azia.az
azia.az

Vyana görüşünə atılan güllə və ya Əlləzin qatil(lər)i

27-03-2019, 08:46


Cəbhədən növbəti qara xəbər gəldi. Martın 26-da axşam saatlarında Müdafiə Nazirliyi işğal altındakı Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlunun şəhid olduğu haqda məlumat yaydı. Düşmən yenə də ənənəsinə sadiq qaldı, təxribatlara əl atdı. Şübhəsiz ki, bunun cavabı qat-qat artıq verilməlidir və veriləcək!

Ötən il Düşənbədə əldə olunan razılaşmadan sonra cəbhə xəttində və təmas xətti boyunca sakitlik hökm sürürdü. Hətta baş nazir Nikol Paşinyan da etiraf etmişdi ki, Qarabağ probleminin ilk günlərindən bəri ilk uzunmüddətli sakitlik əldə olunub cəbhədə. Amma yenə də razılaşmanı pozan ermənilər oldu, tarix boyu olduğuğu kimi!
Vyana görüşünə atılan güllə və ya Əlləzin qatil(lər)i
Alçaqlığın dərəcəsinə baxın, təmas xəttində təxribat törədiblər, Azərbaycan ərazisindən öz torpağını qoruyan əsgərimizi qətlə yetiriblər və dərhal da “Ermənistan-Azərbaycan sərhədində insident: Azərbaycan ordusu erməni mövqelərinə atəş açdı” başlığı ilə xəbərlər yayıblar! Heç şübhəsiz bu xəbəri dərhal həmsədr ölkələrə, beynəlxalq təşkilatlara da göndəriblər, “ay haray, Azərbaycan ordusu başımıza güllə yağdırır” qrifi ilə. Köhnə metoddur. Adətən, Ermənistan buna bənzər xəbər yayanda ardınca hansısa təxribata əl atır. Sadəcə qabaqlayıcı tədbir görür, “bax, günahkar biz deyilik, sadəcə Azərbaycana cavab verdik” iddiasını ortaya qoymaqdan ötrüdür bu fitnə-fəsadın kökündə duran.

Ermənistan saytlarının manşetlərində bu xəbəri görən kimi “dalağım sancdı”. Qeyri-iş günü olsa da, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərliyi ilə əlaqə saxladım. Düşmənin iftira yaydığı bəlli idi. Heç bir saat keçmədi ki, Nazirlik şəhidimizlə bağlı xəbəri yaydı və Ermənistan mətbuatının Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə yaydığı xəbəri qarşı tərəfin növbəti təxribatı adlandırdı.

Son vaxtlar Ermənistanda gərginlik hökm sürməkdədir. Bir tərəfdən it günündə yaşayan əhalinin ayrı-ayrı zümrələri lokal aksiyalar keçirib Paşinyanın qarşısında tələblər qoyur, digər tərəfdən hökumət ora-bura vurnuxsa da, uğura nail ola bilmir. Nə İran real olaraq köməyə gəlir, nə Avropa, nə də Amerika. Rusiya da onu eşitməyən hökuməti xilas etmək niyyətində deyil.

Heç şübhəsiz, Mehridəki hərbi hissədə baş verən qiyam da elə-belə hadisə deyil. Serj Sərkisyanın hakimiyyətdən devrilməsinin əsası elə İrəvandakı polis alayının ələ keçirilməsindən sonra qoyulmamışdımı? O gündən mövqeləri zəifləməyə başladı. Bu mənada Nikol Paşinyanın durumu kifayət qədər kritikdir. Amma o, özünü xilas edə bilər: Qarabağ məsələsində konstruktiv mövqedən çıxış edərsə... Regionun aparıcı dövləti olan Azərbaycanla normal münasibətlər qurması isə torpaqların azadlığından keçir!

Ötən həftə Paşinyan özünün Azərbaycan ictimaiyyətinə deyəsi “çox şey” olduğu və belə bir imkan arzuladığını bildirmişdi. Onu da demişdi ki, “20 ildən çoxdur bir-birimizə söyürük”. Kifayət qədər konstruktiv görünməyə çalışmışdı. Amma ardınca nə oldu? Yenə də başladı ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlara getməlidir, daha nələr...

Deməli, Əlləz qardaşımızın qatili həm də Paşinyandır! Özü də əsgərimiz Vyanada keçiriləcək Qarabağ danışıqları ərəfəsində vuruldu. Bu da təsadüf ola bilməz. Martın 29-da Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə görüşəcəklər. Və belə bir məqamda təmas xəttində vəziyyət gərginləşir...2016-cı ilin aprel döyüşləri də bənzər situasiyada başlamışdı. O zaman Azərbaycan və Ermənistan prezidentlərinin Nyu-Yorkda görüşü planlaşdırılırdı...

Düşünmək olar ki, Füzuli istiqamətindəki təxribatda üçüncü qüvvənin əli var. Burada “Qarabağ klanı”nın üzvü olanlar da rol oynaya bilər. Hər halda Serj Sərkisyanın bir gün əvvəl “xortlayıb” partiyadaşları ilə birgə ortaya çıxması da Paşinyana güc nümayişi sayıla bilər. Eyni zamanda Sərkisyanın ordu daxilində dayaqlarının olması da faktdır. Onlar hər an vəziyyəti gərginləşdirməklə bağlı komanda ala bilər.

Ancaq əgər bu, belədirsə, onda buyursun, Nikol Paşinyan Azərbaycan əsgərini qətlə yetirən hərbçilərlə bağlı ölçü götürsün. Onda bilərik ki, bu, Vyanaya sülh üçün gedir, doğrudan da bölgədə sakitliyin olmasını istəyir, Azərbaycanla normal münasibətlər tərəfdarıdır. Ancaq susacaqsa, deməli, bundan sonra Paşinyanı da əli qana bulaşan şəxs statusunda tanımalıyıq. Necə ki, Əlləz qardaşımızın qanına bulaşdı əlləri. Bu hadisədən sonra onunla danışıq aparmağın belə faydası qalmır.

Ardıcıllığa baxın: Qarabağdakı “canişin” Anjey Kasprşik əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan, sonra isə baş nazir Paşinyanla görüşür. Və bu görüşün necə səmimi atmosferdə keçirildiyi fotolardan da aydın görünür. Ardınca İrəvanda Ermənistan Müdafiə Nazirliyi və “dqr”ın “silahlı qüvvələri”nin birgə toplantısı keçirilir. Elə həmin günün axşamı Nikol Paşinyan Ermənistanda ordusunun rəhbərliyi ilə qapalı müzakirələr aparır. Bu müzakirələrdə baş nazirin erməni ordusuna müharibəyə hazırlaşmaq tapşırığı verdiyini isə elə erməni mediası yazmışdı. Mümkündür ki, Paşinyan Vyanaya “üstün mövqedə” getməyi hədəfləyib. Əsgərimizə açılan güllənin səbəbi bu da ola bilər.

Bu arada Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın bir günlük itməsi və sorağının Moskvadan - Lavrovun kabinetindən gəlməsi xəbəri də düşündürücüdür. Bir həftə əvvəl onlar telefonla danışmışdılar, iki erməni nazirin görüşü hansı zərurətdən yarandı? Yəqin ki, Vyana görüşü ərəfəsində təlimatlar alıb Ermənistan XİN başçısı. Bu ayın əvvəlində ermənilərə qapılarını taybatay açmadığına görə (!) Azərbaycana etiraz bəyanatı göndərən Rusiya XİN-dən yaxşı nə isə gözləməyə dəyərmi?

Avstriya görüşünü hazırlayan həmsədrlərsə yatıblar. Daha doğrusu, özlərini yuxuya getmiş kimi göstərirlər. Paşinyan Mehridə qiyam qaldıran əsgərləri Qarabağa “sürgün”ə göndərəndə də lal, kar, kor oldular. Azərbaycan əsgəri öldürülüb, yenə də susurlar. Onlar da məsuliyyət daşıyır Əlləzin ölümünə görə...Parisdə xalqları sülhə hazırlamaqla bağlı razılaşma əldə etdiklərini deyən həmsədrlər indi cavab versinlər Əlləzin atasına! Bu şəkildə hazırlanan sülh vasitəçilərin başına dəysin!

Ümumilikdə isə əsgər qardaşımıza atılan güllə elə Vyana görüşünə atılmış sayılmalıdır.

Allah şəhid qardaşımızı rəhmət eləsin!

Elşad PAŞASOY,
Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi