azia.az
azia.az

Əlillərin təhsil problemi - imkanlar və reallıq

11-12-2021, 10:54

Əlillərin təhsil problemi - imkanlar və reallıq
İnklüziv təhsil sisteminin effektivliyi üçün hansı addımlar atılmalıdır? Kamran Əsədov: “İnfrastrukturun olmadığı şəraitdə təhsillə bağlı proqramlar ciddi effekt verə bilməz...”
Hazırda dünyada 1 milyarddan çox insan əlillikdən əziyyət çəkir. Bu, dünya əhalisinin təxminən 15%-ni təşkil edir. 15 və daha yuxarı yaşda olan 190 milyona qədər insan (3,8%) xüsusi tibbi xidmətlərə ehtiyac duyur. Əlilliyi olan şəxslərin sayı sürətlə artır. Bu, qismən demoqrafik meyillər və xroniki xəstəliklərin artması ilə bağlıdır. Ümumiyyətlə isə əlillik anadangəlmə də ola bilər, sonradan qazanılmış da.

Əlilliyi olan şəxslər çoxsaylı hüquq pozuntuları ilə rastlaşırlar: zorakılıq, pis rəftar, qərəz və hörmətsizlik aktları və s. Müxtəlif maneələr, stiqmalar və ayrı-seçkiliklərlə üzləşirlər. Əlillik orta gəlirli ölkələrdə daha çox yayılıb, yoxsulluğu da nəzərə alsaq, əlilliyi olan insanlara dəstəyin artırılması inkişaf prioritetdir. 2006-cı ildə qəbul edilmiş BMT-nin “Əlillərin Hüquqları Konvensiyası”nın 25-ci maddəsi (CRPD) minimum standartlar müəyyən etməklə əlillərin mülki, siyasi, iqtisadi və sosial həyatdan bəhrələnə bilməsi üçün dövlətlərə öhdəlik tətbiq edən, hüquqi cəhətdən məcburi olan ilk beynəlxalq sənəddir. Konvensiya əlilliyi aydın bir şəkildə insan hüquqları məsələsi kimi tanıyır. Konvensiyanın yeni hüquqlar yaratmamasına baxmayaraq, bu sənəd əlil olan şəxslərə qarşı mülki həyat, ədalətə və təhsil hüququna çıxış imkanları, səhiyyə xidmətlərinə və nəqliyyata çıxış imkanları da daxil olmaqla, həyatın bütün sahələrində ayrı-seçkiliyi qadağan edir. Lakin reallıq ondan ibarətdir ki, az sayda ölkədə əlilliyi olan insanlara adekvat münasibət, keyfiyyətli xidmət göstərir. Məhz buna görə də qeyri-hökumət təşkilatları, ayrı-ayrı qurumlar, ictimai fəallar tez-tez əlillərin mərhəmətə ehtiyacı olan şəxslər kimi təqdim edilməsinin qarşısını almağa çalışırlar.

BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının Fakultativ Protokolu fiziki şəxslərin və şəxslər qruplarının hüquqlarının Protokolda iştirak edən tərəflər tərəfindən pozulduğuna dair şikayətlərini “CRPD” Komitəsinə təqdim etməsinə imkan verir.

Avropa Şurası “Əlilliyi olan insanların cəmiyyətdə tam iştirakını və hüquqlarını təşviq edən Fəaliyyət Planı:2006-2015-ci illərdə Avropada əlil insanların həyat keyfiyyətinin yaxşılaşdırılması” sənədi vasitəsi ilə üzv dövlətlər tərəfindən siyasi və ictimai həyatda iştiraka, təhsilə, sağlamlığa və ya maarifləndirmə işlərinə daxil olan sahələrdə xüsusi fəaliyyətlərin həyata keçirilməsini qarşıya məqsəd qoyub.

Təhsil sistemində əlillərin hüquqları ilə bağlı ayrı-seçkilik hər zaman görünüb. Onlar üçün ayrı məktəblər olub, mərkəzlər yaxud dərnəklər təşkil edilib. Zamanla bu yanaşmanın effekt vermədiyi ortaya çıxdı. Və nəticə olaraq da inklüziv təhsil sistemi yaradıldı. Əlil və əlil olmayan şagirdlərin birgə təhsil alması gələcəkdə yarana biləcək qərəzin, yaxud adekvat olmayan münasibətin qarşısını ala və ən əsası ümumilikdə əlil insanların cəmiyyətə inteqrasiyasına kömək edə bilər. Təbii ki, bunun üçün infrastruktur şərtləri uyğun olmalı və təhsil proqramları tələblərə cavab verməlidir.

Azərbaycanda əlilliyi olan şəxslərin təhsil imkanları ilə bağlı bir sıra problemlər mövcuddur. Təhsil müəssisələrində pandusların olmaması, əqli cəhətdən əlilliyi olan şəxslər üçün tədris materiallarının çatışmazlığı və s. Əlillərin təhsil imkanlarını artırmaq üçün Prezident İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə əlilliyi olan 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Təhsil Nazirliyinin brifinqini müzakirə edirik - Təhsil eksperti Kamran Əsədov CANLI YAYIMDA ​ - YouTube

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a mövzu ilə bağlı şərh verərkən bildirdi ki, sağlamlıq imkanları məhdud insanların təhsili məsələsində nəzərdə saxlanılmalı əsas amillərdən biri əlilliyin növü ilə bağlıdır. Belə ki, əqli cəhətdən geriliyi olan fərdlə fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan fərdin təhsil imkanları birbirindən müəyyən dərəcədə fərqlənir: “Əlil arabasından istifadə edən şagird yaxud tələbə təhsil ala bilsə də, əqli əlilliyi olan şəxslər üçün bu, mümkün deyil. Digər kateqoriya əlilliyi olan şəxslərin də təhsil almaq imkanı demək olar ki, yoxdur. Məhz buna görə də, bu qəbildən olanlar xüsusi təhsil müəssisələrində təhsil alırlar. Müstəqilliyin əldə olunduğu dövrdən sonra Azərbaycanda əlil uşaqların bütün təhsil pillələri üzrə maneəsiz təhsil ala bilməsi üçün müxtəlif addımlar atılıb. 2019-2020-ci illərin statistikasına görə, ölkədə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5496 xüsusi məktəb və internat məktəbi var. Hazırda Azərbaycanda 60 mindən çox əlil uşaq var ki, onların yalnız 12 minə yaxını təhsilə cəlb olunur və beləliklə böyük əksəriyyəti təhsildən kənarda qalır. Bir sıra problem inklüziv cəmiyyətin yaranmasına və ümumiyyətlə təhsilli əhalinin yetişməsinə ciddi əngəllər törədir. Başlıca problem ölkəmizdə inklüziv təhsil sisteminin mövcud olmamasıdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının Fəaliyyət Planında yaxın gələcəkdə (2015-2023) məktəbəqədər və ümumi təhsil müəssisələrinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulsa da, bu proqram hələ ki, pilot layihəsi səviyyəsindədir”.

Ekspertin fikrincə, uğurlu olacağı təqdirdə, bu proqram əlil uşaqların həyatında ciddi irəliləyişlərə səbəb ola biləcək. K.Əsədov bu proqramın uğurlu icrasını şərtləndirən amillərdən birinin nəqliyyat infrastrukturu ilə bağlı olduğunu qeyd etdi: “İnfrastrukturun olmadığı şəraitdə təhsillə bağlı proqramlar heç bir ciddi effekt verə bilməz. Hazırkı nəqliyyat strukturu - küçələrin, yolların quruluşu əlil şəxslərin müstəqil hərəkətinə ciddi maneələr törədir. Hətta dövlət qurumları, təhsil müəssisələri və şirkətlərin bir çoxunun binası, həmçinin tələbə yataqxanaları da bu mənada geri qalırlar. Buna görə də İSİM olaraq infrastrukturun yenilənməsi və dəyişdirilməsini təklif edir, bu istiqamətdə büdcədən yeni vəsaitlərin ayrılmasının lazım olduğunu hesab edirik. Digər bir ciddi problem isə ali təhsil müəssisələrinə qəbul imtahanı və orada təhsil alan əlil tələbələrlə bağlıdır. Tələbə qəbulu imtahanının təşkili zamanı bu məsələyə diqqət ayrılmır. Qonşu Türkiyənin və inkişaf etmiş Britaniyanın bu sahədəki işi ölkəmiz üçün nümunə sayıla bilər. Hər iki ölkədə əlil şəxslərə əlavə imtahan müddəti verilməklə yanaşı, onlar ehtiyaclarına uyğun imtahan materialları ilə də təmin edilirlər. Ali təhsil müəssisəsinə qəbul olan tələbə isə nə dövlət, nə də universitetdən heç bir maddi dəstək almır. Belə dəstəyin olmaması qaçılmaz olaraq aşağı təminatlı ailələrdən gələn tələbələrin yolunu bağlayır. Təhsil haqqından başqa təhsillə bağlı dəstəkləyici texnoloji avadanlıqların da alınmasını vacib hesab etsək, o zaman tələbənin nə qədər maddi çətinlik çəkdiyini başa düşə bilərik. Britaniyada 12 milyon sağlamlıq imkanları məhdud insan yaşayır ki, bunun da 43%-i yaşlı əhali qrupuna, 16%-i əmək qabiliyyətini cavan yaşlarında itirmiş əhalinin payına düşür. 2015-ci ildə Təhsil Departamentinin açıqladığı məlumata görə, ölkədəki şagirdlərin təxminən 18%-i bu və ya digər formada əlillikdən əziyyət çəkir. Güclü təhsil sistemi ilə ad çıxarmağına baxmayaraq, Britaniyada da əlilliyi olan şəxslərin nəzərə çarpacaq dərəcədə qismi ya yalnız orta məktəb təhsilinə sahibdirlər, ya da heç bir təhsilləri yoxdur. Aparılan araşdırmalara görə, əlillərin təxminən 30%-i heç bir təhsil dərəcəsinə sahib deyil”.

Türkiyə əhalisinin(təxminən 70 milyon) 12,5%-i, yaxud 8 milyon 500 mini əlil şəxs sayılır. Bunlardan 1 milyon 100 mini 4-18 yaş arası uşaq və yeniyetmələrdir. 2014-2015-ci illərin hesabatına əsasən, ölkədə sağlamlıq imkanları məhdud 259 min 282 uşaq və şagird (160.866-sı oğlan) təhsil alıb. Bunlardan 160 mindən çoxu inklüziv təhsilə cəlb olunub. Bu ilin son statistikasına əsasən, Bakı şəhəri üzrə isə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib.

Nigar HƏSƏNLİ,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi