Nazir məktəblərdə mobil telefonlardan istifadə qaydalarına AYDINLIQ GƏTİRİB
"Məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı qaydaların tətbiqinin əsas məqsədi tədris prosesinin pozulmasının qarşısını almaqdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, dərs zamanı şagirdlərin mobil telefondan danışmaq, oyun oynamaq və ya digər məqsədlərlə istifadə etməsi təlim prosesinə mənfi təsir göstərir:
"Buna görə də bu sahədə vahid qaydaların tətbiqinə ehtiyac var. Şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilmir, lakin dərs müddətində telefonlardan istifadə yolverilməzdir və onlar müəyyən edilmiş qaydalara uyğun saxlanılmalıdır. Telefondan istifadə ilə bağlı yalnız fövqəladə və ya təxirəsalınmaz hallarda istisnalar mümkündür.