Məktəblərdə valideynlər üçün rəsmi qəbul sistemi tətbiq olunacaq? - AÇIQLAMA
Türkiyədə 2026/2027-ci tədris ilindən məktəblərdə təhlükəsizlik və nizam-intizam qaydaları sərtləşdiriləcək. Yeni qaydalara əsasən, valideynlər yalnız əvvəlcədən “Məktəb Randevu Sistemi” vasitəsilə qeydiyyatdan keçərək məktəbə daxil ola biləcəklər.
Bəs, Azərbaycanda da belə bir sistem ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirdi ki, Türkiyədə məktəblərin və ali təhsil müəssisələrinin təhlükəsizliyinin yüksək səviyyədə qorunması, eyni zamanda valideynlərin təhsil müəssisələrinin fəaliyyətinə nəzarətsiz müdaxiləsinin qarşısının alınması məqsədilə görüşlərin mütəşəkkil və icazəli şəkildə həyata keçirilməsi dəstəklənir və bu istiqamətdə addımlar atılır:
"Təbii ki, Azərbaycanda da orta məktəblərdə təhlükəsizlik məsələlərinə və təhsil müəssisələrinə gələn valideynlərə nəzarət olunur. Məsələn, direktorun və ya rəhbərliyin məlumatı olmadan valideynlərin məktəb daxilinə buraxılması mümkün deyil. Bu baxımdan bizdə də nəzarət kifayət qədər güclüdür. Görüş üçün rəsmi “randevu sistemi” tətbiq edilməsə də, valideynlər adətən əvvəlcədən direktor və ya onun müavinləri ilə əlaqə saxlayaraq vaxt təyin edir və sonra məktəbə gəlirlər. Çünki bəzi hallarda valideyn məktəbə əvvəlcədən xəbərdarlıq etmədən gəldikdə direktorun həmin vaxt görüş üçün imkanı olmaya bilər. Düşünürəm ki, bu sistem müəyyən mənada artıq Azərbaycanda mövcuddur, sadəcə rəsmi formata salınmayıb. Onun rəsmi şəkildə tətbiqi əlavə bürokratik prosedurlara səbəb ola bilər. Buna görə də hazırkı mərhələdə belə bir sistemə xüsusi ehtiyac görmürəm. Çünki məktəblərin təhlükəsizliyi və məktəbə giriş-çıxışa nəzarət bu baxımdan kifayət qədər yüksək səviyyədə təmin olunur".
NURİYYƏ