüsusi bir siyasi mesaj sayıla bilər. Səfər çərçivəsində keçirilən görüşlərdə və çıxışda da bu mesajlar aydın şəkildə verildi:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır”.
Dövlət başçıları həmçinin İğdır-Naxçıvan qaz kəmərinin təməlini atıb, eləcə də Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər. Bundan başqa Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalandı. Ölkə başçısı cənab İlham Əliyev səfər zamanı imzalanmış sənədlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcəyini bildirərək qeyd etmişdir: “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq”.
Göründüyü kimi əgər Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında hərbi-siyasi müttəfiqlik yaratmışdısa, bunun ardınca imzalanan sənədlər ortaq iqtisadi maraqların gerçəkləşməsinə xidmət edir. Naxçıvanla Qars arasında dəmir yol xəttinin çəkilişi də belə bir əhəmiyyətə malikdir. Bu dəmir yolunun istifadəyə verilməsi yalnız Naxçıvanın iqtisadi-sosial inkişafı üçün əhəmiyyətli deyil. Naxçıvandan Qarsa uzanan dəmir yol xətti bütövlükdə Şərq-Qərb arasında beynəlxalq logistik layihənin tərkib hissəsidir ki, bu da hər iki dövlətin regional iqtisadi mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Beləliklə, Türkiyə Prezidentinin səfəri Azərbaycan–Türkiyə müttəfiqliyinin möhkəmlənməsinə daha bir töhfə verməklə yanaşı, həm də Avrasiya geopolitik məkanında yeni düzənin əsasını qoyur. Bununla da liderlərin hər görüşü yeni siyasi uğurun başlanğıcına çevrilir. Naxçıvan görüşü də yaxın zamanlarda şahidi olacağımız uğurların əsasını qoymuş oldu.
.