azia.az
azia.az

Məktəblər niyə hədəfə çevrilir?-Virtual asılılıqdan...

Bu gün, 08:27

Türkiyə son günlər ard-arda baş verən və təhsil ocaqlarını qan gölünə çevirən məktəb hücumlarının şokunu yaşayır. Şanlıurfa və Kahramanmaraşda törədilən bu cinayətlər sadəcə fərdi cinayət hadisəsi deyil, müasir dövrün gəncliyi arasında sürətlə yayılan “rəqəmsal şiddət epidemiyası”nın ən acı təzahürüdür. Bir neçə saatlıq zaman fərqi ilə baş verən bu iki faciənin ortaq nöqtəsi isə hər kəsi dərindən düşündürməlidir: Cinayəti törədən şəxslərin hər ikisinin uzun müddət şiddət tərkibli, döyüş və qətl ssenariləri üzərində qurulan “PUBG” oyununun aludəçisi olması.

Virtual dünyada hədəfləri məhv etməyi “uğur” kimi qəbul edən yeniyetmələrin, real həyatda sinif yoldaşlarını və müəllimlərini hədəf alması artıq bir siqnal deyil, ciddi bir sosio-psixoloji böhrandır. Xüsusilə Kahramanmaraşda 8-ci sinif şagirdinin atasının silahı ilə məktəbə daxil olaraq törətdiyi qətliam, silaha əlçatanlıq və nəzarətsiz texnologiya istifadəsinin nə dərəcədə təhlükəli olduğunu bir daha sübut etdi. 9 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən bu hadisələr gənclərin virtual aləmin təsiri ilə necə idarəolunan “canlı bombaya” çevrildiyini ortaya qoyur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış psixoloq Nərgiz Əliyeva qeyd edib ki, bu cür faciələr təsadüfi deyil, uzunmüddətli psixoloji aşınmanın nəticəsidir: “Şiddət tərkibli oyunlar, xüsusilə ‘PUBG’ kimi sağ qalmaq üçün öldürməyi hədəf seçən platformalar, yeniyetmələrdə empatiya hissini yox edir. Uşaq saatlarla ekranda insanları hədəf alıb atəş açdıqca, ölüm və ağrı anlayışı onun beynində adiləşir. Real həyatla virtual dünya arasındakı sərhəd itdikdə isə, oyunçu özünü həmin ‘döyüş meydanında’ hiss etməyə başlayır”.

Onun sözlərinə görə, ailələrin bu məsələdə nəzarəti itirməsi faciəyə gedən yolu qısaldır: “Cinayəti törədən yeniyetmənin atasının silahlarına bu qədər asan əli çatması və saatlarla nəzarətsiz oyun oynaması böyük bir boşluğun göstəricisidir. Gənclər bu oyunlar vasitəsilə daxili aqressiyalarını ‘boşaltmaq’ əvəzinə, daha da alovlandırırlar. Şiddət oyunları bir növ ‘rəqəmsal narkotik’ effekti yaradaraq asılılıq formalaşdırır və fərdin sosial mühitdən qopmasına səbəb olur”.

Əliyeva qeyd edib ki, bu cür halların qarşısını almaq üçün təkcə qadağalar kifayət deyil, ciddi profilaktik tədbirlər görülməlidir: “Məktəblərdə psixoloji monitorinqlər gücləndirilməli, uşaqların davranışındakı qəfil dəyişikliklərə – qapalılıq, aqressiya, silahlara maraq kimi hallara vaxtında reaksiya verilməlidir. Cəmiyyət olaraq anlamalıyıq ki, virtual dünyada tökülən ‘rəqəmsal qan’ bir gün real həyatda ailələrin göz yaşına çevrilə bilər. Valideynlər uşaqlarının hansı oyunları oynadığına deyil, o oyunların uşaqda hansı hissləri oyatdığına diqqət etməlidirlər”.

Tunar


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi