Xaricdə təhsil alan tələbələrin diplomu üçün SOS siqnalı
Cəsarət Valehov: “Tələbə xaricdəki universitetdə qeydiyyatdan keçir, ildə bir dəfə getməklə, şifahi sorğu göstərməklə işini bitmiş hesab edir”; Kamran Əsədov: “Ukrayna, Gürcüstan kimi ölkələrin universitetlərinin diplomunun Təhsil Nazirliyi tərəfindən tanınmaması çox normaldır”
“Gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma (hazırda 4 aydan az olmayan müddətə) endirilməsi üçün işlər görülür. Təbii ki, bu da tələb olunan sənədlərin düzgün şəkildə təqdim edildiyi halda ola bilər ki, biz əlavə vaxt itirməyək”.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və təhsil nazirinin müşaviri Həsən Həsənli deyib.
Onun sözlərinə görə, Bakıda yerləşən bəzi xarici ölkə universitetlərinin filiallarında təhsilini bitirənlərin sənədlərinin tanınması prosesi daha rahatdır: “Çünki həmin universitetlərin proqramları və təşkilati strukturları və s. barədə bizdə məlumat var. Eyni zamanda məzunların siyahısı rəsmi şəkildə bizə təqdim olunur. Bunlar olduqda digər sübuta və ekspertizaya ehtiyac qalmır. Ona görə də müddət minimala düşür”.
H.Həsənli vurğulayıb ki, xaricdə təhsil alanlar ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə (nostrifikasiyası) bağlı daxil müraciətlər arasında az sayda problemlər müşahidə olunur: “Çalışırıq ki, bunu da vətəndaşın xeyrinə həll edib uyğun ixtisas tapaq. Təcrübə onu göstərir ki, bu kimi ixtisaslar adətən iqtisadi sahədə özünü göstərir. Nadir hallarda ixtisasın ekvivalentliyini tapmayanda diplom tanınmır. Müraciətlər nəticəsində diplomlar üçün olan imtina halları daha çox humanitar sahə üzrə təhsil alanlarda olur”.
O xatırladıb ki, saxta təhsil sənədi verənlər insanlar arasında “diplom fabriki” kimi tanınır: “Bu kimi yerlər müxtəlif ölkələrdə mövcuddur. Onları yenidən təkrarlamaq bizi əsas problemdən yayındırır. Çünki akkreditasiyası olmayan universitetlər imtinalar arasında olsa da, çoxluq təşkil etmir. Böyük əksəriyyət akkreditasiyası olan və rəsmi diplom verən universitetlərdir. Əgər kimsə ölkəni tərk etmədən xaricdən əyani təhsillə bağlı diplom alıbsa, bax bu problemdir. Elektron sistemdə sənəd qəbulu elə formalaşdırılıb ki, saxta diplomlara, demək olar ki, rast gəlinmir. Aposteldə saxtalaşdırılmış diplomlar olması faktı nadir hallarda olur. Bu il üçün cəmi 10-a yaxın belə fakt qeydə alınıb”.
Təhsil Nazirliyi hansı diplomları tanıyır, hansını yox?
“Yeni Müsavat” xatırladır ki, xarici ölkələrdəki ali məktəb diplomlarının ölkəmizdə tanınması məsələsi zaman-zaman gündəmə gəlir. Qanunda isə bu məqamlar dəqiq şəkildə öz əksini tapıb. Daha da konkretləşdirsək, sözügedən məsələ Azərbaycan Respublikası “Təhsil haqqında” Qanunun 27-ci Maddəsində (Təhsil haqqında dövlət sənədi) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il, 64 N-li Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” və Ali Təhsilin bakalavr pilləsi ixtisasların (proqramlarının) siyahısının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il 8 N-li Qərarı, 24 aprel 2009-cu il 70 N-li Qərarında yer alıb.
Azərbaycan xarici universitetlərin diplomlarının ölkəmizdə tanınması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub. Avropada təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı BMT-nin Paris Konvensiyasına, Asiyada təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı Asiya Sakit okean - Bankqok Konvensiyasına, YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı Avropa regionu üzrə ali təhsil sahəsində ixtisasların qarışılıqlı tanınması haqqında Lissabon Konvensiyasına, eləcə də “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haaqa Konvensiyasına qoşulub. Bu konvensiyaya qoşulan dövlətlər arasında sənədlərin qarışılıqlı tanınması üçün “Apostil” olmalıdır.
“Apostil” o zaman tələb olunmaya bilər ki, təhsil sənədinin alındığı və tanınması üçün təqdim olunduğu ölkələr arasında leqalizasiya tələbini aradan qaldırmaq və beynəlxalq hüquqi qarışılıqlı yardım üçün müqavilə imzalansın. Haaqa Konvensiyasına qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (konsulluğunda) leqallaşdırmalıdır.
Yuxarıda qeyd etdiyimiz qaydalara əsasən, Təhsil Nazirliyi tərəfindən “Apostil” sənədi də tələb olunur.
Kamran ÆsÉdov ile ilgili görsel sonucu
Kamran Əsədov: “Ukrayna və Gürcüstan kimi ölkələrin universitetlərinin diplomunun tanınmaması çox normaldır”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Müsahibimizin sözlərinə görə, xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir ki, bunların sayı hədsiz dərəcədə çoxdur: “İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Hesab edirəm ki, xarici ölkələrdə təhsil alan tələbələrin Ukrayna, Gürcüstan kimi ölkələrin universitetlərinin diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmaması çox normaldır”.
K.Əsədov bildirdi ki, Ukraynada və bir neçə başqa ölkələrdə bəzi universitetlərdə qəbul proseduru çox aşağı səviyyədədir. Belə ki, ora Azərbaycanda ali məktəblərə qəbul imtahanı zamanı 12 bal toplamış insanlar, sadəcə, attestatın surətini təqdim etməklə qəbul olunurlar: “Təhsil haqqını ödəyirlər və bir çox halda 4 il bakalavr pilləsində, 2 il magistratura pilləsində cəmi bir neçə dəfə universitetdə olurlar, amma nəticədə diplom da alırlar. Bu diplomların tanınması, sadəcə, təhsil haqqı ödəmək və bir neçə dəfə universitetdə görünməklə həmin şəxslərin həmin sahələr üzrə mütəxəssis olmaqlarını təsdiq etmək deməkdir. Bu isə yüksək bal toplamış, illərlə universitet auditoriyalarında, kitabxanalarında istirahətindən, yuxusundan olub fədakarlıq edərək dərs oxumuş, müxtəlif bilik və bacarıqlar əldə etmiş şəxslərə qarşı haqsızlıq olardı. Bu baxımdan, bəzi universitetlərin diplomlarının tanınmaması normaldır və bunu gənclərin xaricdə təhsili üçün maneə adlandırmaq doğru olmaz”.
“4 il o təhsil müəssisəsinə getmədən diplom alıb, sonra o diplomun ölkədə tanınmasını istəmək absurddur”
Təhsil eksperti dedi ki, xaricdə təhsil alanların təqaüdlərinin azaldılması ilə Azərbaycanın iqtisadi vəziyyəti, xərclərin azaldılması istiqamətində cəhdlərdən biri ola bilər. Onun fikrincə, iqtisadiyyatı neftdən asılı olan ölkənin neft qiymətlərinin aşağı olduğu dövrdə digər bir çox səmərəsiz investisiya layihələri, büdcə xərclərini azaltdığı dövrdə, ən çox xaricdə təhsilə ayrılan vəsaiti artırmalıdır: “Azərbaycanı indiki və gələcəkdəki iqtisadi problemlərdən çıxaracaq insan kapitalına daha çox vəsait ölkədə qalar. Azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər. İlk olaraq diqqət olunmalıdır ki, gedəcəkləri universitetin xaricdən tələbə almaq icazəsi varmı? Digər tərəfdən, xarici təhsil aldığı ali məktəblərin diplomlarının tanınması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı Sərhəd Qoşunlarına sorğu yollamalıdır. Ən əsas məsələ isə şəxsin xaricdə təhsil aldığı ali məktəblə Azərbaycan Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Əgər müvafiq müqavilə olmasa, həmin diplom tanınmayacaq. Azərbaycanda məzun olan tələbələrin 7 mini Dağıstan universitetlərinə gedib. Dağıstan universitetləri isə birmənalı olaraq tanınmır. Yəni 4 il müddətində həmin təhsil mərkəzinə getmədən diplom alaraq o diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir”.
Müsahibimiz bu baxımdan tövsiyyə edir ki, xaricdə təhsil almaqla bağlı əhali ciddi məlumatlanmalıdır. Ekspertin fikrincə, Azərbaycanda ali məktəblərə qəbul olmayan şəxslər ilk növbədə orta məktəb sənədi ilə xarici ölkələrdə təhsil almağa üz tutur: “Bu zaman valideynlər, abituriyentlər bir neçə vacib nüanslara diqqət yetirməlidir. Birincisi, baxsınlar ki, övladlarının təhsil alacağı universitet nostirifkasiya.edu.az saytında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınırmı. İkincisi, həmən universitetin özünün fəaliyyət göstərdiyi ölkədə fəaliyyət göstərmək üçün icazəsi, lisenziyası varmı? Bunlar ilkin əsas səbəblərdir”.
Ä°lgili resim
Cəsarət Valehov: “Tələbə hətta Harvardda da təhsil almış olsa...”
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, xaricdə elə bir universitet yoxdur ki, Təhsil Nazirliyi tərəfindən oranın diplomu nostrifikasiyadan keçmədən birbaşa tanınsın. Onun sözlərinə görə, Təhsil Nazirliyinin akkreditasiya və nostrifikasiya idarəsi diplomun tanınmamasının əsas səbəbləri olaraq tələbənin təhsil aldığı müddətdə Azərbaycana giriş-çıxışı arasında uyğunsuzluğu və təhsil aldığı dili bilməməsini göstərir: “Məzun hətta Harvard Universitetini də bitirmiş olsa, onun diplomu nostrifikasiyadan keçməlidir. Sadəcə, müvafiq qayda ilə tənzimlənir, nüfuzlu universitetlərin tanınması, diplomların təsdiq olunması prosesi daha sadələşdirilmiş formada icra olunur”.
C.Valehov dedi ki, Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən abituriyentlər üçün konkret ali məktəblərin siyahısını hazırlamayıb: “Abituriyent o universitetin qəbul şərtləri, lisensiya alıb-almadığını, qanuni fəaliyyət göstərib-göstərmədiyini özü öyrənməlidir. Qəbul şərtlərinin necəliyindən asılı olmayaraq. Hər bir universitetin qəbul şərtləri var. Məqsəd odur ki, tələbə real bilik alsın və real aldığı biliyin dilini bilsin. Həmin müddətdə həmin universitetdə olsun. Daha çox elə olur ki, tələbə həmin universitetdə qeydiyyatdan keçir, ildə bir dəfə getməklə, şifahi sorğu göstərməklə işini bitmiş hesab edilr. Amma diplomun tanınma prosesində sənədlər saf-çürük edilir. Sorğular göndərilir. Tələbənin hansı vaxtda orada olması barədə sorğu göndərilir”.
Sevinc TELMANQIZI,
“Yeni Müsavat”