azia.az
azia.az

Murad gümüş, Ruhin və Elton bürünc medal qazandı

30-03-2016, 09:41

 Murad gümüş, Ruhin və Elton bürünc medal qazandı Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ilk yarış gününü 1 gümüş və 2 bürünc medalla başa vurub.
59 kq-da çempionatda iştirak edən Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayıb və inamla güləşərək finala yüksəlib. Final yolunda güləşçimiz ardıcıl olaraq Slovakiyadan Zoltan Levai, İsraildən Andrey Tsaryuk, yarımfinalda isə Türkiyə təmsilçisi Şerif Yakup Kılıçdan üstün olub. Son görüşdə Rusiyadan Sergey Emelinə uduzan Murad çempionatın gümüş medalına yiyələnib.
71 kq çəkidə mübarizə aparan Ruhin Mikayılov ilk görüşündə İsveçdən Daniel Mattias Soini, ardınca Yunanıstandan Vasileios Myxakis üzərində inamlı qələbə qazanıb. Yarımfinalda Xorvatiya təmsilçisi Antonio Kamenjaseviclə gərgin keçən görüşü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Macarıstan güləşçisi Pal Krisztian Kottesi üstələyən Ruhin çempionatın bürünc medalını qazanıb.
80 kq-da yarışan Elton Vəzirzadə ilk görüşündə Türkiyə təmsilçisi Burhan Akbudaka məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Latviyadan Ceslavs Bestenisdən üstün olub. Bu qələbə Eltona bürünc medal uğrunda görüşə haqq qazandırıb. Həlledici görüşdə Macarıstan təmsilçisi Zoltan Keriyə də qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.
Mübarizəyə 1/16 final mərhələsindən qoşulan 98 kq-da təmsilçimiz Orxan Nuriyev ardıcıl olaraq Finlandiyadan Matti Elias Kuosmanen və Litvadan Romas Fridrikası yarışdan kənarlaşdırıb. 1/4 finalda Gürcüstan təmsilçisi Kukuri Kırtsxaila ilə gərgin keçən görüş isə güləşçimiz üçün uğurlu alınmayıb. Rəqibin finala yüksəlməsi ilə Orxan Polşa təmsilçisi Aleksander Kroczakla təsəlliverici görüşə çıxıb. Görüşü qələbə ilə başa vuran təmsilçimiz bürünc medal uğrunda həlledici görüşə haqq qazanıb. Rusiyadan Musa Evloevə uduzan Orxan Nuriyev çempionatı 5-ci sırada tamamlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi