Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat əlavə edib ki, Vətən müharibəsinin əhəmiyyəti bununla da bitmir: “44 günlük savaş müasir hərb tarixində yeni texnologiyaların, kəşfiyyat-müşahidə imkanlarının, pilotsuz uçuş aparatlarının, dəqiq zərbə vasitələrinin və müxtəlif qoşun növlərinin vahid əməliyyat konsepsiyasında sinxronlaşdırılmasının yaratdığı imkanları nümayiş etdirən mühüm nümunəyə çevrildi. CSIS və IISS kimi beynəlxalq hərbi-analitik mərkəzlər müharibədən sonra məhz bu aspektləri geniş şəkildə araşdırmağa başladılar”.
K. Bayramov hesab edir ki, burada Azərbaycanın üstünlüyü yalnız texnologiyaya malik olmaqdan ibarət deyildi: “Əsas məsələ texnologiyanın düzgün hərbi düşüncə, peşəkar ordu, kəşfiyyat, hədəfləmə və əməliyyat planlaşdırılması ilə bir sistem halında tətbiq edilməsində idi. IISS-in təhlillərində də vurğulanır ki, PUA-ların 2020-ci ildə əvvəlki dövrlərdən fərqli olaraq daha geniş və əlaqələndirilmiş əməliyyat planının tərkibində istifadəsi xüsusi əhəmiyyət daşıyırdı.
Məhz buna görə Qarabağ müharibəsi dünyanın hərbi məktəbləri, müdafiə analitikləri və strateji planlaşdırma mərkəzləri üçün öyrənilən nümunələrdən birinə çevrildi. Müasir döyüş meydanında texnologiyanın özü deyil, onun düzgün taktika və strategiya ilə birləşdirilməsi həlledici əhəmiyyət daşıyır. Azərbaycan Ordusunun 44 gündə nümayiş etdirdiyi bu sinxronluq müasir müharibənin xarakterinin necə dəyişdiyini göstərən mühüm nümunələrdən biri kimi təhlil edildi”.
O həmçinin əlavə edib ki, beləliklə, 27 Sentyabr yalnız Azərbaycanın hərbi Zəfərinin deyil, yeni Azərbaycan reallığının başlanğıc nöqtəsinə çevrildi: “2020-ci ilin nəticələri Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını, nəqliyyat-kommunikasiya imkanlarını və regional güc balansını dəyişdirdi. Azərbaycan artıq əvvəlki geosiyasi çərçivəyə sığmayan, öz hərbi və siyasi iradəsini nümayiş etdirən, regional proseslərin formalaşmasına təsir göstərən dövlət kimi çıxış etməyə başladı”.
Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bərpa etməsi isə 2020-ci ildə başlanan tarixi prosesin növbəti mərhələsini tamamladı. “Ərazi bütövlüyündən tam suverenliyə uzanan yol Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Bununla separatizm və işğal üzərində qurulmuş uzunmüddətli status-kvo aradan qalxdı və regionun gələcəyi üçün yeni imkanlar yarandı.
Bu gün həmin imkanların ən mühüm istiqamətlərindən biri müharibə meydanından əməkdaşlıq meydanına keçiddir. Azərbaycan Zəfərdən sonra yalnız təhlükəsizlik məsələlərində deyil, regional sülh, nəqliyyat, enerji, ticarət və kommunikasiya layihələrində də fəal rol oynayır. Bir vaxtlar münaqişə xəttinin bölüşdürdüyü coğrafiyanın tədricən əlaqələndirici məkanlara çevrilməsi Azərbaycanın yaratdığı yeni reallığın ən mühüm nəticələrindən biridir”.
Deputat onu da qeyd edib ki. Azərbaycanın dəyişən rolu Cənubi Qafqazla da məhdudlaşmır: “Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən coğrafi mövqeyi, enerji və nəqliyyat imkanları, regional diplomatik təşəbbüsləri Bakını daha geniş Avrasiya məkanında mühüm aktorlardan birinə çevirib. Bu baxımdan 2020-ci il Zəfəri yalnız keçmişin hesabının bağlanması deyil, gələcəyin geosiyasi imkanlarının açılması idi.
27 Sentyabrın əsl mahiyyəti də məhz bundadır: Azərbaycan 44 gün ərzində təkcə torpaq azad etmədi, o cümlədən özünün gücünü, iradəsini və dövlətçilik modelini dünyaya nümayiş etdirdi. Şəhidlərimizin qanı ilə yazılan Zəfər Azərbaycan Ordusunun rəşadətini tarixə həkk etdi, dövlətin siyasi çəkisini artırdı və regionda yeni reallıqlar yaratdı.
Bu gün 27 Sentyabrda biz həm şəhidlərimizin qarşısında baş əyir, həm də həmin böyük Zəfərin yaratdığı tarixi nəticələri dərk edirik. Dəmir yumruq işğala son qoydu, Zəfər yeni reallıq yaratdı, yeni reallıq isə əməkdaşlıq üçün qapılar açdı.
27 Sentyabr bu baxımdan Azərbaycan tarixinin yalnız bir müharibə günü deyil, yeni eranın başlanğıcıdır”.
Mürtəza

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı - Tam mətn
