azia.az
azia.az

Sertifikasiyada iştirak edəcək müəllimlərə ÇAĞIRIŞ: "Saniyəölçənlə işləmək lazımdır"

Bu gün, 14:18

"Təhsilverənlərin sertifikasiya imtahanına artıq sayılı günlər qalıb. Bu qısa və həlledici zaman kəsiyində müəllimlərimiz ilk növbədə rəsmi çərçivə sənədini (mövzular siyahısını) qarşılarına qoymalı və hansı mövzularda zəiflikləri varsa, bu günlərdə yalnız həmin nöqtələrə fokuslanmalıdırlar; bildikləri mövzulara yenidən uzun-uzun vaxt ayırmaq sadəcə zaman itkisidir. Bununla yanaşı, təcrübə qazanmaq üçün ötən il düşən sual tiplərini və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən paylaşılan rəsmi nümunələri mütləq saniyəölçənlə işləmək lazımdır ki, imtahanda vaxtı düzgün bölüşdürmək vərdişi formalaşsın".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca müəllimlərin sertifikasiya imtahanlarına necə hazırlaşmalı olduqlarından danışarkən bildirdi.

"Metodika və kurikulum hazırlığında qaydaları kor-koranə əzbərləməkdən uzaq durmaq, "bu situasiyada müəllim necə davranmalıdır?", "effektiv rəy necə verilməlidir?" kimi situasiya tipli suallara diqqət yetirmək lazımdır. Müəllim özünü sinifdə təsəvvür edərək məntiqi qərarlar verməyi bacarmalıdır. Nəhayət, imtahan kompüter vasitəsilə keçirildiyi üçün monitor qarşısında test işləmək həyəcanını yenmək və cavabları sistemə qeyd edərkən son dərəcə diqqətli olmaq vacibdir, çünki həyəcan biliklərin ən böyük düşmənidir.
Sertifikasiya sizin illərlə qazandığınız pedaqoji təcrübəni və xalq qarşısındakı nüfuzunuzu əlinizdən ala bilməz. Bu, sadəcə fəaliyyətin rəsmiləşdirilməsi üçün bir mərhələdir. Özünüzə, biliyinizə və peşəkarlığınıza güvənin", - deyə o müəllimlərə çağırış etdi.

Ş.Qoca sonda bütün müəllimlərə 17-25 iyun tarixlərində keçiriləcək sertifikasiya imtahanlarında uğurlar, polad kimi möhkəm iradə və yüksək nəticələr arzuladı:

"Qələminiz kəsərli, zəhmətiniz hər zaman uca tutulsun".

Aytəkin TOFİQQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi