Pul tələsi və tanınmayan diplomlar-Attestatla xaricdə təhsil
Son illərdə ölkəmizdə abituriyentlərin attestatla xarici ölkələrə, xüsusən Türkiyə universitetlərinə oxumağa getməsi halları artıb. Daha çox DİM qəbul imtahanlarında yetərli balı yığa bilməyənlər bu yola əl atırlar. Xaricdə təhsil şirkətlərinin də attestatla təhsillə bağlı reklamlarını hər yerdə görmək mümkündür. Bəs, sözügedən formada təhsil nə dərəcədə effektlidir?
Azia.az bloqu xəbər verir ki, metbuat.az məsələ ilə bağlı mütəxəssislərin rəyini öyrənib. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, attestatla tələbə qəbul edən universitetlər reytinqli və prestijli universitetlər deyil və onların verdiyi təhsil də keyfiyyətli olmur:
"Onlarla, yüzlərlə abituriyentimiz attestatla Türkiyə universitetlərinə qəbul alırlar. Mən hesab etmirəm ki, attestatla qəbul edən universitetlər Türkiyənin tanınmış universitetləridir, bu, bir mənalı olaraq belə deyil. Dövlət universitetlərinə qəbulla bağlı təbii ki, şərtlər var. Türkiyənin nüfuzlu ali təhsil müəssisələri var ki, dünya reytinqində yer alırlar və həmin universitetlər qəbula da beynəlxalq standartlar çərçivəsində yanaşırlar, kimi gəldi attestatla qəbul etmirlər.
Attestatla qəbul edən müəssisələr özəl universitetlərdir və onların bu siyasətinin arxasında daha çox pul qazanmaq dayanır. Baxmayaraq ki, bu universitetlərdə təhsilin səviyyəsi elə də yüksək deyil, lakin bizim tələbələrin çoxu heç orada təhsillərini davam etdirə bilmirlər. Çünki Türkiyədə ali təhsildə güzəşt yoxdur, digər neqativ hallar yoxdur. Çoxu heç universiteti bitirə bilmirlər".
İlqar Orucov onu da vurğulayıb ki, Azərbaycanda valideynlər övladlarının ali təhsil almasını həyati məsələyə çeviriblər və xaricdə təhsil şirkətləri bundan istifadə edir:
"Azərbaycanda bu sahədə böyük bazar formalaşıb, bu şirkətlərin qurbanına çevrilənlər də var. Təkcə Türkiyəyə yox, Gürcüstan, Ukrayna, Rusiya universitetlərinə göndərilən tələbələr də görürük. Bir çox hallarda onlar diplomların tanınması ilə bağlı ciddi problemlərlə qarşılaşırlar. Düzdür, son illərdə diplomların tanınması ilə bağlı qaydalar yumşaldılıb və mən bunun tərəfdarı deyiləm. Diplomların tanınması ilə bağlı yanaşmalar fərqli olmalıdır və hamıya eyni münasibət düzgün deyil.
Hansısa ölkəyə övladını göndərən valideyn bilməlidir ki, mənim övladımın savadı yoxdursa, mən bu pulları nahaq xərcləyirəm, zamanını da nahaq alıram. Bu məsələdə valideynlər maarifləndirilməlidir. 100 bal yığa bilməyən şəxs necə gedib xaricdə keyfiyyətli təhsil ala bilər? Bu, özünü aldatmaqdan başqa bir şey deyil".
Mövzu ilə bağlı fikirlərini bölüşən təhsil üzrə ekspert Elmin Nuri Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkətlərinin fəaliyyətinə toxunub:
"Hər il ixtisas seçiminin nəticələri açıqlanandan sonra, universitetə qəbul ola bilməyən yüzlərlə şəxs yeganə çıxış yolu kimi xaricdə attestatla təhsil almağa üz tutur. Məhz bu məqamda xaricdə təhsil şirkətləri gücləndirilmiş rejimə keçirlər. Təsəvvür edin elə şirkətlər var ki, onlar ixtisas seçimi açıqlanandan dərslər başlayana qədər 1 aylıq müddətdə fəaliyyət göstərirlər və ondan sonra artıq o şirkətləri görən olmur.
Xaricdə təhsil şirkətlərinin işi çox ciddi və məsuliyyətlidir. Tələbələrin göndərildiyi universitetlərin tədris keyfiyyəti, diplomların tanınması, hüquqi məsələlər diqqətdə olmalıdır. Bizdə şirkətlər əsasən Türkiyə, Ukrayna, Polşa, Rusiya, Gürcüstan, Çexiya universitetlərinə tələbə göndərməklə məşğuldurlar və burada həmin ölkələrin prestijli universitetləri yer almır".
Ekspert qeyd edib ki, ölkəmizdə valideynlərin övladlarının ali təhsil almasına yanlış yanaşmaları da problemin digər tərəfidir:
"Uzun illərdir bu bazarda fəaliyyət göstərən şirkətlər olsa da, məsələnin hüquqi tərəfinə o qədər də diqqət etməyən, ən əsası gənclərimizin həssas durumundan, onların valideynlərinin narahatlığından istifadə edərək, nə olursa-olsun onların övladlarını ali məktəb tələbəsi edəcəklərinə söz verən, amma işlərini qətiyyən etibarlılıq prinsipi üzərində qurmayan "şirkətlərə" də rast gələ bilirik.
Bu sahədə müəyyən işlər görülür. Lakin təəssüf ki, hələ də övladını attestatla xaricdə oxumağa göndərənlər var. Xaricdə təhsil üçün dövlət proqramları var, ora müraciət etsinlər, öz bilik və bacarığına görə fərqlənən uşaqlar dövlət hesabına gedib təhsil ala bilərlər.
Mən attestatla təhsil məsələsini qətiyyən qəbul etmirəm. Reytinqli universitet ümumiyyətlə attestla tələbə qəbul etməz. Təəssüf ki, bizdə universitetə qəbul valideynlər üçün rəqabət mövzusu olduğuna görə, "övladım təki çöldə qalmasın" düşüncəsinə görə bütün yollara əl atırıq. Xaricdə təhsil şirkətləri də bundan istifadə edərək pul qazanır və bir çox gənclərimizin təhsil talelərini sual altında qoymuş olurlar".