azia.az
azia.az

Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir

26-04-2023, 17:38

Könül Həsənova, ADPU filologiya fakültəsinin dekan müavini

Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən və varlığının təminatçısı olan onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Məhz onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.
Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Müstəqilliyin ilk illərində hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır.
Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi