Uşaqları öldürən məktəb və valideyn: - “Şagirdlər quldan da betər istismar olunurlar”
Ölkə mətbuatında tez-tez intihar hadisələri haqqında məlumatlara rast gəlinir.
Təəsssüf ki, bu məlumatların içərisində yeniyetmələrin, məktəblilərin də öz canına qıyması yer alır. Bu ilin yanvar ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsində, qəsəbə sakini 16 yaşlı Möminə Qəribli yaşadığı evdə özünü asaraq intihar edib. Mart ayının 2-də Xudat şəhərində 16 yaşlı məktəbli də yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.
Dünən isə paytaxtda yaşayan 15 yaşlı qız qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü yerə atıb. İlkin məlumata görə, Z.C qarşıda gözlənilən imtahandan az bal yığacağına, zəif nəticə göstərəcəyini ehtimal edərək stress keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir. Bu hadisə imtahan qorxusuyla baş verən ilk intihar deyil. Bundan əvvəl də, xüsusilə qəbul imtahanları ərəfəsində universitetə qəbul ola bilməyən, az bal yığan abituriyentlər çıxıç yolunu intiharda görüblər.
Məktəblilərin intiharında valideynlər, yoxsa pedaqoqlar günahkardır? Dia.az-ın məlumatına görə, təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya bildirib ki, təhsilin məqsədi şagirdləri ali məktəblərə hazırlamaq deyil:
“Azərbaycan dünyada yeganə ölkədir ki, Dövlət İmtahan Mərkəzi abituriyentlərin biliyinin qiymətləndirilməsi yox, onların ali və orta ixtisas məktəblərində təhsil almasına maneə törədən Böyük Çin səddidir. Birinci problem ailədir. Amma həmin problem də sistemdən qaynaqlanıb. Valideyn repetitora, kursa nə qədər pul verir və bu pulu çox çətinliklə qazanır. Bunu da hər gün uşağın başına çaxır, uşağı yükləyir. Maddi imkanı olan da ictimai qınaqdan uşağa təzyiq edir.
Ümumiyyətlə, biz fikirləşirik ki, ali təhsil alırsa, bu, insandır, ali təhsilsizdirsə, bu, ikinci dərəcəlidir. Cəmiyyətin bəlası budur. Uşaq birinci sinfə gedəndə valideyni təbrik edəndə deyirik ki, inşallah, ali məktəbə qəbul olsun.
Halbuki təhsilin məqsədi bu deyil. Təhsilin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, azərbaycançılıq və vətənpərvərlik ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünməyi bacaran şəxsiyyət və vətəndaş yetişdirməkdir. Biz valideynlər bunu düşünmürük. Ali məktəblərə qəbul olmayan uşaqların 100 faizi bir ay müddətində depressiyada olur, özünə qapanır, cəmiyyətin basqısından çölə çıxmağa utanır”.
Məktəblərdə psixoloji işin düzgün qurulmadığını deyən ekspert bu sahədə məktəblərin üzərinə böyük yük düşdüyünü deyib:
“İkinci problem məktəblərimizdədir. Uşaqlara izah etmək lazımdır ki, sən ilk növbədə vətəndaşsan, şəxsiyyət olaraq cəmiyyətin bir parçasısan. Ölkəmiz keçmiş SSRİ-də belə ali təhsil alanların sayına görə ən axırıncı yerdədir”.
Elşən Qafarov şagirdlərin valideynlər və müəllimlər tərəfindən çox yükləndiklərini vurğulayıb:
“Bizdə məktəbyaşlı, yeniyetmələr quldan da betər istismar olunurlar. Məktəbli səhər saat 7-nin yarısı yuxudan oyanır, məktəbə gedir, saat 2-dən kurslarda, repetitor yanında olur, 8-dən sonra da məktəbin və kursun tapşırıqlarını yerinə yetirir. Səhər 7-də oyanan şagird ən yaxşı halda gecə saat 1-də yatır. Bir uşaq gündəlik 18 saat istismar olunur. Nə uşaqlıq həyatı olur, nə də öz düşüncəsi. Beynində sadəcə ali məktəbə daxil olmaq var, çünki ona aşılanıb ki, ali məktəbə daxil olmasa, yararsız adam kimi qəbul edəcək. Nəticə olaraq, uşaqlar bütün bunları düşünərək psixoloji duruma düşüb intihar edirlər. Sabah gözəl ana-ata, vətəndaş olacaq şəxs cəmiyyətdə düzgün qurulmayan münasibətlərin qurbanı oldu. Bu hadisələr valideynlər üçün siqnaldır. Valideyn hər halda uşağa onun yanında olduğunu hiss etdirməlidir. “Mən səni öz oxumağın üçün kursa qoymuşam, əgər alınmırsa, sən yenə də övladımsan, ən yaxşı vətəndaşsan” deməlidir. Uşaqda inam hissini öncə valideyn, sonra məktəb yaratmalıdır. Məktəblərdə bu mövzuda seminarlar keçirilməlidir. Təəssüf olsun ki, bunların heç biri yoxdur”.
Mənbə:My Webpage