11 saylı ərazi hesablaşma maliyə idarəsində BÖYÜK YEYİNTİ... — 250-dən çox maaş kartı yoxlanılsın...
Torpaqlarımızın düşmən tapdağından azad olunması üçün başladılan müharibə 44 günə başa çatsa da illərdir ən üst səviyyədə rüşvət və korrupsiyaya qarşı savaş aparılmasına baxmayaraq bu müharibə bitmək bilmir. Bir çox iri ranqlı məmurlar qara maskalıların müşayəti ilə rahat kabinetlərindən barmaqlıqlar arxasına göndərilsə də hələ də onların aqibətindən nəticə çıxarmayan vəzifə mənsubları çoxdur. Xüsusilə əyalətlərdə özünü gözdən uzaq könüldən iraq sayaraq istədiyini edən səlahiyyətlilər dövlət büdcəsinə qarşı əsl savaş aparırlar.
Rubrika.az saytına 11 saylı ərazi hesablaşma maliyə idarəsinin müdiri Natiq Misirov barəsində olduqca ilginc məlumatlar daxil olub. Özünü bütün qanunlardan üstün sayan, külli-ixtiyar sahibi kimi aparan N.Misirov rəhbərlik etdiyi dövlət təşkilatını özəl şirkəti kimi idarə edir.
Ümumiyyətlə Natiq Misirovun dövlətə,xalqa ”xidməti”nin tarixi kökləri çox zəngindir. Xidmət demişkən aldığımız məlumatlara görə, cənab Misirov heç hərbi xidmətdə də olmayıb. Hansı yollarlasa hərbi xidmətdən yayınan bir şəxs bu gün maliyyə hesablaşma mərkəzinə rəhbərlik edir.
Məhz onun rəhbərliyi altında Təhsil nazirliyinin məktəblərin maddi-texniki bazasının zənginləşdirilməsi üçün verdiyi bütün inventarlar direktorlara pulla satılır. Direktorlar 11 saylı ƏMHM-nə gedəndə sanki məhşərə gedirlərmiş kimi davranırlar. Çünki burada salamı da pulla alırlar desək yanılmarıq.
Camaatın bir iş yeri tapmaq üçün dəridən-qabıqdan çıxdığı zamanda N.Misirovun cibindən birdən-birə 250 maaş kartı çıxır. Rəhbərlik etdiyi 4 rayon üzrə mühasiblərinin vasitəsi ilə 250-dən çox texniki işçinin maaş kartını dədə malı kimi özününküləşdirib və hər ay pullarını mənimsəyir. Təsəvvür edin bu nə qədər insanın çörəyinə dəyməkdirsə, bir o qədər də dövlət büdcəsinə zərbə vurmaqdır. Məlumatlara görə, məktəblərin əksəriyyətində bütün laborantları xadimə kimi əmrləşdirməyi göstəriş verib və bu yolla külli miqdarda maliyə saxtakarlığına imza atır. Prezidentin işsizliyin aradan qaldırılması üçün ən müxtəlif formalarda tədbirlər gördüyü bir zamanda N.Misirovun bu əməli bir başa dövlət başçısına qarşı sabotaj hesab oluna bilər.
N.Misirov rəhbərlik etdiyi idarənin adını bir parça lövhəyə yazdırıb qapıya asdırmağı belə özünə rəva bilmir. Çünki o buranı dövlətin yox, özünün şəxsi kontoru hesab edir. Buna baxmayaraq sürdüyü 250 minlik maşının seriya nömrəsinə özünün ad və soyadının baş hərflərini yazdırmağı unutmur.
N.Misirov özünə yaxın sandığı adamları ətrafına toplamaqla əməlli-başlı klan formalaşdırmağa müvəffəq olub. İşə götürülən şəxsin təhsilli-olub olmamasının əhəmiyyəti yoxdur-əsas olan Misirovun kriteriyalarına cavab verməsidir.
Saytımıza verilən məlumatlarda N.Misirovun yüksək səviyyədə himayə olunması vurğulanır. Əks təqdirdə onun bu qədər dövlət qanunlarını heçə sanması, öz bildiyini etməsi mümkünsüzdür. Natiq Misirov və komandasının əməlləri dərindən araşdırılsa daha çox faktlar ortaya çıxar. Yəqin ki, əlaqədar dövlət qurumları bunu tezliklə reallaşdıracaqlar.
Rubrika.Az