Bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır
Reyhan Ağayeva - APU-nin Kimya və biologiya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent
İki il öncə Böyük Qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən tarixi Zəfəri Azərbaycan xalqına bəxş etməklə Müzəffər Ali Baş Komandanım İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Şuşanın azad olunması milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva cari ilin may ayının 8-də Şuşaya etdiyi səfərləri və bu səfərlər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına xalqımızda olan inamı daha da möhkəmləndirdi. Eyni zamanda bütün dünya onun şahidi oldu ki, Vətən müharibəsindəki möhtəşəm Qələbədən iki il keçməsinə baxmayaraq Şuşa inkişaf edir, gözəlləşir. Çünki Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək olduğunu bildirən Ölkə başçısı il başlayandan Ulu öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirildiyini, müzakirələr aparıldığını vurğulayarq qeyd etmişdir: “Bütün Azərbaycan Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır”.
Xalqa müraciəti zamanı Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlər və açılışların həyata keçirildiyini diqqətə çatdıran Ölkə başçısı demişdir: “Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görə bilirsən ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir”.
Bəli, bu gün Qarabağ və Zəngəzur yenidən qurulur. Bugünkü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün Şuşa 30 ildən sonra 8 mayı azad, qalib xalq kimi qarşılayır və bu gün Şuşa böyük quruculuq, inkişaf yolundadır.
Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə rəhbəri kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirərək bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, biz 44 gün ərzində möhtəşəm qələbə qazandığımız kimi, Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq. Dövlət başçısının qeyd etdiyi kimi: "Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.