Deputat məktəblərdəki neqativ hadisələrin əsl səbəbini açıqladı: "Müəllimlər və məktəb rəhbərliyi..."
Son günlər Azərbaycan məktəblərində baş verən neqativ hadisələrin sayı durmadan artır. Müəllimin şagirdə göstərdiyi şiddət, şagirdlərin dərslərdə intizamsızlığı durmadan artır. Baş verən hadisələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır və hər kəs müxtəlif fikirlər səsləndirir. Məsələnin həlli üçün müxtəlif təkliflər səsləndirilir. Səsləndirilən təkliflərdən biri də orta məktəblərə işə qəbulda kişi müəllim az olan məktəblərə yalnız kişi müəllimlərin işə qəbulunu həyata keçirilməsi ilə bağlıdır. Bəs görəsən bu addım məsələnin həllində faydalı ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov cavablandırdı. O bildirdi ki, təhsildə yanaşmalara yenidən baxılmalıdır:
“Bir müddətdir ki, məktəblərdə baş verən neqativ hadisələrlə bağlı müxtəlif təklifləri, rəyləri və yanaşmaları izləyirəm. Açığı bunların bir çoxu ilə razı deyiləm. Kişi müəllimlərin azlığı, qadın müəllimlərin çoxluğu bu prosesdə heç bir ciddi rol oynamır. Hesab edirəm ki, biz təhsilimizə, şagird-müəllim, direktor-müəllim, məktəb-valideyn münasibətinə yenidən baxmalıyıq. Burada bir-biri ilə bağlı olan bir çox məsələlər var. İlk növbədə valideynlər öz övladlarına daha çox vaxt ayırmalı, onların təlim-tərbiyəsi ilə daha çox məşğul olmalıdır. Valideynlər öz övladlarına müəllimə hörmətlə yanaşmağı öyrətməlidir. Müəllim bizə elm, bilik öyrədən müqəddəs insandır. İndi bir şagird hansısa müəllimdən şikayət edirsə, valideyn o dəqiqə məktəbə hücum çəkir. Belə hallar oluğu zaman soyuqqanlı şəkildə dinləməli, təmkinlə araşdırma aparılmalıdır. Valideyn övladına düzgün istiqamət verməyi bacarmalıdır. Əgər ortada haqsızlıq, düzgün olmayan bir münasibət varsa, müəllim bunu məktəbin direktoru ilə danışa bilər. Valideynin məktəbə hücum etməsi, müəllimlə saçyolduya çıxması düzgün deyil. Əgər problem varsa, məsələ məktəb rəhbərliyi səviyyəsində qaldırıla bilər. Əgər şagird özünü yaxşı aparmırsa, dərsini oxumursa, müəllim şagirdi tənbeh etməsin? Burada söhbət tənbehdən gedir, zorakılıqdan, şiddətin tətbiqindən yox. Bu gün bir sıra hallarda şagird valideyninə düzgün olmayan məlumat verir. Valideyn hücum çəkir məktəbə və müəllimlə bu məsələni öz arasında həll etməyə çalışır. Bu, düzgün deyil. Valideynlər bilməlidir ki, nə qədər məktəbə müdaxilə etsələr, bir o qədər problem yaranacaq. Əlbəttə şiddət, zorakılıq yolverilməzdir. Bu hal varsa, valideyn əvvəlcə məktəb rəhbərliyi ilə danışmalı, Təhsil Nazirliyinə, daha sonra məhkəməyə müraciət edə bilər”.
Deputat bildirdi ki, neqativ halların aradan qaldırılması üçün direktorlar da öz məsuliyyətini dərk etməlidir:
“Direktorlar valideynlərlə daha sıx işləməlidir. Əvvəlki dövrlərdə valideyn iclasları var idi. İndi pandemiya ilə bağlı olaraq bu iclaslar keçirilmir. Əgər hansısa valideynin övladı dərs oxumursa və özünü yaxşı aparmırsa, o valideyn məktəbə çağırılmalı və fərdi qaydada söhbət edilməlidir. Direktorlar xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqətdə saxlamalıdır. Fikrimcə, məktəbdə ənənəvi rəhbərlik metodunu dəyişməliyik. Məktəb direktoru arada sinifləri gəzməli, şagirdlərlə, müəllimlərlə kontaktda olmalıdır. Bunu edən direktorlar var. Amma təəssüf ki, siniflərdən xəbərsiz direktorlar da var. Siniflər nəzarətdə olmalı, bu kimi məsələlərə həssas yanaşılmalıdır. Müəllimlər və məktəb rəhbərliyi dərk etməlidir ki, indiki şagirdlər əvvəlki şagirdlərlə eyni deyil. Əvvəl belə bir nəzəriyyə var idi ki, uşağı döymək, ağır cəzalandırmaq lazımdır. Artıq bu metodlar işləmir. Müəllim şagirdə öz övladı kimi yanaşmalıdır. Ona daha çox diqqət, qayğı göstərməlidir. Müəllim tərbiyə verən, öyrədəndir. Əgər müəllim görürsə ki, bir şagird özünü yaxşı aparmır, o, məktəb direktoruna, valideynə məlumat verməlidir. Bu mənada son yaşanan hadisələr kommunikasiyaların zəifliyindən irəli gəlir. Digər bir məsələ isə biz müəllim seçimində diqqətli olmalıyıq. Son illər müəllimlərin, direktorların işə qəbulunda şəfafflıq təmin olunur. Neqativ hallar xeyli azalıb. Lakin işə qəbul zamanı müəllimin, direktorun savadı, biliyi, məlumatı ilə yanaşı mütləq psixoloji vəziyyəti də nəzərə alınmalıdır. Direktor işləyən insanın təşkilatçılıq, kollektivlə işləmək qabiliyyəti olmalıdır. Kimsə imtahana çox bal yığa bilər. Amma bu o demək deyil ki, o şəxs kollektivlə işləməyi bacarır. Biz bəzi reallıqları mütləq nəzərə almalıyıq”.
Ceyhun Məmmədov qeyd etdi ki, son dövrlər kişi müəllimlərin təhsilə marağı azalıb:
“Burada maaş amilinin çox böyük rolu var. Baxmayaraq ki, müəllimlərin əmək haqqında artımlar var. Amma kişi müəllimlərin bu sahəyə marağının qorunması üçün addımlar atılmalıdır. Bu gün məktəblərdə, ali təhsil müəssisələrində daha çox qadın müəllimlərin say çoxluğunu müşahidə edirik. Bu məsələnin üzərində işləmək lazımdır. Kişi müəllimlər gənclərə nümunə göstərmək, istiqamət vermək baxımından çox önəmlidir. Bu gün kimlərsə əllərinə kamera alaraq xoşagəlməz halları videoya çəkib sosial şəbəkədə paylaşmağa çalışır. Bu düzgün deyil. Biz məktəbin müqəddəsliyini qorumalıyıq. Məktəbin işinə lazımsız yerə müdaxilə etməməliyik. Müəllimlərə qarşı aparılan təliğat, yayılan videolar, səsləndirilən fikirlər və ittihamlar yalnız müəllimin nüfuzdan düşməsinə xidmət edir. Qanunun aliliyi təmin olunmaqla, heç kimin hüququ pozulamadan, şiddət tətbiq edilmədən bu problemləri həll etməliyik. Əgər şiddət varsa, bunu hüquqi yolla, fikir mübadiləsi apararaq həll etməliyik. Belə məsələləri qarşıdurma müstəvisinə çevirməməliyik. Belə olan halda cəmiyyətin də intellektual səviyyəsi aşağı düşür”.