azia.az
azia.az

Tanınmayan diplomladra batan milyonlar....

10-10-2022, 19:07

Bugünlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi sentyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Belə ki, sentyabr ayı üzrə 310 müraciətçinin 248-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 11, digər səbəblər üzrə 11 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 98, Türkiyədən 90, Ukraynadan 63, Gürcüstandan 15, Belarus Respublikasından 14, digər ölkələrdən isə 30 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 32, tibb üzrə 31, iqtisadiyyat üzrə 23, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

Diplomların tanınmaması ilə bağlı mövcud vəziyyət uzun müddətdir ki, davam edir. Belə ki, paytaxtda xarici ölkələrin universitetlərinə qəbulla bağlı bir sıra şirkət fəaliyyət göstərir və təhsilini xaricdə davam etdirmək istəyən bəzi gənclər bu şirkətə müraciət etməli olurlar. Ancaq problem ondadır ki, hazırda həm bu kimi xarici şirkətlər fəaliyyətini davam etdirir, həm də həmin şirkətlərin vasitəsilə xaricdə təhsil alıb gələnlərin diplomları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmır. Yəni şirkət öz işini, Agentlik isə öz işini görür, arada isə batan valideynlərin ödədiyi vəsaitlər və tələbənin nəticəsiz illəridir.

Mövcud vəziyyətdən çıxış yolu nədir?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, xarici ölkələrin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr hazırda üç kateqoriyaya bölünür:

“Birincisi, Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərincə bal toplamayan, ancaq ali təhsil arzusu olan şəxslərdir. Onlar universitetlərə qəbul zamanı hər hansı imtahan tələb olunmayan ölkələrə gedirlər ki, buraya Ukrayna, Rusiya, Gürcüstan, Türkiyə daxildir. İkinci kateqoriyaya isə Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplasalar da onların qəbul olduğu universitet, ixtisaslar onu qane etmir və öz vəsaiti hesabına oxumaq üçün xarici ölkəyə gedir. Nəhayət, üçüncü kateqoriyaya isə Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər daxildir.

Qeyd edim ki, hazırda Azərbaycandan kənarda 42 minə yaxın gənc təhsil alır. Onların daha çox təhsil aldığı ölkələr sırasında ilk yerdə Türkiyədir ki, həmin tələbələrin sayı 22 min nəfər təşkil edir. Daha sonra Ukraynadır ki, müharibə ilə əlaqədar onların sayı bir qədər azalıb ki, 8 min nəfər idi. Sonrakı yerləri Rusiya və Gürcüstan universitetləri təşkil edir. Həmin tələbələrin qayıdıb gələndən sonra diplomlarının tanınması ilə bağlı problem yaranan ölkələr sırasında ilk yerdə Ukrayna, sonra Rusiya və Gürcüstan gəlir.

Diplomların tanınmaması burada hansısa xaricə tələbə göndərən şirkətlə bağlı deyil. Bunun bir neçə səbəbi var. Təəssüflər olsun ki, Azərbaycan vətəndaşları daha asan yolla diplom almaqda maraqlı olurlar. Diplomları tanınmayan ölkələrə təhsil almağa gedənlər orada qiyabi təhsil alırlar və Azərbaycanın mövcud qanunvericiliyinin tələblərinə görə, təhsil alan şəxslər semestr ərzində 15 gün  həmin ölkənin ərazisində olmalıdır.

Yəni bizim gənclər həmin ölkələrə gedib, orada bir neçə gün ərzində imtahanı bu və ya digər şəkildə verib, qayıdıb ölkəyə gəlirlər. Çox az müddətdə həmin ölkənin ərazisində olurlar. Oxuduqları ölkələrin tədris dilini bilmirlər. Buraya gələndə Agentlik deyir “yaxşı eləmisən, oxumusan, bu sənin hüququndur. Təhsil aldığın dildə danış”. Bu zaman tələbə özünü ifadə edə bilmir”. 

Ekspert deyir ki, hazırda bundan başqa təhsil almaq forması ilə də bağlı problem var:

“Azərbaycanda yalnız əyani və qiyabi təhsil alan şəxslərin diplomları tanınır, distant diplomlar tanınmır.Məsələn, Türkiyədə distant oxuyanların diplomları tanınmır, eləcə də o ölkədə qiyabi təhsil yoxdur. Bunlar ciddi məsələlərdir. Doğrudur, burada xarici şirkət də məsuliyyət daşıyır, məlumat verməlidir ki, bu yolları bilməlisiz. Xarici ölkəyə gedənlər bilməlidirlər ki, onların seçdiyi universitetlərin öz ölkələrində lisenziyası varmı və bunun üçün “eric.naric.net” portalı var ki, oraya baxa bilərlər. Qiyabi 15 gün, əyani təhsil alırlarsa 90 gün ərzində semestrdə orada olmalıdırlar. Tədris dilini bilməlidirlər. Avropa ölkələrində, Türkiyədə əyani təhsil alanların diplomları birbaşa tanınır. Bir çox hallarda valideynlər, tələbələr məsuliyyətsizlik edirlər ki, sonra da problemlə üzləşirlər.

Distant təhsilə və onun xarici ölkələrdə tanınmasına gəldikdə isə Azərbaycan “Təhsil haqqında” Qanunun 13-cü maddəsində distant təhsil, təhsil formalarından biri kimi göstərilir. Ancaq biz bunun alətlərini, qanunvericilik bazasını hazırlamalıyıq. Ona qalsa, biz 2020-ci ilin martından 2021-ci ilin sentyabrınadək online dərs keçdik. 

Yəni etbarlılıq məsələsi var. Biz onun mexanizmini bilmirik. Dünyanın bütün ölkələri distant təhsili tanıyır, biz tanımırıq. Düşünürəm ki, bu düzələcək. Ən azından “Ali təhsil haqqında” Qanun tanınandan sonra bu məsələ öz həllini tapacaq”.

Nigar Abdullayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi