Rüfət Əzizovun rektoru olduğu ADNSU-da 192 min manatlıq aviabilet alınır
"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" publik hüquqi şəxsi universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) üçün 2026-cı il ərzində müxtəlif istiqamətlər üzrə aviabiletlərin satın alınması məqsədilə tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 192.495,50 AZN məbləğində müəyyənləşdirilib.
Satınalma şərtlərinə əsasən, əsas yükü Fransa–Bakı–Fransa istiqaməti üzrə 154 ədəd gediş-dönüş bileti təşkil edir ki, bu da layihənin spesifikasını nəzərə alsaq anlaşılandır, lakin siyahıda Avropa, Yaxın Şərq, Asiya, Cənubi Amerika, Şimali Amerika və Afrika istiqamətlərinin də (cəmi 178 bilet) yer alması coğrafi əhatə dairəsinin həddindən artıq geniş, hətta bəzi qitələr üçün cəmi 1-2 biletlə məhdudlaşması maraq doğurur. Bütün biletlər üçün ekonom sinif, maksimum 1 və ya 2 tranzit nöqtəsi (əsasən İstanbul və Frankfurt), 20 kq baqaj və 6-8 saatlıq tranzit müddəti kimi tələblər qoyulub. Şərtlər arasında sifarişlərin 14-21 gün əvvəldən bildirilməsi tələbi çeviklik baxımından müsbət görünsə də, qlobal aviasiya bazarındakı qiymət dalğalanmaları fonunda bu qədər fərqli qitələr üçün vahid tenderin keçirilməsi icraçı şirkət üçün müəyyən risklər yarada bilər. İştirakçılar təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.
Qeyd edəki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Eyvaz oğlu Əzizovdur
Ayaz