697 ballıq keçid balı: Fənn olimpiadası qaliblərinə güzəşt doğrudurmu? - AÇIQLAMA
ADA Universitetinin Kompüter elmləri ixtisasında keçid balı 697 olub. Məlumata görə, buna Respublika Fənn Olimpiadalarının (RFO) qaliblərinin həmin ixtisasa tam yerləşdirilməsi səbəb olub. İxtisas üzrə bir yer boş qalıb və həmin yerə 697 balla qəbul həyata keçirilib.
Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, dünyanın beynəlxalq təcrübəsinə baxdıqda, müxtəlif ölkələrdə, xüsusilə də təhsili inkişaf etmiş ölkələrdə, hətta Amerika, Kanada, İngiltərə kimi ölkələrdə yerləşən aparıcı universitetlərdə belə beynəlxalq olimpiada nəticələrinə əsasən birbaşa ali təhsil müəssisələrinə qəbul edirlər və belə tələbələrə xüsusi təqaüdlər də verirlər:
"Qaliblərə ali təhsil müəssisələrini seçmək hüququnun verilməsi tamamilə doğrudur. Həmçinin rayon fənn olimpiadasına hazırlaşmağın özü məsuliyyət tələb edir. Bununla yanaşı, rayon fənn olimpiadasının qalibi olmaq — birinci, ikinci və üçüncü yer tutmaq — həqiqətən də hər şagirdə nəsib olmur. Bu, həm istedad, həm də nailiyyətdir və həmin nailiyyəti mütləq qiymətləndirmək lazımdır. Ona görə də məhz Elm və Təhsil Nazirliyi tərəfindən fənn olimpiadalarında birinci, ikinci və üçüncü yer tutan abituriyentlərə, xüsusilə də hər hansı müsabiqə olmadan, yəni müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul imkanı yaradılır. Bu universitetlər arasında abituriyentlərin daha çox seçdiyi ali təhsil müəssisələrindən biri, əlbəttə ki, ADA Universitetidir".
Müsahibimiz vurğuladı ki, ADA Universitetinə verilən plan yerlərinin həmin olimpiada qalibləri tərəfindən seçilməsi, əlbəttə, həm ADA Universiteti, həm də tələbələr üçün fəxarətdir:
"Çünki tələbələr ADA kimi bir universitetdə təhsil almaq imkanı əldə edirlər. Plan yeri isə az qalır. Bir plan yeri qalıb. Həmin bir yer də, təbii ki, abituriyentlərə təqdim edildiyi təqdirdə, ən yüksək bal toplayan abituriyentin həmin yerə qəbul olması ilə keçid balını məhz 697 bal olaraq formalaşdırıb. Bu, normal bir haldır və belə də olmalıdır. Niyə belə olmalıdır? Çünki fənn olimpiadası qalibləri universitetlərə müsabiqədənkənar qəbul olunurlar. Yəni, misal üçün, Dünya Fənn Olimpiadasında hər hansı birinci, ikinci və ya üçüncü yer tutan namizəd xarici universitetlərə müraciət etsə, həmin universitetlər o tələbəni əlavə hər hansı müsabiqə olmadan qəbul edəcək, hətta ödənişsiz təhsil almasını təmin edəcək, üstəlik, təqaüd belə verəcək. Yəni bunu dünyanın aparıcı universitetləri edirsə və bizim potensiallı uşaqları bu şəkildə cəlb edirsə, niyə biz özümüz bunu etməyək? ADA Universiteti çox gözəl bir təşəbbüs göstərib. Öz uşaqlarımızı, potensiallı gənclərimizi ölkəmizdə saxlayaraq onların gələcəkdə Azərbaycana töhfə vermələrinə müəyyən qədər dəstək göstərəcək".
Aytəkin TOFİQQIZI