azia.az
azia.az

"Ölülər" yenidən səhnəyə qayıtdı

12-06-2016, 08:38

"Ölülər" yenidən səhnəyə qayıtdı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yenidən nümayiş olunub.

Gün.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənət ocağı çoxsaylı teatrsevərlərin müraciətini nəzərə alaraq səhnə əsərini növbəti dəfə tamaşaçılara təqdim edib.

Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb.

Bu dəfə “Ölülər”in Şeyx Nəsrullahı Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətov olub.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında xüsusi çalarlarla açılıb.

Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə biliblər.

Bir sıra xarici qonaqların da qatıldığı tamaşa qəlbləri fəth edib, teatrsevərlərin gurultulu və sürəkli alqışları ilə qarşılanıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa teatrın direktoru, Xalq Artisti Azərpaşa Nemətin quruluşunda səhnələşdirilib.

Özünəməxsus formada nümayiş olunan tamaşada görkəmli bəstəkar, SSRİ Xalq Artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.

Elmi məsləhətçisi akademik İsa Həbibbəyli olan səhnə əsərində digər obrazları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, aktyorlar Canəli Canalıyev, Xədicə Novruzlu, Rada Nəsibova, Adil Dəmirov və başqaları məharətlə canlandırıb.

Tamaşada rəsmlərin quruluşu da Azərpaşa Nemətə məxsusdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi