azia.az
azia.az

Dövləti aldadıblar, tələbələr birbaşa QMİ-ni məhkəməyə verə bilərlər - DİPLOM QALMAQALI

11-03-2022, 12:26

Dövləti aldadıblar, tələbələr birbaşa QMİ-ni məhkəməyə verə bilərlər - DİPLOM QALMAQALI
Bakı İslam Universitetində (BİU) 3550 nəfər tələbə ilə bağlı hökumətə müraciət olunub. Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb. Hökumət müraciətə cavab olaraq bildirib ki, 2009-cu ilə qədər Bakı İslam Universiteti (BİU) lisenziya olmadan fəaliyyət göstərib. BİU-ya və universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrinə tələbə qəbulu universitet tərəfindən, mövcud təsnifatda olmayan (axund, imam, islamşünas, şəriət müəllimi) ixtisası üzrə aparılıb. Məzunlara dövlət nümunəli olmayan diplomlar verilib. Bu səbəbdən BİU-ya və universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrinə qəbul olunmuş və təhsilini başa vuraraq dövlət nümunəli olmayan diplom almış şəxslər məsələnin hüquqi müstəvidə həll edilməsi üçün aidiyyəti məhkəmə orqanlarına müraciət edə bilərlər.

Məlumdur ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdindəki BİU-nun tələbə qəbulu həyata keçirib. Bu, hətta ödənişli əsaslarla həyata keçirilib. Amma indi məlum olur ki, ortada böyük bir fırıldaq var imiş. BİU lisenziyasız fəaliyyət göstərməsinə kimlər şərait yaradıb, pulları kimlər mənimsəyib və nəhayət, kim məsuliyyət daşımalıdır? Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “Bu məsələ ilə bağlı Milli Məclisdə bir neçə dəfə çıxış etmişəm ki, həmin tələbələrin problemi həll olunsun. Təhsil Nazirliyinə də bir neçə dəfə məktub yazmışam. Mətbuatda da bu məsələni qaldırmışam. Hesab edirəm ki, bu problemə mütləq baxılmalıdır. Burada 3500-dən artıq tələbədən söhbət gedir. Bu tələbələr 4 il oxuyublar, 4 il təhsil haqqı veriblər, az olmayan vəsait ödəyiblər. Bundan sonra deyiblər ki, diplomunuz tanınmır.

Onların ailələri çox çətin durumdadır. Onlar bu gün təhsilin növbəti pillələrində təhsillərini davam etdirə bilmirlər, dövlət qulluğuna işə qəbul edilə bilmirlər. Kimlər ki, dövlət qulluğunda çalışırlar, onları da işdən azad ediblər. Diplomunuzda problem var deyib işdən uzaqlaşdırırlar. Diplomda problem varsa, bunu ümumiləşdirib hamıya şamil edə bilmərik. Nümunəvi diplom olmayıb və sairə deyirlər. İndi bu tələbələrin nə günahı var, onlar nə etməlidirlər. Bu məsələyə baxılmalıdır. Kiminsə diplomunda problem varsa, qeyri-qanuni yolla alıbsa, ona fərdi yanaşmaq olar. Bakı İslam Universitetinin əvvəlki rəhbərliyi, eləcə də Təhsil Nazirliyi bu məsələyə baxmalıdır. 3550 insan, bu az rəqəm deyil”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədr müavini Elçin Əsgərov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Bakı İslam Universitetinin lisenziyasız fəaliyyət göstərməsi onun öz ”günahı" və ya təşəbbüsü deyildi. Həmin dövrlərdə BİU da, QMİ də, DQİDK də dəfələrlə bu problemi həll etməyə çalışıblar. Problem ondan qaynaqlanırdı ki, Bakı İslam Universiteti Qafqaz Müsəlmanları İdarəsinin nəzdində idi və din xadimləri yetişdirirdi. Dövlət proqramında isə bildiyimə görə, elə bir ixtisas yox idi. BİU-ya qəbul olan tələbələr birbaşa qəbul olurdular. Dövlət İmtahan Mərkəzinin xətti ilə imtahandan keçmirdilər. Özləri gedib birbaşa müraciət edirdilər, elə də qəbul olunurdular. Təhsil Nazirliyi də bunlara lisenziya vermirdi. Baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsi və universitet rəhbərliyi dəfələrlə məsələ qaldırırdılar, lisenziya alınmasını istəyirdilər. Təhsil Nazirliyi lisenziyanı vermirdi, nəticədə də tələbələr DİM-in sistemi ilə qəbul olunmurdular. TN bildirirdi ki, bu, təhsil sisteminə uyğun deyil. Amma yenə də təkrar edirəm, bu onların öz təşəbbüsü olmayıb ki, deyək ki, nə isə fırıldaq ediblər. Vəziyyət belə də qalmışdı. Baxmayaraq ki, o vaxt BİU-nin diplomunu bir çox yerlərdə tanıyırdılar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onların diplomunu tanıyırdı, hətta universitetdən arayış təqdim edən tələbələrə əsgərlikdən möhlət hüququ verilirdi. Amma Təhsil Nazirliyi bunlara lisenziya vermirdi. Yəni qəbul prosesində uyğunsuzluq olduğu üçün lisenziya vermirdi. Sonra isə nəhayət lisenziya verildi. Tələbələr başladılar DİM-in keçirdiyi imtahanlarla qəbul olunmağa. Amma lisenziya verilənə qədər olan dövrdə 3500-ə yaxın tələbə artıq oranı bitirmişdi. Həmin tələbələrin diplomları qalıb. Bu, məhkəmə yolu ilə təmin olunmalıdır, ya başqa yolla, bilmirəm, amma hansısa formada həll olunmalıdır. Ola bilər ki, Bakı İslam Universitetində bəzi şəxslər tərəfindən qanunsuzluğa yol verilib. Nəzarətdə olmadığı üçün kənar diplomlar da verilib. Amma hesab etmirəm ki, belə faktlar kütləvi olsun".

Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “Bakı İslam Universitetində 3550 nəfər təhsil adı ilə bura cəlb olunub, hazırda insanların taleyi ilə bağlı narahatedici məqamlar ortadadır. BİU bilirdik ki, uzun illər QMİ-nin nəzdində fəaliyyət göstərirdi. Bildiyim qədər bu universitetə qəbul DİM xətti ilə keçirilmirdi. Burada özünəməxsus qaydalar formalaşmışdı. Burada bir məqama diqqət etmək lazımdır. Mömin adamın bütün əməlləri halal olmalıdır. Amma biz nə görürük. 3500-dən çox vətəndaşımızın taleyi ilə oynayıblar. Kimlərinsə universitet adı ilə yaratdıqları bu qurumda Azərbaycan vətəndaşlarının külli miqdarda pulları mənimsənilib. Lisenziya olmadan heç adi kurs belə işləyə bilmir. Deməli, bu adamlar himayə olunublar. Deməli, bu adamların arxasında böyük qüvvələr olub, kifayət qədər güclü insanlar olub. Biz bu cür təcrübəni birinci dəfə deyil ki, yaşayırıq. Bir dəfə də müstəqilliyin ilk illərində bu cür, lisenziya olmadan aldadan universitetlər çox olub. Son zamanlara qədər fəaliyyət göstərən Beynəlxalq Universitetin timsalında nə qədər insan zərər çəkdi, insanların pulları yeyildi, sovruldu. Elşad Abdullayev adlı dələduzun əli ilə nə qədər insan zərər çəkdi. Bu cür qanunları heçə alan adamlar həmişə olub. Əsas odur ki, o insanların fəaliyyəti üçün mühit olmasın. Mühit olanda, cəzasızlıq olanda cinayət yoluna əl atırlar. Burada da cinayət var, lisenziya olmadan necə belə bir məsuliyyəti öz üzərinə götürə bilərsən. Kimlərsə milyonlar qazanıb, kimlərsə bədbəxt olub. Bakı İslam Universitetində axund, imam, islamşünas ixtisası üzrə qəbul aparılıb. Mövcud təsnifatda bu ixtisasların adları olmayıb. O vaxt bilirdim bu universitet ətrafında nələr baş verir. Dövlət nəhayət ki, Azərbaycanda İlahiyyat Universitetini yaratdı. Burada artıq dövlət nümunəvi diplomlar verilir. Həm keçmiş, həm də indiki rektorun vaxtında da çox nümunəvi təhsil mühiti yaradılıb. Savadlı dinşünaslar orada təhsil verirlər. Təkcə İslam deyil, digər dinlərlə bağlı təhsil almaq üçün də şərait yaradılıb. Bax, bu universitetdir. Yoxsa Bakı İslam Universiteti kimi, evlərdə diplom verirdilər. Bu cür saxta əməllərlə məşğul olan adamlar Azərbaycanda din adından, İslam adından danışırlar. İslamda belə haram varmı? İnsanların etimadını oğurlayıblar. Dövləti aldadıblar. Bu işi himayə edənlər cəzalandırılmalıdır. Mən insanları da qınayıram. İnsanlar öz hüquqlarını bilmədən hərəkət ediblər. Lisenziyasının olub-olmadığını öyrənməyiblər. Özü də bunlar paytaxtın mərkəzində fəaliyyət göstəriblər. İşi araşdıranda çox məqamlar ortaya çıxır. Bunlar hansısa mağarada diplom verməyiblər, şəhərin mərkəzində diplom satıblar. Dələduzların fəaliyyətinin qarşısını almaq üçün qanunlar mütləq işləməlidir”.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, Bakı İslam Universiteti fəaliyyət göstərib və orada tələbə qəbulu aparılıb. Amma lisenziyanın olmamasının başlıca səbəbkarı təsis edən şəxslərdə və universitetin rəhbərliyindədir. Burada istər Təhsil Nazirliyinin, istərsə də DİM-in günahı yoxdur: “Əgər universitet yaradılıbsa, lisenziyası olmalıdır. Hansı ölkədə fəaliyyətindən asılı olmayaraq lisenziyasız işləyən universitetlərin diplomları tanınmır. Burada 3550 nəfərin diplomla bağlı müraciət etməsi onu deməyə əsas verir ki, burada qeyri-qanuni yollara əl atılıb, dələduzluq edilib. Tələbələr məhkəmələrə müraciət edə bilərlər. Onların təhsil aldıqları ixtisaslar dini universitetlərdə varsa, həmin tələbələrə, məsələn, İlahiyyat İnstitutunun diplomu verilə bilər. Ola bilər ki, müsabiqə tətbiq olunsun. Həmin müsabiqə əsasında diplomlar verilə bilər. Universitet QMİ-nin tabeliyində fəaliyyət göstəribsə, məsuliyyət də qurumdadır. Mənimsəmə faktları bu qurumun ixtiyarındandır. Ona görə tələbələr birbaşa adı keçən qurumu məhkəməyə verə bilərlər”.

Qeyd edək ki, mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, cavab verilmədi.

Dövləti aldadıblar, tələbələr birbaşa QMİ-ni məhkəməyə verə bilərlər - DİPLOM QALMAQALI
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi