azia.az
azia.az

"Artıq insanlar anlayır ki, peşə təhsili uğurlu gələcəyə aparan ən düzgün seçimlərdən biridir" - Aysel Onur

Bu gün, 08:18

"Peşə təhsili müasir dövrdə cəmiyyət üçün ən vacib təhsil istiqamətlərindən biridir. Bu təhsil yalnız fərdi inkişafı deyil, bütövlükdə cəmiyyətin tərəqqisini təmin edən əsas amillərdən biridir. Çünki hər bir sahənin inkişafı üçün təkcə nəzəri biliklər kifayət etmir, eyni zamanda peşəkar bacarıqlara malik insanlara böyük ehtiyac var".

Bu fikirləri peşə təhsili haqqında Redaktor.az-a danışan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Aysel Onur bildirdi.

O əlavə etdi ki, uzun illər cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, uğur qazanmağın yeganə yolu ali təhsil almaqdır:

"Lakin bu yanaşma artıq dəyişməkdədir. Müasir dövrdə cəmiyyət daha çox bacarıqlı, işini bilən və praktik düşünən insanlara üstünlük verir. Artıq insanlar anlayır ki, hər kəsin yolu eyni deyil və peşə təhsili də uğurlu gələcəyə aparan ən düzgün seçimlərdən biridir. Peşə təhsilinin əsas üstünlüyü ondan ibarətdir ki, o, insanı birbaşa həyata və əmək fəaliyyətinə hazırlayır. Bu sahədə təhsil alan şəxslər konkret bacarıqlara yiyələnir, istehsalatda, xidmət sektorunda və digər sahələrdə aktiv rol oynayırlar. Nəticədə, bu da cəmiyyətin həm iqtisadi, həm də sosial inkişafına birbaşa təsir göstərir. Digər mühüm məqam isə peşə təhsilinin işsizliyin azalmasına verdiyi töhfədir. Çünki bu sahədə hazırlanan kadrlar əmək bazarının tələblərinə uyğun formalaşır və daha qısa müddətdə iş tapmaq imkanı əldə edirlər. Bu isə cəmiyyət üçün daha stabil və məhsuldar mühit deməkdir. Mən bir müəllim kimi qeyd etmək istərdim ki, bu gün peşə təhsilinə münasibət artıq dəyişir və bu dəyişiklik müsbət istiqamətdədir. Valideynlər və gənclər seçim edərkən daha düşüncəli yanaşır, yalnız diplomun deyil, real bacarıq və peşə sahibi olmağın vacibliyini daha yaxşı anlayırlar. Nəticə olaraq, peşə təhsili insanı həyata hazırlayan, onu faydalı və məhsuldar fərd kimi formalaşdıran, eyni zamanda cəmiyyətin inkişafında mühüm rol oynayan vacib təhsil sahəsidir. Bu sahəyə düzgün yanaşma həm fərdi uğurun, həm də ümumi ictimai inkişafın əsas açarlarından biridir".

NURİYYƏ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi