azia.az
azia.az

Prokurorluq orqanlarının 2015-ci ildə fəaliyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib

5-02-2016, 18:48

Prokurorluq orqanlarının 2015-ci ildə fəaliyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 2015-ci ildə dünyada mövcud olan siyasi, iqtisadi və maliyyə böhranlarına baxmayaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb. 2015-ci ildə ölkədə 54,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilməsi, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcminin artaraq 5703 manata çatması, 84 min daimi olmaqla 100 mindən çox yeni iş yerlərinin yaradılması, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləğinin 2015-ci il dekabrın 1-nə 7,1 milyard manat təşkil etməsi, 2014-cü illə müqayisədə əhalinin gəlirlərinin nominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata çatması xüsusi vurğulanıb. Təsadüfi deyil ki, Ümumdünya Davos İqtisadi Forumunun hesabatlarına görə ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri sırasında 40-cı yerdə qərarlaşıb.
Azərbaycan Respublikasının BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi, bir müddət öncə ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi, eləcə də 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi, paytaxtımızın cari ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna və 2017-ci ildə daha bir möhtəşəm tədbirə - İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi ölkəmizdə həyata keçirilən xarici siyasətin dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilməsinin bariz nümunəsi və müstəqillik illərində əldə etdiyi ən böyük nailiyyətlərdəndir.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəmərlərinin istifadəyə verilməsi, dünyanın nəhəng enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə, regionda Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirməkdədir.
2015-ci ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin – Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərin nəticələrinin xalqla dövlətin vəhdətinin və birliyinin əyani təsdiqi və bariz nümunəsi olmasını diqqətə çatdıran Baş prokuror, demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq keçirilmiş parlament seçkilərində xalqımızın yekdilliklə ölkədə mövcud əmin amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, hərtərəfli inkişaf dinamikasının sürətlənməsinə, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl olaraq qorunmasına səs verdiyini bildirib.
Xüsusi vurğulanıb ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görülüb.
Hesabat məruzəsində qeyd edilib ki, 2015-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə Dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.
Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi, peşə bayramı ərəfəsində cənab İlham Əliyevin Sərəncamları ilə qanunçuluğun təmin edilməsində, ağır cinayətlərin açılması və istintaqının aparılmasında, məhkəmələrdə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə prokurorluq orqanlarının 25 əməkdaşının “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları kimi yüksək dövlət mükafatları ilə təltif edilməsi və 4 əməkdaşa ali xüsusi rütbələrin verilməsi diqqətə çatdırılıb.
Bundan başqa, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla aparılıb, o cümlədən “Günəşli” neft-qaz platformasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı, Binəqədi rayonu ərazisində yaşayış binasındakı yanğınla əlaqədar, habelə Qəbələ rayonu ərazisində özünü radikal dini cərəyanın əmiri elan etmiş Nurəddin Xəlilovun rəhbərliyi ilə 17 nəfərdən ibarət silahlı bandanın çoxsaylı cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə intensiv istintaq hərəkətləri həyata keçirilib.
Ölkəmizdə sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin formalaşması məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasının xüsusi əhəmiyyətini vurğulayan Baş prokuror bildirib ki, dövlət başçısı tərəfindən imzalanmış sənədin qəbul edilməsində məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana təkrar şikayətlərin verilməsinə imkan yaratmaqdır.
Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.
Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi, vətəndaşların yaşayış yerlərində qəbulunun prosedurları hazırlanaraq təcrübədə səmərəli tətbiqi həyata keçirilib. Eyni zamanda, bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla, tələb edilib ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.
Bildirilib ki, hesabat ilində prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasına ölkəmizin nümayəndəsinin sədrliyi ilə əlaqədar həmin qurumla əlaqələr daha da genişlənib. Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla üzvlərin sayı 65-ə çatıb, həmçinin qarşılıqlı əməkdaşlığa öz müsbət təsirini göstərəcək “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğu arasında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq Komitəsi arasında əməkdaşlıq haqqında” Sazişlər imzalanıb.
Kollegiya iclasında prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə konkret tapşırıqlar verilib.
Görülmüş müsbət işlərlə yanaşı qeyd edilməlidir ki, Baş Prokurorluğa hesabat ilində vətəndaşlardan qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd hadisələrinə görə başlanmış işlərin istintaqının qeyri-obyektiv aparılması, cinayətin törədilməsində iştirak etmiş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaması və təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif olunmaması barədə xeyli sayda şikayətlər daxil olub. Aparılmış araşdırmalar göstərir ki, cinayət işlərinin istintaqının ilkin mərhələsində zəruri təxirəsalınmaz hərəkətlərin keyfiyyətli yerinə yetirilməməsi, texniki vasitələrdən səmərəli istifadə olunmaması, müstəntiqlər və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən prinsipiallıq göstərilməməsi vətəndaşların bu xarakterli şikayətlər etmələrinə səbəb olub. Bir sıra hallarda yalnız Baş Prokurorluğun müdaxiləsindən sonra cinayət işlərinin istintaqı zamanı yol verilmiş nöqsanlar aradan qaldırılmaqla, müraciətlərdə göstərilən vəsatətlər təmin edilib.
Bildirilib ki, prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2015-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb. 2014-cü illə müqayisədə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Baş Prokurorluğun müvafiq qurumları və əlaqədar tabe prokurorlara tapşırıq verilib ki, hesabat ilinin nəticələrinə görə bağlı qalmış 9 belə cinayətin, o cümlədən Bakı şəhərinin Yasamal və Qaradağ, eləcə də Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Beyləqan, Quba və Şəmkir rayonlarının hər birində 1 fakt olmaqla açılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilsin.
Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.
Bildirilib ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 656 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 58 faizini təşkil etməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.
Tədbirdə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov və digər natiqlərin çıxışlarında 2015-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.
Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi