“Azdrama”nın direktoru tanınmış naşirin tənqidinə dözmədi: “Qorxaq da odur, iradəsiz də”
4 ilə yaxındır Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunur.
Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Tamaşanın premyerasından bugünədək səhnə əsəri haqqında, xüsusilə, Müşfiq obrazının təqdim edilməsi barədə səslənən fikirlər birmənalı olmayıb. Dünən Mikayıl Müşfiqin doğum günü münasibətilə nümayiş olunan tamaşada iştirak edən “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu öz feysbuk hesabında tamaşada Müşfiq obrazının olduğu kimi təqdim olunmadığını yazıb:
“Dünən Müşfiqin 110 illiyinə həsr olunmuş "Ah, bu uzun sevda yolu" tamaşasına baxdım. Tamaşanın quruluşçu rejissoru Azər Paşa Nemətovdur. Teatrın bədii rəhbəri isə Azər Paşa Zəfəroğludur. İnanın ki, bunlar iki fərqli insanlardır. Tamaşadan sonra aktyorlardan "necə oldu?" soruşanlara "yaxşı oldu" dedim. Məncə, aktyorlar yeganə peşə sahibləridir ki, onlara yalan danışmaq olar. Amma onları səhnədə insafsızcasına istismar etmək olmaz. Həm də səhnə aktyorun oksigenidir, onunla manipulyasiya edilməz. Bizim bir romantik şairimiz var, nakam şairi gənckən sistem güllələdi. Amma Azər Paşaya görə, Müşfiq Lenini, Stalini tərənnüm etdiyi üçün güllələnib. Müşfiq qorxaq və iradəsiz olub. Təzyiqlərin qarşısında dözməyib, sınıb. Gecə- gündüz ağlayıb, sızlayıb, mərhəmət umub, sona qədər naivcəsinə inanıb ki, partiya onu xilas edəcək...”
Tanınmış naşir aktyorların səhnə geyimini evlərindən gətirdiyini iddia edərək, dekorasiyanın da düzgün qurulmadığını bildirib:
“Nə bir dekorasiya işi, nə də geyim. Aktyorlar gündəlik paltarları ilə səhnəyə çıxırlar. Kompozisiya boyu Dilbər Axundzadə 3 dəfə paltar dəyişir, Müşfiq iki dəfə. Hər ikisini də, məncə, oyunçular evlərindən gətiriblər. Dekorasiya kimi dəxli olmayan budaqlar və qapılar quraşırılıb, səhnə fırlansa da, mənzərə dəyişmir. Aktyorlar səhnənin dərinliyində nə danışırlar eşidilmir, çünki səhnəyə səsötürücü qoyulmayıb. Əsərin ən komik nöqtəsi Prezidentin iki il əvvəl Müşfiqin 110 illiyi ilə bağlı imzaladığı fərmanın oxunması oldu. Yaltaqlığın unikal nümunəsi hesab edərək onu səsləndirmək güman ki, Azər Paşanı xilas etməyəcək”.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov yazılanları özlərinə qarşı haqsızlıq hesab edib:
“Mənim üçün heç kəs heç bir söz deyə bilməz. Belə söhbətlər mənə lazım deyil. O ağılsız, gic-gic sözlərdən ötrü mən cavab verməliyəm?! Kimin ağlına nə gəldi yazır, mən ona cavab verməliyəm?! Bizdə hər adamın kostyumu ayrıca tikilir, heç vaxt heç kəsə verilmir, həmişə təmiz və səliqəli saxlanılır. Elə şey olar? Bu, dövlət idarəsidir, uşaq-muşaq idarəsi deyil. Haqsızlıq, ədalətsizlik, vedrə bağlamaq, insanın arxasınca danışmaq, belə şey olar? Bilmədikləri şeydən danışmasınlar”.
Teatr direktoru Şahbaz Xuduoğlunu bilmədiyi məsələlərdən yazmaqda günahlandırıb:
“Deyirsiniz ki, naşirdir. Getsin kitabları ilə məşğul olsun, bir az savadlansın. Olmayan şeyi niyə, necə yazmaq olar? Qorxaq da odur, iradəsiz də. Müşfiqi biz orada kişi kimi göstərmişik”.