azia.az
azia.az

Şəfalı əllər sahibi, gözəllik aynası-MAHMUDOVA GÜLNARƏ SABİR QIZI

22-05-2023, 15:22


Yaxşılıq insana bir sənət olsun, Dünya başdan-başa qoy cənnət olsun.( S.Vurğun) Qədim Şərq məsəllərinin birində deyilir: "Yaxşılığın pislik üzərində ən böyük qələbəsi pis insanları yaxşı etməkdir. Bu, xeyrin şər üzərində qələbəsi, təntənəsidi, eyni zamanda qaranlığı işığa çevirməyə, əyri işləri düzəltməyə, ölümcül xəstələrə şəfa verməyə bərabərdir”. Yaxşı əməlləri ilə yaxşılıq qazanan, müqəddəs peşəsi, şəfalı əlləri ilə neçə-neçə ölümcül xəstələrə şəfa verən, sağlamlıq bəxş edən həkim-loğmanlarımızdandır, Gülnarə Mahmudova! Əslən cənub torpağının mirvarilərindən sayılan Yardımlı elindən olan Gülnarə Sabir qızı Mahmudova 1969-ci il may ayının 23-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıbdı. Atası Sabir kişi dövrünün qabaqcıl ağsaqqallarından biri olmuş, uzun illər dövlətimizə və dövlətçiliyimizə vicdanla xidmət göstərən şəxslərdən sayılmışdır. Qazandığı halal çörəyi ilə ailəsini dolandırmış, böyütdüyü övladlarını gözəl tərbiyə etmiş, onların təhsil alması üçün əlindən gələni əsirgəməmişdir. Gülnarə həkim belə bir ailədə böyüyüb-başa çatmış, gözəl tərbiyə almış, ibtidai və tam orta təhsilini Bakı şəhərində müvəffəqiyyətlə başa vurmuşdur.Uşaq yaşlarından elimə maraq göstərmiş, iti yaddaşı,fitri istedadi ilə yoldaşları arasında seçilmiş, hər tərəfli biliyə nail olması üçün var gücü ilə çalışmış, gələcəkdə özünü müqəddəs həkimlik peşəsinin davamçısı kimi görmüşdür. Gülnarə həkim 1986-ci ildə ən böyük arzusuna çatmış, Azərbaycan Dövlət Tibb Universitetinin "Müalicə işi” fakültəsinə qəbul olmuşdur.Burada təhsil aldığı müddətdə fitri istedadı, işgüzarlığı, təlim-tərbiyəsi ilə professor-müəllim heyətinin böyük rəğbətini qazanmış, universitetin qabaqcıl tələbələrindən sayılmışdır. Azərbaycanın ən böyük elm ocaqlarından sayılan Tibb Universitetində mükəmməl tibb təhsili almışdır. Daha sonralar Bakı şəhər dövlət xəstəxanalarında keçdiyi praktikalarda peşəkar həkimlərdən tibbin sirlərini dərindən öyrənmiş, əsil həkim-loğman kimi yetişmişdir. Gülnarə həkim universiteti 1993-cü ildə fərqlənmə diplomu ilə başa vurmuş, ilk əmək fəaliyyətinə isə ana yurdunda- Yardımlı Rayon Mərkəzi Xəstəxanasında başlamışdır. Burada işlədiyi müddətdə insanların sağlamlığının keşiyində dayanmış, onların şəfa tapması üçün əlindən gələni əsirgəməmiş, gecə-gündüz yorulmadan xəstələrin qulluğunda dayanmışdı. O, sənətinin, peşəsinin qəhrəmanı, əsil tibb fədaisidir. O, hər zaman istedadı, işgüzarlığı, bacarığı ilə seçilmişdir. Gülnarə həkim hal-hazırda əmək fəaliyyətini Bakı şəhərində, Teymur Quliyev adına Müharibə və Əmək veteranları xəstəxanasında uğurla davam etdirir. Ay ərzində 30 pasiyenti, il ərzində yüzlərlə yaşlı və orta nəslin nümyəndələrini müalicə edir,onlara sağlamlıq bəxş edir. Xəstələrinə maddi və mənəvi qayğını heç zaman əsirgəmir. Bu yolda ona can sağlığı və yorulmazlıq arzu edirik. Yaxşı adamlar ürəklərdə yaşayır. Ürəkdən- ürəyə, əsrdən-əsrə, nəsildən-nəsilə keçir. Biz inanırıq ki, Gülnarə həkim yaşlı, orta və gənc nəslin qəlbində,yaddaşında uzun müddət yaşayacaqdır. Yaxşılıq yaxşının əlindən gələr, Yaxşılar yaxşının belindən gələr. Gül ətrini hər gül verə bilməz, Bu ətir qızıl gül gülündən gələr. (Q.Ə)

Ağabəy Ağayev, Əmək veteranı,  

Lerik Rayon Ağsaqqallar şurasının üzvü


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi